• USD 1,7000 0,00% EUR 1,9904 -0,49%
    • GBP 2,2726 -0,37% RUB 0,0277 0,00%

200 manatlıq əsginaslar dövriyyəyə buraxılarsa... - RƏY

  • Pul
  • 20 Sentyabr 2017 18:39
  • 1 065 Baxış
200 manatlıq əsginaslar dövriyyəyə buraxılarsa...  - RƏY

Azərbaycan Mərkəzi Bankından gələcəkdə 200 manat dəyərində əsginasların dövriyyəyə buraxıla biləcəyi ilə bağlı açıqlama verilib. Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev hazırda hökumətdə bununla bağlı müzakirələr aparılmadığını desə də, 200 manatlıq əsginasların buraxılmasının mümkün olduğunu deyib.

A.Quliyev eyni zamanda 500 manatlıq əsginasların bizim üçün çox böyük ola biləcəyini vurğulayıb. 200, 500 manatlıq əsginasların hazırlanması zaman-zaman gündəmə gəlib. Ekspertlər hesab edir ki, iri pulların dövriyyəyə buraxılması kiçik pulların zəifləməsinə səbəb ola bilər.

İqtisadçı ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bu gün iri əsginasların dövriyyəyə buraxılmasına ehtiyac olmadığını deyib. Ekspert iri əsginasların buraxılmasının müsbət və mənfi tərəflərindən də danışıb:

“Qiymətləndirmələrimiz göstərir ki, iri əsginasların dövriyyəyə buraxılmasının müsbət tərəfləri olsa da, bu, indiki halda məqbul hesab edilmir. Bu əsginasların müsbət tərəfi kimi hesablaşmaların sadələşməsini göstərə bilərik. İri hesablaşma edən vətəndaşlar üçün bu proses daha asan yolla başa gələcək. Həmçinin yığımı milli valyuta ilə edən vətəndaşlarımız üçün də iri əsginasların müsbət tərəfləri var. Bununla yanaşı indiki dövr üçün iri əsginasların dövriyyəyə buraxılmasının mənfi tərəfləri daha çoxdur. Bu, ilk növbədə inflyasiya yarada bilər. Adətən, dövriyyədə iri əsginasların olması inflyasiya yaradan səbəblərdən hesab edilir. Həmçinin bu, qiymətlərin artması ilə də nəticələnə bilər. 200 manatlıq əsginasların dövriyyəyə buraxılması pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb ola biləcəyi mümkündür”.

V.Bayramov bir çox inkişaf etmiş ölkələrdə daha yüksək rəqəmli əsginaslar olmasına da toxunub:

“Məsələn, 500-lük avrolar var. Lakin 500 avronun dövriyyəyə buraxılmasının səbəbi bu valyuta ilə yığımların çox olması ilə bağlıdır. Digər tərəfdən Avrozonada orta aylıq əmək haqqı yüksəkdir, bu baxımdan həmin ölkələrdə iri əsginaslardan istifadə edilir. Azərbaycanda minimum əmək haqqı 200 manatdır. Praktik olaraq indiki məqamda minimum əmək haqqından daha yüksək məbləğdə valyutanın dövriyyəyə buraxılması real deyil. Manatla yığım artarsa, minimum və orta əmək haqqı, pensiyalarda artım baş verərsə, iri artımların dövriyyəyə buraxılması mümkün ola bilər. İndiki halda isə iri əsginasların dövriyyəyə buraxılması real deyil”.

Ekspert bu əsginasların dövriyyəyə buraxılması üçün konkret tarix deməyin çətin olduğunu dedi:

“Manata olan inam, manatla yığımın artmasından asılı olaraq iri əsginaslara ehtiyac arta bilər. Bu, həm də Mərkəzi Bankın manata inamı artırmasından asılıdır. 500 manatlıq əsginasın dövriyyəyə buraxılmasının müzakirəsi belə real deyil”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>