“Kişilər uğursuzluğa dözə bilmir” - FOTOLAR
Bizi izləyin

Qadın

“Kişilər uğursuzluğa dözə bilmir” - FOTOLAR

Publika.Az-ın “Kokteyl” layihəsində təkcə tanınmışlar deyil, müxtəlif sahələrdə çalışan insanları da qonaq qismində dəvət edirik. Bu gün isə qonağımız psixoloq Vəfa Əkbərdir. Azərbaycanda psixoloqa müraciət etmək birmənalı qarşılanmır və ayıb hesab olunur. Çünki çoxları psixoloqun vəzifələrindən xəbərsizdir. Vəfa xanımla bu barədə uzun-uzadı söhbət etmişik. O, statistikaya əsasən Azərbaycanda insanları ən çox narahat edən problemləri, hansı hallarda psixoloqa müraciət etməli olduğumuzu və başqa maraqlı sualları cavablandırdı.

- Hansı hallarda psixoloqa müraciət etmək lazımdır?

- Hər bir sağlam insan, hətta ehtiyacı olmadığını söyləsə belə psixoloqa müraciət etməlidir. Çünki günlük stress, məişət problemləri, qarşılaşdığımız hər hansı uğursuzluqlar zaman-zaman yığılaraq psixoloji travmaya səbəb olur. Bunun qarşısını almaq məqsədilə işində uğur əldə etmək, ən azı həftəlik stresini atmaq üçün psixoloq köməyindən istifadə etməlidir. Gələcəkdə öz işində uğur qazanması üçün həll olunmayan problemləri, işində ona mane olan amilləri müzakirə edib, ünsiyyət vasitəsilə ilə təlqin etmək lazımdır.

- Neçə yaşından etibarən psixoloq yanına getmək olar?

- İstər uşaq, istərsə də böyüklər, ən əsas da yeniyetmələr və gənclər psixoloq köməyindən imtina etməməlidir. Psixoloqa uşaqlar da müraciət edir. Valideynlər bəzən uşaqlarının nə demək istədiyini başa düşmür, özləri ilə ölçürlər. Məsələn, uşaq ağlayırsa, dərhal narahat olurlar. Əslində isə problem ondan ibarətdir ki, uşaq ağlayaraq diqqət cəlb etmək istəyir. Məktəblərdə psixoloq var, bağçalarda isə yoxdur, amma mütləq lazımdır.

Yeniyetmələrlə valideynlər arasında anlaşılmazlıq, ailədaxili problemlər, öz həmyaşıdları ilə ünsiyyət qura bilməməsi onların psixoloq köməyinə daha çox ehtiyacı olduğunu göstərir. Ailədən qaynaqlanan müəyyən problemlər var ki, yeniyetmələr onu öz şəxsi təcrübəsində sınadıqda uğursuz insan obrazına çevrilirlər.

- Psixoloqla valideynin verdiyi məsləhətin nə kimi fərqi var? Psixoloq valideyndən daha yaxşımı kömək edir?

- Psixoloq məsləhət vermir. Uşaqlara, yeniyetmələrə, nə də böyüklərə biz əsla düzgün yol göstərməyə çalışmırıq. Biz sadəcə, problemin ətrafında fırlanırıq, onu ortaya çıxarırıq. Problemin həlli yolunu ortaya çıxarıb taparaq o insana yardımçı oluruq. Hər psixoloq yaxşı məsləhətçi olsaydı, onda bizim dostdan, qonşudan və rəfiqədən heç bir fərqimiz olmazdı. Biz professional iş görürük, insanın görünməyən, daxilindəki problemlərini üzə çıxarırıq, əsaslı şəkildə kökündən həll edirik. Bundan sonra insanın şüuraltında qalan təzyiqlər, neqativlər onu tərk edir və daha rahat olur. Özünü yeni doğulmuş kimi hiss edir, həyatda uğurlar qazanmağa başlayır, nəticədə istədiyi mövqeyi tutur.

- Psixoloqa getmək istəməyən, onun köməyindən imtina edən insanları necə razı salmaq olar?

- Ümumiyyətlə, heç kim heç kimi psixoloqa getməyə məcbur edə bilməz. Çünki həmin insan öz ürəyini açıb danışmayacaq. Hər hansı bir məsələni danışaraq həlli yolunu tapmaq lazımdır. Psixoloq onu həqiqətən narahat edən problemi aşkara çıxarmalıdır.

Bəzən ətrafdakıların psixoloqa müraciət etməyi pis addım kimi qiymətləndirməsi və diktə etməsi nəticəsində psixoloq köməyindən imtina edirlər. Əslində, biz yol göstərmirik, gedə bildiyi o yolları əvvəlcədən ona göstəririk.

“Kişilər uğursuzluğa dözə bilmir”

- Statistikaya əsasən Azərbaycanda ən çox hansı səbəbə görə, psixoloqa müraciət edirlər?

- Burada yaş kriteriyaları var. Qadınlar daha çox müraciət edir. Daha çox ailədaxili problemlərə, aldadılmaya görə müraciət edirlər. Müəyyən mərhələdən sonra bu insanda şəxsiyyətin alçaldılması və formalaşmaması baş verir. Kişilər daha çox stressdən dolayı müraciət edirlər. Amma məlum olur ki, ailədə və keçmişdə olan problemlərin toplanması uğursuzluqlara gətirib çıxarır. Çox maraqlıdır ki, yeniyetmələr arasında daha çox oğlanlar müraciət edirlər. Qızlar öz üzərində işləyib öhədəsindən gələ biləcəyini düşünür. Kişilər isə uğursuzluğa dözə bilmir. Gənclərin problemi isə müxtəlif olur. Ailəni qəbul etməmək, sektalara qoşulmaq, hansısa qruplara qoşulmaq, özünəqapanma halları gənclərdə və yeniyetmələrdə daha çox rast gəlinən problemlərə daxildir. Uşaqlarda isə daha çox şiddət, hiperaktivlik, olmazları qəbul etməməkdir. Çünki indi uşaqlar olmazları heç cürə qəbul etmirlər. Valideynlər hər dəfə açıqlama verə bilmədiyində, yaxud da yüngülvari əl qaldırdıqda uşaqda travma yaranır.

- Valideynin uşağa əl qaldırması düzgündür?

- Ümumiyyətlə, uşaqlara əl qaldırmaq heç doğru deyil. Onlar öz aləmində hər şeyi başa düşür. Sadəcə, bu aləmə daxil olub onları öz dilində başa salmaq lazımdır. Oyunlar vasitəsi ilə, nağıllardan sitatlar gətirərək, könlünü alaraq, gözünə baxaraq böyük insan kimi rəftar etmək lazımdır.

- İnsanların hərəkət, jest və mimikalarından onun necə bir insan olduğunu müəyyən etmək mümkündür?

- Əlbəttə, mümkündür. Psixologiyada insanın üz cizgilərindən yalan, doğru, səmimi, aqressiv, xoşbəxt və.s emosional halları müəyyən edən bir sahə var. Bundan başqa danışdığının nə dərəcədə doğru olduğunu üz ifadəsindən bilmək olur. Bu zaman üz quruluşu ona uymur, oynamağa başlayır, mimikası ilə dedikləri bir-birinə uyğun gəlmir. Məsələn, yalan danışanda burun qaşınır.

- Sizə müraciət edən insanlar həyatında baş verən hadisələri özlərinə sərf edən kimi danışırlar? Bunu müəyyən edə bilirsiniz?

- Bunu müəyyənləşdirmək çox asandır. Məsələn, bir insan gəlib ayrıldığı kişinin xoşagəlməz xüsusiyyətlərindən, anasından, bacısından, hətta öz valideynlərinin onu qəbul etməməsindən şikayətlənir. Bu insanın hər kəslə konflikti var. Bir insanın ancaq bir, yaxud bir neçə insanla konflikti ola bilər, əgər hər kəslə konfliktədirsə, deməli, problem hər kəsdə yox, bir insandadır. Psixologiyada müəyyən yanaşma və üsullar var ki, insanın nə dərəcədə səmimi olduğunu bilmək olur. Buraya gələn insanlar çox zaman səmimi olurlar.

- Gülməli və qeyri-adi fobiyaları olan insanlar müraciət edir?

- Belə fobiyalar əsasən uşaqlarda rast gəlinir. Məsələn, kloun rəngarəng və gülməli olsa da, onu görəndə qorxurlar. Uca səslə danışan adamdan qorxanlar da var. Bu isə səbəbsiz deyil, keçmişdə yaşanan problemlərdən qaynaqlanır.

- Depressiya həkimlərin, yoxsa psixoloqların müalicə etməli olduğu sahədir?

- Depressiya psixoloq və terapevtlərin müalicə etməli olduğu sahədir. Depressiyada olan insanlar özünə qəsd etməyə meylli olur. Onlar nevropatoloqun yazdığı dərmanları qəbul etdikdə qorxu hissi keçir. Antidepressanın tərkibində olan maddələr qorxu hissini götürür. Amma psixoloq yanına gələndə problemlərini danışıb ürəyini boşaldırlar. Müxtəlif terapiya üsulları ilə sakitləşdirib, çıxış yolunu axtarırıq.

“Əksinə, onlar çox güclü insanlardır”

- Ailədə mübahisə düşəndə onu müzakirə etmək, yoxsa susub sakitləşməsini gözləmək daha yaxşıdır?

- İstər ailədə, istərsə də kollektivdə qızğın mübahisə düşübsə, hirsin soyumağını gözləmək daha yaxşı hal hesab olunur. Sinirlər sakitləşəndən sonra müzakirəni davam etdirmək olar. Amma həmin anda heç bir müzakirədən söhbət gedə bilməz.

- Nikahın maksimum dərəcədə möhkəm, təməlinin sağlam olması üçün nə etmək lazımdır?

- İki versiya var: nikahdan əvvəl və sonra. Nikahdan əvvəl xasiyyətlərinin uyğun gəldiyini, psixologiyaları, dünyaya baxışları, bir-birindən tələbləri müzakirə olunduqdan sonra cütlüyün nə dərəcədə uğurlu münasibət qura biləcəklərini təxmin etmək olar. Nikahdan sonra ailədə fikir ayrılığı yaranırsa, boşanmanı ən kritik həddə seçmək lazımdır. Kompremise getməyə çalışmaq lazımdır.

- Sevgilisindən ayrılan insanların psixoloqa müraciət etməsi nə dərəcədə düzgündür? Xırda məsələlərə görə, psixoloqa müraciət edənləri zəif insan adlandırmaq olarmı?

- Əksinə, onlar çox güclü insanlardır. Çünki onlar uğursuzluqlarından tamamilə sağalmaq və yaxa qurtarmaq istəyirlər. Yara kimi iz qoymasını istəmirlər. İnsanı narahat edən hər hansı problemdə psixoloqa müraciət edib ondan azad olmaq lazımdır. Böyük problemlər isə keçmişə dayanır, daha uzun müddətli olur.

“Kişinin tələbatını ödəməsini xəyanət adlandırmamaq və bağışlamaq olar”

- Kişinin xəyanətini sözdə deyil, ürəkdə də bağışlamaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, bağışlamaq düzgün addım hesab olunur?

- Xəyanət dedikdə nə nəzərdə tutulduğuna baxmaq lazımdır. Məsələn, kişinin öz tələbatını ödəməsini xəyanət adlandırmamaq olar. Bundan başqa kişinin qadına xəyanət etməsinin səbəblərini araşdırmaq lazımdır. Kişinin gözləntilərini və qadının yerinə yetirmədiklərini aşkara çıxarmaq lazımdır. Hər bir şeyin əsasında bir səbəb yatır. Onunla müzakirə etdikdə insanın buna yenə də təşəbbüs edəcəyini bilmək mükündür. Yəni, düşünülməmiş addımdırsa, bağışlamaq olar.

- Yəni, xəyanət bütün hallarda kişinin həyat yoldaşına, yaxud sevgilisinə sevgisinin bitdiyini göstərmir?

- Xeyr, bütün hallarda sevginin bitdiyini bildirmir. Aralarında müxtəlif problem ola bilər. Bu, bir növ şüur altı cəzalandırma deməkdir.

- Niyə qadınlar kişilərdən daha çox emosionaldır, hər şeyə tez reaksiya verir, tez coşur?

- Qadınlar zərif və incə məxluq olduğu üçün daim sevilmək və nəvaziş tələb edir. Ümumiyyətlə, insanın emosiyasını cilovlayıb-cilovlaya bilməməsi onun həyat təcrübəsindən qaynaqlanır. İnsan bir neçə yaxşı və pis hadisələrlə qarşılaşıbsa, artıq əsəbilərini cilovlaya bilir. Hər zaman qorunmuş, nəvaziş görən, qayğı dənizində boğulan xanımlar isə özündən daha tez çıxır. Onlara xoş sözlər dedikdə belə eyforiya (xoşbəxtlik, məmnunluq) dərəcəsinə gəlib çıxa bilmirlər. İnsanın ətrafında intellektual yaxınlarının olması da emosiyaları cilovlamağa kömək edir. Yəni, onlarla ünsiyyət insanın özünü aparmasına birbaşa təsir edir.

- İnsanların psixoloji problemləri sizin psixologiyanızı pozmur ki?

- Psixoloqların adi insanlardan, məsləhətçilərdən fərqi odur ki, biz insanların halına yana bilirik. Həm də o haldan tez çıxıb kənardan ekspert kimi yardım edirik. Çox gərgin qrafikimiz olduğu zaman, yaxud da ciddi bir problemi olan insan müraciət edəndə bu birbaşa bizim əhvalımıza da təsir edir. Psixoloqların özü də mütəmadi olaraq yığışıb problemlərini müzakirə edir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm