“Bitcoin”: asan qazanc yolu, yoxsa tələdəki pendir? - ŞƏRH
Bizi izləyin

Pul

“Bitcoin”: asan qazanc yolu, yoxsa tələdəki pendir? - ŞƏRH

2009-cu ildə dövriyyəyə buraxılan “Bitcoin” son zamanlarda yüksək səviyyədə dəyər qazanan yeganə virtual əmtəə vasitəsi olub.

Publika.az xəbər verir ki, istifadəyə buraxıldığı zaman cəmi 1 dollar qiyməti olan bu valyuta artıq 17 000 dollar civarında dəyərləndirilir.

Bəs dünyanın ən etibarsız valyutası kimi bilinən “Bitcoin”ə olan bu maraq haradan qaynaqlanır? Onu dəyərli edən və daşıdığı risk nədən ibarətdir?

Suallarımızı iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb.

Ekspert bildirib ki, “Bitcoin”in tez bir zamanda bu qədər məşhurlaşmasının iki əsas səbəbi var:

“Birinci səbəb ondan ibarətdir ki, hazırda dünyada kripto-valyutalara böyük maraq var. Mediada “Bitcoin”lə bağlı o qədər xəbər yayımlanır ki, istər-istəməz diqqət çəkir. Bununla da virtual valyuta asan qazanc mənbələrindən biri kimi önə çıxır. İlin əvvəlində cəmi 700-800 dollar olan “Bitcoin” bu gün 17 000 dollara qədər dəyər qazanıb. Bu amil “Bitcoin”i bir az da cəlbedici edir.

İkinci səbəb isə bu valyuta üzərində nəzarət müxanizmlərinin olmamasıdır. Bu mexanizmlərin yoxluğu pul köçürmələrində “Bitcoin”dən istifadəni populyarlaşdırdı və hər hansı qeyri-qanuni əməliyyatların həyata keçirilməsi, çirkli pulların yuyulması tipli işlərdə “Bitcoin”dən istifadə geniş vüsət aldı".

O qeyd edib ki, əslində bu virtual valyutanın arxasında duran ən vacib məsələ “Blog change” texnologiyasıdır:

"Bu çox mütərəqqi və gələcəkdə bir çox sahələrdə istifadə oluna biləcək texnologiyadır. Amma “Bitcoin”in əmtəə dəyərinin şişməsi və tez bir zamanda yüksəlməsi bu sahədə problemlərin olduğunu göstərir. Çünki qısa müddətdə əldə edilən nəticə elə qısa müddətdə də kəskin aşağı düşə bilər və riskli fəsadlar törədər. Yəni, “Bitcoin” bu qədər məşhurlaşmağı sadəcə cəlbedici xəbər axınına və asan istifadə mexanizminə borcludur. Onun arxasında ciddi bir dəyər gücü yoxdur.

Belə bir sual ortaya çıxır ki, bəs “Bitcoin”ə güvən haradan doğur? Bu valyuta dünyanın ən riskli əmtəə vasitəsi olması ilə yanaşı, həm də qazanc məbləği ən yüksək olan valyutadır. İnsanlar düşünür ki, 2008-2009-cu illərdə “Bitcoin” çıxanda 1 dollar dəyəri var idi. Lakin indi 17 000 dollara qədər dəyər qazana bilib. Bu valyutanın gətirdiyi riskin qarşılığında böyük məbləğdə vəsait qazanma iştahı olduğu üçün də “Bitcoin” belə cazibədarlıq qazanır.

“Bitcoin”dən istifadə edən hər kəs onu alıb illərlə saxlamaq fikrində olmur. Elə şəxslər var ki, ucuz vaxtında alır, bir az dəyərə minən kimi dərhal satır. Ancaq “Bitcoin” yenə də ciddi risk daşımaqda davam edir. Bu valyuta gələcəkdə “partlasa”, dünyada geniş həcmli iflasın qaçılmaz olacağı dəqiqdir.

Bu çox sirkulyativ bir valyutadır. Ona görə də hər şey gözləmək olar. Əgər sabah ABŞ, Britaniya, Avropa İttifaqı üzvləri kimi bir neçə nəhəng iqtisadiyyatlı ölkə “Bitcoin”i qadağan etsə, yaxud çirkli pulların yuyulmasında istifadəsi təsdiqlənsə, o zaman çox kəskin eniş olacaq. Və bu enişdə sonradan qoşulan sərmayəçilər daha çox uduzacaqlar. Daha bir eniş riski isə dövriyyədə olan “Bitcoin”lərin sayının çoxaldılması ola bilər.

İnsanlarda asan yolla pul qazanmaq iştahı var ki, bu da rasional bir düşüncə tərzi deyil. Bu düşüncə tərzi ilə hərəkət edənlərə tövsiyə verilməsi isə mənasız addımdır. Rasional düşünən insan təbii ki, valyutanın iqtisadi dəyərini, arxasında duran gücü dəyərləndirəcək. Ancaq bunun iqtisadi əsası yoxdursa, təkcə sirkulyativ dəyərə hesablanıbsa və insanlar hələ də bu valyutaya üstünlük verirlərsə, demək, qazanc iştahı onların “gözünü kor edib”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm