Monika Belluççi 14 illik əri ilə niyə eyni evdə yaşamayıb? - FOTOLAR
Bizi izləyin

Qadın

Monika Belluççi 14 illik əri ilə niyə eyni evdə yaşamayıb? - FOTOLAR

Cazibəsi, gözəlliyi ona baxanların gözlərini ağrıdır. Klassik üz cizgiləri və mükəmməl bədən quruluşu ilə neçə illər bundan əvvəl istəmədən bütün kişiləri özünə aşiq edir. Onları bu qadına dəli kimi aşiq olduqlarına görə necə günahlandıra bilərəm? Axı elə özüm də ona heyranam və bu qadına baxanda qocalmaqdan qətiyyən qorxmuram. 49 yaşlı aktrisaya ötən illər, qırışlar qətiyyən təsir etmir. İndiyə qədər bu əfsanəvi qadınla rəqabət apara bilən gənc və gözəl bir pəri tapılmayıb. Hollivudun ən gözəl, ən cazibədar xanımı olduğu isə mübahisə olunmazdır. Beləliklə, bu həftə Publika.Az-ın “9 don” layihəsində Monika Belluççi haqqında danışacağam.

Monika Belluççi 1964-cü il sentyabrın 30-da İtaliyanın Umbriya əyalətinin kiçik Çita-di-Kastello şəhərində anadan olub. Monika ailənin ən arzulanan övladı olub, valideynləri onun doğulmasını səbirsizliklə gözləyirdi. Qorxulu diaqnoza baxmayaraq, Monika İtaliya xəstəxanaların birində vaxtından əvvəl dünyaya gəlir. Ailəsinin imkanları yüksək olmasa da, diqqət, qayğı və sevgi bütün boşluğu doldururdu. Atası kənd təsərrüfatı ilə məşğul olur, anası isə rəssam idi.

Monica Belluci: “Gözəllik qadın üçün 2 halda problemə çevrilir: gözəllik olmadıqda və gözəllikdən başqa bir şeyi olmadıqda. Sizə paxıllıq edənlərə də hirslənmək lazım deyil. Ən azından onlar başa düşür ki, siz daha yaxşısınız!”

Hələ məktəb illərində bu qızcığaz möhkəm xarakteri ilə öz həmyaşıdlarından xeyli fərqlənirdi. Bu xüsusiyyətlər onda olmasa idi, bəlkə də gözəlliyini layiq olduğu kimi qiymətləndirə bilməzdi. Məktəbdəki bütün qızlar ona nifrət edirdi, çünki oğlanların diqqəti ancaq Monikada idi. Həmçinin zəhləsini tökmüş oğlan pərəstişkarları da onun həyatını ağırlaşdırırdı. Çoxları onun kimi arzulanan olmaq istəsə də, Monika belə deyildi. O, hüquqşünaslıq sahəsində yüksək səviyyəli mütəxəssis olmağı hər şeydən daha çox arzulayırdı. O, ətrafdakılara gözəl qadınların heç də başı boş olmadığını bütün gücü ilə sübut etməyə çalışırdı. Məsələn, yaxşı oxuyur, çoxlu mütaliə edir, xarici dillərlə məşğul olurdu.

1986-cı ildə Monika öz arzusuna nail olaraq, Peruci Universitetinin hüquqşünaslıq fakültəsinin tələbəsi qadını qazanır. Lakin valideynlərinə artıq yük olmaq istəmədiyi üçün təhsil xərclərini öz boynuna götürür. Monika təhsil haqqını ödəmək üçün əvvəlcə ofisiant kimi işə düzəlir. Sonra isə gözəl görünüşü onun karına gəlir - o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayır. Gözəl üz cizgilərinə malik olduğu üçün model agentliyində özünə iş tapmaqda çətinlik çəkmir.

“Dolce & Gabbana” şirkətinin ruhunu bütün qadınlardan yaxşı anlayır!

1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatır. Onu Milanın ən nüfuzlu model agentliyi olan “Elit”ə dəvət edirlər. Bir neçə il model kimi fəaliyyət göstərdikdən sonra Monika dünyanın ən tanınmış brendi “Dolce & Gabbana” ilə müqavilə imzalayır, hansı ki, hələ də onun rəsmi və əsas ilahəsi hesab olunur. Bundan sonra Monika özünü bütünlüklə modellik karyerasına həsr edir, təhsilini isə atır. “Uzun illərdir ki, onlarla həm dostluq edir, həm də çalışıram. Məni 1989-cu ildə gənc italyan model kimi ilk dəfə onlar kəşf ediblər. İllər keçsə də bu cütlük hələ də məni reklam kampaniyalarında iştirak etməyə və markann siması olmağa dəvət edirlər. Bu heyranedicidir. “Dolce & Gabana”nın spesifikliyi də məhz bu münasibətdədir: gözəllik gənclik demək deyil”.

Məşhur modelyerlərlə iş birliyi tezliklə öz bəhrəsini verir - Monika Beluççi moda jurnallarının üz qabığında peyda olmağa başlayır. Lakin modellikdə qazandığı uğurlarla kifayətlənmir. Paralel olaraq kino həyatına atılır. 90-cı illərdə filmlərdə epizodik rollarda çəkilir. Lakin bu filmlərin heç biri ona böyük uğur gətirmir. Məşhur rejissor Frensis Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görür və Monikanı “Brem Stokerin Drakulası” filmində kiçik rola dəvət edir. Bu filmdən sonra onu bütün Avropa ölkələrində və Amerikada da tanıyırlar. Monika Beluççi İtaliya filmlərindən başqa, fransız istehsalı olan filmlərdə çəkilir. Bunların arasında “Mənzil”, “Doberman” və “Qurd qardaşlığı” filmlərini göstərmək olar. “Mənzil” filmi ona aktrisa kimi ilk uğuru gətirir. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu “Sezar” mükafatına nominant kimi irəli sürülür. Həmin filmdə Monika gələcək həyat yoldaşı, məşhur aktyor Vensan Kassellə tərəf-müqabili olur. 1997-ci ildə çəkilən “Doberman” filmində Beluççi lal-kar qadın rolunu oynayır. Bu film onun həyatında ilk ciddi sınaq idi. Film ekranlara çıxandan sonra Fransanın bütün kişiləri onun həm gözəlliyinə, həm də aktrisalıq qabiliyyətinə sözün əsl mənasında valeh olurlar. Vensan Kassellə nikah isə onun əsl böyük kinoya yolunu açır. Dünyanın ən yaxşı rejissorları onu öz kinolarına dəvət edirlər. Monika isə kino işinə məsuliyyətlə yanaşırdı, həm də olduqca tələbkar idi. İstedadını bütün gözəlliyi ilə tamaşaçı qarşısında göstərə bilən rolları seçirdi. Məşhur model filmlərdə çəkilməyə davam edərək dünyada birinci dərəcəli aktrisa kimi şöhrət qazanır.

Malena filmindən sitat: “Dünyanın ən rəzil insanı fahişə deyil, fahişəyə möhtac olan kişidir...”

“Malena” filmi ona böyük şöhrət gətirir, dillərdən düşməyə qoymur. Bu filmdəki rolu onun bütün gözəlliyini çılpaqlığı ilə aşkara çıxarır. O, “Malena”da növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırır. Cazibədarlığı və aktrisalıq məharəti ilə bütün tənqidçilərin və tamaşaçıların qəlbini fəth edir. Film 14 dəfə müxtəlif mükafatlara layiq görülür.

2001-ci ildə Monika həyat yoldaşı ilə birlikdə “Qurd qardaşlığı” filminə çəkilir. Ümumiyyətlə, Monika Belluççi 50-dən çox filmə çəkilib. Həmçinin “Pirelli” təqvimi üçün 2 dəfə çəkilən azsaylı modellərdən biridir.

Rejissorlar üçün Monika filmlərin yaraşığı, aktyorlar üçün əvəzolunmaz tərəf müqabili, planetin bütün kişiləri üçün əlçatmaz ideal və ancaq bir nəfər - fransız aktyoru Vinsent Kassel üçün sevimli həyat yoldaşıdır.

Monikanı yüzlərlə kişi sevir, amma onun həyatında ancaq bir kişi olub. Çox cazibədar qadın olsa da, o heç zaman xarici görkəmindən kişilərin qəlbini oğurlamaq məqsədilə istifadə etməyib. Monika o qədər də yaraşıqlı olmayan aktyor Vinsent Kasseli seçir. Vinsent Monikanın sehrli gözəlliyinin ona necə təsir etdiyini hiss etdikdən sonra onun füsunkar cazibəsinə təslim olur.

“Vinsent hər zaman - həm həyatda, həm də çəkiliş meydançasında mənimlə razılaşır. O, son dərəcə istedadlı adamdır, onunla heç vaxt darıxmıram. Mənim xoşuma gəlir ki, o, qətiyyən acgöz insan deyil. Onun üçün pul yox, müstəqilliyi daha əsasdır. Kino dünyasında o, ən nadir keyfiyyətlərə sahib olan aktyordur”.

1996-cı ildə film çəkilişlərində tanış olan cütlük 1999-cu ildə ailə qurur. Lakin aktrisa münasibətlərinin lap əvvəllərində öz aşiqinə zərbə vurub qəlbini yaralayır. Elan edir ki, birlikdə yaşamaq onun üçün narahatdır və qeyri-təbiidir. Vinsent isə götür-qoy eləmədən Monikanın hər sözü ilə razılaşır. Toydan sonra hamı münasibətlərinin nə ilə bitəcəyini maraqla gözləyirdi. Hərə öz evinə gedir, amma bu cür həyat tərzi onların münasibətlərinin inkişaf etməsinə, möhkəmlənməsinə mane olmur. Monika Londonda, Rimdə, Vinsent isə Parisdə öz evində yaşayırdı.

“Tanışlığımızın ilk vaxtlarında mən ona bir şərt qoydum, o isə razılaşdı: hərənin öz həyatı var və başqalarının sərhədini pozmağa dəyməz”.

Aktyor həyat yoldaşı ilə vaxt keçirməyin yolunu tapır. Belə ki, öz əlaqələrindən istifadə edərək Monikanı kino sahəsinə cəlb edir. Təsadüfi deyil ki, Monika həyat yoldaşı ilə düz 9 filmdə birlikdə rol alıb. Onlar mübahisə etməyə macal tapmırdılar, əvəzində isə bir-biri üçün darıxırdılar. “Malena” filmindən sonra aktyor dünyada hər şeydən çox azadlıqsevər həyat yoldaşının onun qolları arasından uçub gedəcəyindən qorxurdu. Evliliyini möhkəmləndirmək üçün Kassel bu dəfə sevimli həyat yoldaşından övlad tələb edir. 2004-cü ildə cütlüyün Deva, 2010-cu ildə isə Leoni adlı qızları doğulur. Evlilikdən 3 il sonra onlar “Geri dönməzlik” (Irreversible) filmində tərəf müqabili olurlar. Cütlük 2013-cü ilin avqustunda boşanır. 14 illik həyat yoldaşı Vinsent Kassel ilə ayrılıq qərarı alan Monika Belluççi boşanma səbəbi olaraq iş həyatının ağırlığını göstərir.

“Professional iş həyatı bizi bir-birimizdən uzaqlaşdırdı. Amma sevgimiz əbədi davam edəcək. O, həmişə uşaqlarımın nümunəvi atası və qəhrəmanı olub. Bundan sonra da bizə həmişə yaxın olacaq.

Çəkilişlər üzündən çox ayrı qaldıq. Uzaqlıq qarşısı alınmaz bir hala gəldi. Sevgimizin əbədi olacağı ilə bağlı şübhəmiz olmadığı üçün öz yolumuzla getməyi planlaşdırdıq. Vinsent Rioda qalacaq. Mənim isə film müqavilələrim Avropada davam edəcək”.

Türkiyə və Rusiya mediasında isə Monikanın azərbaycanlı milyarder Telman İsmayılova görə, ayrıldığı iddia edilirdi. Hətta ikinci qızının Telman İsmayılovdan olduğu ortaya atılmışdı. Telman İsmayılov bu xəbərə gülərək reaksiya vermiş və belə bir şeyin mümkün olmadığını söyləmişdi. Monika isə həyatında heç kimin olmadığını etiraf edir.

“Mən yetəri qədər həyat yaşamış bir qadınam. Buna baxmayaraq, şəxsi təcrübəmdən çıxış edərək nə isə demək çətindir, çünki bütün kişilər fərdidir. Bəzən sənə dəyər verməyən birinin dərdindən ölürsən. Bir sözlə, mələklər kimi şeytanlar da cəlbedicidir. Qadınlıq haqqında öyrəndiyim tək şey var ki, qadın bir kişini elə sevər ki, kişi özünü ən əlçatmaz insan kimi hiss edər və onu heç zaman tərk etməyəcəyini düşünər. Amma qadın, birdən birə elə çıxıb gedər ki, kişi özünü dünyanın ən axmaq insanı hesab edər və elə bilər ki, qadın onu heç sevməyib. Mənim üçün sevməyin yeganə üsulu azad olmaqdır. Sevgi o zaman yaşayır ki, aralıqda hörmət və azadlıq var. Başqasını yalnız bir əşya kimi istifadə etmək cəfəngiyyatdır. Heç kim bizə məxsus deyil - nə bizim ərlərimiz, nə də uşaqlarımız. Biz sadəcə sevdiklərimizlə nələrisə bölüşə bilərik və bununla belə, sevdiklərimizi dəyişməyə çalışmaq lazım da deyil! Əgər kimisə “dəyişməyə” nail olsanız, ona bəslədiyiniz sevgi gün gələcək tükənəcək... ”

Monikanın əsas gözəllik devizi - “Ye, sev, yaşa!”

Bəlkə də inanmaq çətindir ki, bir vaxtlar Monika öz gözəlliyini Tanrının ən böyük hədiyyəsi kimi deyil, onun bəxtinə düşmüş çətin bir sınaq olaraq qəbul edirdi. Çünki bütün qadınlar onun paxıllığını çəkirdi. Bəs Monikanın gözəlliyinin əsas sirri nədə gizlənib?

“Gözəllik həyatınızın və təcrübələrinizin üzünüzdə əks inikasıdır. Daim diqqət mərkəzində olmaq istəyirsinizsə, dodaq boyanızı əskik etməyin. Fərqli paltarlar geyinməkdən çəkinməyin, ürəkli olun. Makiyajdan qaçdığım zamanlarda belə, mütləq tuşdan istifadə edirəm. Bu məqama da xüsusilə diqqət yetirmək lazımdır”.

Aktrisanın 49 yaşı olmasına baxmayaraq, dərisi öz təravətini saxlayıb. Ən maraqlısı da odur ki, Monika hələ bir dəfə də olsun plastik əməliyyat etdirməyib.

Mən heç vaxt hadisələrin təbii gedişatına qarışa bilmərəm. İnsanlar qocalırlar, bu isə təbiidir. Əgər 40 yaşlı qadın 20 yaşlı qız kimi görünməyə çalışırsa, bu çox gülməli görünür...”

Yaşlanmaya qarşı kremləri ümumiyyətlə qəbul etmir, çünki başa düşür ki, təbiəti aldatmaq olmaz. Bədəninin dərisinin incə və ipək kimi olması üçün Monika həftədə 2 dəfə təmizləyici bədən skrablarından istifadə edir. Daha sonra bədəninə badam yağı çəkir.

Monika öz yaşından qorxmur, onun fikrincə, həyatdan zövq almaq üçün yaşın əhəmiyyəti yoxdur. Əsas özün kimi görünmək və özünü olduğun kimi sevməkdir. Belluççi həmişə nənəsini nümunə göstərir. Müsahibələrində danışır ki, nənəsi qocalana qədər dodaqlarına qırmızı pomada çəkərmiş, hətta kilsəyə də belə gedərmiş. Sadəcə ona görə ki, beləcə özünü əsl qadın hiss edirdi və onun heç nə vecinə deyildi, insanların bu haqda nə fikirləşməsi isə onu qətiyyən maraqlandırmırdı.

Müasir qadınların gözəlliyinin ömrünü uzatması üçün unikal imkanlar var. Lakin buna öz yaşına və sağlamlığına hörmət edərək əməl etmək lazımdır. Həmçinin daxili enerjisinə qayğı göstərməlidir. Əgər içəridə atəş yoxdursa, siz çətin ki, parlaq görünə bilərsiniz. Hələ gəncsinizsiz və özünüzün təbii işığı var. Onun qayğısına elə qalın ki, illər ötdükcə itməsin... Bir də heç kimə fikir vermədən yaşamaq, son gününə kimi sadəcə qadın olmaq lazımdır. Kişi hər zaman qadına, qadın olduğunu hiss etdirməlidir - sözü ilə də razı deyiləm. Qadın heç vaxt qadın olduğunu unutmamalıdır!”

Monika belə hesab edir ki, aktrisanın mimikaları təbii olmalıdır, deməli, ona kosmetikadan həddən artıq istifadə etmək olmaz. Buna görə də Monika makiyaja ehtiyatla yanaşır. Gündəlik həyatında o dərisinə kosmetika ilə əzab vermir: ona kipriklər üçün bir az tuş və dodaqlar üçün bir az parıltı kifayət edir. Aktrisanın fikrincə, çox makiyaj qadını gözəlləşdirmək yerinə çirkinləşdirir. Azca tonal krem çəkdikdən sonra gözlərinə qəhvəyi tonlarında göz kölgəsi çəkir. Dodaq boyasında ən çox sevdiyi rəng isə bej tonlarıdır.

Gözəllik ritualları arasında su əsas yeri tutur. Özü də soyuq su. Belə ki, gözəl aktrisa günə soyuq duş alaraq başlayır. Soyuq duş dərinin elastikliyini qoruyub saxlayır və onu sıxlaşdırır. Üzü üçün isə termal su və təravətləndirici spreydən istifadə edir. Həmçinin üzgüçülüklə məşğul olur.

Həftədə bir-iki dəfə şampundan istifadə etməyi dəstəkləyir. O, hesab edir ki, şampun saçların təbiiliyini pozur. Saçının gözəl görünməsi və parıldaması üçün diblərinə zeytun yağı çəkir.

Onun stili haqqında danışmağa ehtiyac yoxdur. Gözəlliyi kimi, geyimləri qüsursuzdur. Ən böyük cəvahiratı isə onun zövqüdür. Təntənəli mərasimlərdə qırmızı xalı üzərində hər zaman sevimli "Dolce & Gabbana" brendinin geyimlərinə müraciət edir. Stilinə nəzər salsaq, krujevalı donların qarderobunun əsas hissəsini təşkil etdiyini müəyyən edərik.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm