Dolların ucuzlaşmasının SƏBƏBİ - Ekspert AÇIQLADI
Bizi izləyin

Pul

Dolların ucuzlaşmasının SƏBƏBİ - Ekspert AÇIQLADI

“Avronun ABŞ dollarına nəzərən möhkəmlənməsi həm Amerika valyutasının özünün dəyərinin möhləmlənməsinin dayanması, hətta nisbətən yumşalmağa başlaması, həm də avrozona ölkələrində iqtisadi artımı ilə bağlıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında son vaxtlar dünya bazarında avronun dollara nisbətən məzənnəsinin yüksəlməsini şərh edən iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, bu il ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bir neçə dəfə faiz artımına getsə də, dollar o qədər də bahalaşmadı: “Bu da avronun məzənnəsinə dolayı yolla təsir edib. İstənilən valyutanın möhkəmlənməsi həmin ölkənin ixracını məhdudlaşdırır. Çünki bu möhkəmlənmə həmin ölkənin ixrac etdiyi məhsulların satış qiymətini də artırmış olur. 2004-cü ilin iyun ayından - neftin dünya bazarında qiymətinin aşağı düşməsindən sonra dolların məzənnəsində yüksəlmə müşahidə edilir. 2005-ci ilin dekabrında 8-9 illik fasilədən sonra FES dolların faiz dərəcəsini artırmaqla bu valyutanı bir az da möhkəmləndirdi. Bir il sonra yenidən faiz artımına getməklə FES dolları daha da möhkəmləndirmiş oldu. Bu ilin mart və iyun aylarında isə faiz dərəcəsini iki dəfə artırdı. Hazırda Amerika Mərkəzi Bankının faiz dərəcəsi 1 faiz təşkil edir. Həm neftin ucuzlaşması, həm də iqtisadi aktivliyə görə bu illər ərzində dolların möhkəmlənməsi davam etdi. Lakin dolların faiz dərəcəsinin yüksəlməsi ölkədə iqtisadi inkişafı boğmağa başladı. Çünki dollar möhkəmləndikcə, avro, Çin yuanı, Yapon yeni ucuzlaşırsa, bu zaman dünya bazarında Amerika mallarına təlabat azalır. Ona görə də indiki prezident Donald Tramp dolların bu qədər möhkəmlənməsinə ehtiyac olmadığını vurğulayır. Hətta bu məsələdə FES rəhbərliyilə aralarında fikir ayrılığı yaranmışdı. Avronun möhkəmlənməsinin bir səbəbi də Avropa ölkələrindəki iqtisadi inkişafla bağlıdır. Avropa İttifaqının iqtisadiyyatı illərdir Yunanıstan, Portuqaliya və İspaniyaya görə çətin vəziyyətdə idi. Hazırda isə Almaniya, hətta İspaniya iqtisadiyyatında artım var. Bu da avronun məzənnəsinin möhkəmlənməsinə səbəb olan ikinci amildir”.

Bu mənada ekspert dolların məzənnəsinin aşağı düşməsində ABŞ-ın özünün maraqlı olduğunu deyir: “Xüsusən də, ABŞ avronun, Çinin yuanı və Yaponun yeninin bahalaşmasını istəyir”.

P.Heydərov avronun ilin sonuna qədər mərhələli şəkildə bahalaşacağını deyir: “İlin sonuna qədər ABŞ dolların möhkəmlənməsinə getməyəcək. FES rəhbərliyinin bir sıra bəyanatlarından da aydın olur ki, bundan artıq faiz artımına getməyə ehtiyac yoxdur. Avropa İttifaqına gəldikdə, bu ölkələrin iqtisadiyyatı sürətlə inkişafdadır. Almaniya, İspaniya, Fransa, İtaliyada da iqtisadi artım ilin sonuna kimi davam edəcək. Bu da avronun daha da möhkəmlənməsi deməkdir. Lakin avronun dollara nisbətən möhkəmlənməsi ilin sonuna qədər mərhələli şəkildə davam edəcək. Əlbəttə, bu da müəyyən həddə qədərdir. Həmin mərhələyə çatanda Avropa Bankı FES kimi addım atacaq və faiz artımına gedəcək. Bu prosesi növbəti ilin əvvəlində olacağını düşünürəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm