Azərbaycanın ən yaraşıqlı kişisi: "Bu oğlanlar şorgöz olur"- FOTOLAR
Bizi izləyin

Qadın

Azərbaycanın ən yaraşıqlı kişisi: "Bu oğlanlar şorgöz olur"- FOTOLAR

Onu Azərbaycanın ən yaraşıqlı kişisi adlandırırlar. Xanımları bilmirəm, bəylərin isə əksəriyyətinin bunu qıcıqla qarşıladığından əminəm. Kişilər eqoist olduğu üçün ancaq özləri haqqında deyilən tərifləri eşitməyi xoşlayırlar. Ya da xanımlar onları belə öyrəşdirib... Amma Azərbaycanın ən yaraşıqlı kişisi olmağa həqiqətən də layiqdir. Axı o, 2007-ci ildə “Best Model of the World 2007” yarışmasının qalibi olub. Dünyanın ən yaraşıqlı kişisini tutulunu qazanmaq da hər adamın işi deyil. Beləliklə Publika.Az-ın “Kokteyl” layihəsinin qonağı Rüstəm Cəbrəyılovdur. Rüstəm yaraşıqlı olmasına baxmayraq, özündən razı tiplərdən deyil. Suallarımızı isə böyük həvəs və səmimi şəkildə cavablandırdı.

"Əvvəlki dörvlərlə müqayisədə indi özünü sınamaq istəyənlərin sayı artıb"

- Siz modellik fəaliyyətinə başlayanda Azərbaycanda bu biznes o qədər də inkişaf etməmişdi. Bu işlə məşğul olmağınızı ailəniz necə qarşıladı?

- Modelliyə başlayanda BDU-nun Coğrafiya fakültəsinin tələbəsi idim. Öz ixtisasım üzrə təhsil aldığım üçün bu barədə valideynlərimlə ciddi problem yaşamadım. Əslində özümün model olmaq kimi fikrim olmayıb, öz ixtisasım üzrə işləyəcəkdim. Dostlarımın, tanışlarımın, ətrafımda olan insanların səyi nəticəsində modelliyə marağım yarandı. Bundan sonra fikirləşdim ki, niyə də Allahın verdiyi hədiyyəni və istedadı dəyərləndirməyim və özümü sınamayım.

- Sizi müəllim kimi təsəvvür edə bilmirəm (Gülürük). Dərsdə olan qızların fikri-zikri yəqin ki, dərsdən çox sizdə olardı. Müəllim maaşı da yəqin ki, sizi qane etməzdi.

- Razıyam, amma xarakter cəhətdən müəllimlik mənə daha yaxındır. Ola bilsin ki, nə vaxtsa peşəm üzrə də işlədim.

- Səncə, Nyu York dəb həftəsində iştirakın və dünyanın ən yaraşıqlı kişi modeli seçilməyinin Azərbaycanda bu sahənin inkişafına təsir edib?

- 4 ilə yaxın Amerikada fəaliyyət göstərməyim, müəyyən dərəcədə uğurlar əldə etməyim Azərbaycanda modellik peşəsinin yavaş-yavaş normal qarşılanmasına və qəbul olunmasına səbəb oldu. Hətta insanların bu sahəyə daha çox meylli olmasına gətirib çıxardı. Başqa ölkəyə gedib model kimi işləməyə həvəsləndirdi. “Rüstəm xaricə gedə bildisə, mən də gedə bilərəm...” deyənlər oldu (Gülürük). Əvvəlki dörvlərlə müqayisədə indi özünü sınamaq istəyənlərin sayı artıb.

- Hansı ölkənin modelləri daha yaraşıqlı, gözəl və daha peşəkardır?

- Sözsüz ki, azərbaycanlı modellərə çatan olmaz... (Gülür) Ümumiyyətlə, Amerikada sırf bir ölkənin modelləri işləmir. Dünyanın hər nöqtəsindən gəlmələr olduğu üçün milliyyətinə görə modellər bir-birindən seçilmir.

- Dəbə münasibətiniz necədir?

- Dəbi izləmirəm.

- Model olmaq sizin zövqünüzün formalaşmasına təsir göstərib?

- Zövq və dəb mənim geyim qanunlarıma daxil deyil. Özümü rahat hiss etdiyim geyimlərə üstünlük verirəm. Geyimlərimi uşaqlıqdan evdəkilər seçib, mənə almağa imkan verməyiblər.

"Geyim ehtirasım yoxdur"

- İndi ki müstəqil insansınız.

- Uşaqlıqdan bu cür öyrəşdiyim üçün həvəsim yoxdur. Mağazaları gəzib geyim seçməyə marağım olmadığı üçün elə indi də alış-verişimi ailəm edir. Çəkilişlərdən də çoxlu hədiyyələr qalır. Qısası, geyim ehtirasım yoxdur.

- Kifayət qədər tanınmış və yaraşıqlı modelsiniz. Qızlar küçədə rahat gəzməyə imkan verir? Yəni, həyatınızı istədiyiniz kimi yaşaya bilirsiniz?

- Sizcə, mən yaraşıqlıyam? (Gülür)

- Məncə bunu deməyə ehtiyac yoxdur (Gülürəm). İndi isə keçək sualın cavabına.

- Düşünmürəm ki, o qədər də məşhuram, heç bir narazılığım da yoxdur. Şükür Allaha, insanlarımız da problem çıxaracaq və narahat edəcək qədər qabiliyyətsiz deyil. Əksinə, yaxınlaşıb xoş fikirlər söyləyirlər.

- Sevgisini etiraf edən xanımların yəqin ki, sayı-hesabını itirmisiniz. Bütün bunlar şəxsi münasibətlərə təsir göstərir. Şəxsi həyatınızı gizli saxlaya bilirsinizmi, ailənizi necə qoruyursunuz?

- Ailəni qoruyub saxlamaq çox çətindir. Hər bir insanla münasibətimdə sərhəd qoyuram. Başqalarının şəxsi münasibətlərə təsir göstərməyinə imkan verəcək şərait yaratmıram. Bəziləri kimi şou-biznesdə gündəmdə qalmaq üçün min cür yollara əl atmıram. İnsanların qarşısına gördüyüm işlə çıxmağı xoşlayıram. Əsas işimi, karyeramı xaricdə qurduğum üçün şəxsi həyatımızı gizlətməyə ehtiyac qalmır.

"Qız modellərə tələbat daha çoxdur"

- Model olmaq qız, yoxsa oğlan üçün daha asandır?

- Ümumi götürsək, iş baxımdan agentliklərlə müqavilə bağlaya bilmək kişi üçün daha çətindir. Modellikdə qadınlara məxsus işlər və reklamını edə biləcəyi məhsullar daha çoxdur. Saçdan, dodaqdan, kirpiklərə qədər xanım modellərin məşğul ola biləcəyi bir çox sahələr var. Dolayısı ilə qız modellərə tələbat daha çoxdur. Azərbaycanda isə qızların model kimi fəaliyyət göstərməsi daha çətindir.

- Qadınlara tələbat daha çoxdursa, deməli, onlar kişi modellərdən daha çox qazanır?

- Xarici ölkələrdə kişi modellər qadınlardan 40-50 faiz daha az gəlir əldə edir.

- Sizcə bu ədalətli addımdır?

- Neyləmək olar? İnsanlar gözəl xanımlara baxmağı xoşlayır. (Gülür)

- Ölkədə və ölkədən kənarda modellikdən əldə etdiyiniz gəlir sizi qane edir?

- Çox ciddi fərqi yoxdur. Nyu Yorkda əldə etdiyim qonararın vergisi də çoxdur. Böyük şirkətlər də ödənişi 3-5 ay ərzində ödəyir. Azərbaycanda elə həmin gün ala bilirsən.

- Qazanc əldə etdiyiniz başqa işiniz var?

- Nyu Yorkda təhsil alıram, həmçinin həkim köməkçisi və trinajor müəllimi də işləyirəm.

- Bunların hamısını necə çatdırırsınız?

- İşimi bölüşdürürəm. Səhərdən axşama qədər deyil, növbə ilə işləyirəm.

- Fotolarda gördüyümüz Rüstəmlə, həyatdakı Rüstəm arasındakı fərq nədir?

- Heç bir fərq yoxdur. Fotosessiyalarda rola girməyi xoşlamıram, heç kimin bilmədiyi sirli tərəflərimi büruzə verməyə və özüm kimi olmağa çalışıram.

- Fotolarda çox nadir hallarda gülümsəyirsiniz. Niyə?

- Gülmək yaraşmır , gərək yaraşsın axı...

"İnsan bir gün içində də qocala bilər"

- Məncə, səhv edirsiniz. Gülmək hamıya yaraşır.

- Təbəssüm xanımlara kişilərdən daha çox yaraşır. Həm də xarakterim belədir, ciddi insanam, başqalaşmağı sevmirəm.

- Xarici görünüşünüzdən razısınız? Nəyi dəyişmək istərdiniz?

- Bütün kişilər kimi saçımdan narazıyam. Başqa heç nəyi dəyişdirmək istəməzdim. Çünki məni bəyənən belə bəyənib, belə sevib. İnsanlar bu cür qəbul ediblər, xarici görkəmimdə dəyişiklik etsəm, nələrisə itirə bilərəm.

- Aydın məsələdir ki, qadınlar yaşlanmaqdan çox qorxur. Kişilərin də belə bir fobiyası var?

- Təbiətlə mübarizə aparmayacam ki? Elə bir hadisə baş verə bilər ki, insan bir gün içində də qocala bilər. Yəni, qocalmaqdan heç kim sığortalanmayıb.

- Gözəl xanımlar, yaraşıqlı bəylər çox zaman özündənrazı və özünə vurğun olurlar. Sizdə var belə xüsusiyyət?

- Əgər vəziyyət tələb edirsə, çox nadir hallarda baş verə bilər. İnsanların xətrinə dəyməyi xoşlamıram, mümkün qədər mehriban davranıram.

- Özünəvurğunluq pis xüsusiyyətdir?

- Bizdə insanlar nədənsə pis qarşılayır, dünyada o qədər pis xüsusiyyət hesab olunmur. Amma özü ilə qürrələnməyə haqqı olmalıdır.

- Səhv etmirəmsə, sizin həyat yoldaşınız gürcüdür. Xarici vətəndaşla ailə qurmağa münasibətiniz necədir?

- Ailəm məni yaxşı tanıyır, ciddi bir səhvə yol vermə ehtimalımın çox az olduğunu yaxşı bilir. Onlar hər zaman mənə dəstək olub. Demək istədiyim odur ki, həyatda bütün qərarları özüm vermişəm. Buna görə peşman da deyiləm. İnsan ürəyinin sözünə qulaq asmalıdır. Özünü kiminsə yanında rahat və yaxşı hiss edirsənsə, niyə də olmasın? Həm də dinimiz başqa dindən olan insanla ailə qurmağa icazə verir.

- Həyat yoldaşınız İslam dinini qəbul edib?

- Hələ ki, yox.

- Övladınız var?

- İtim var. (Gülür)

"Yaşıl və göy göz oğlanların çox şorgöz olduğunu eşitmişəm"

- Yaşıl gözlü insanların fərqi və üstünlüyü nədir?

- Nə ilə fərqləndiyini bilmirəm. Amma uşaqlıqda yaşıl və göy gözlü oğlanların çox şorgöz olduğunu eşitmişəm.

- Düz fikirdir?

- Qətiyyən. Sadəcə, insanlara xoş söz deməyi, onları sevindirməyi, pozitiv enerji ötürməyi sevirəm. Hamının xoş sözə ehtiyacı var. Elə özümə də xoş söz deyəndə müsbət təsir göstərir. Həmin gün yüksək əhval-ruhiyyədə oluram.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm