Qadınların nifrətini, kişilərin isə rəğbətini qazanan qadın – FOTO VİDEO
Bizi izləyin

Qadın

Qadınların nifrətini, kişilərin isə rəğbətini qazanan qadın – FOTO VİDEO

O, xarici görkəmi ilə dünyanın bütün gözəllik etalonlarını alt-üst edir. Heç bir əlavə zəhmət çəkmədən, təkcə xarici görkəmi sayəsində dünyanın hər yerində tanınmağa başlayır. 47 sm-lik incə beli ilə qadınların nifrətini, kişilərin isə rəğbətini qazanır. Çünki o, bütün qadınların gecə-gündüz arzuladığı cazibədar bədən quruluşuna malikdir. Publika.Az-ın “9 don” layihəsi çərçivəsində özünü kosmosun möcüzəsi adlandıran və bir səhər oyanıb özünü başqa bir dünyanın sakini kimi görmək istəyən Valeriya Lukyanova haqqında danışacağam.

Valeriya Lukyanova 1985-ci ildə Moldovanın Tiraspol şəhərində anadan olub. Dediyinə görə, 14 yaşında sevdiyi bir oğlana görə, böyük dozada dimedrol içərək intihara cəhd edib. Hətta Valeria Lukyanovanın əvvəllər ruhi xəstə olduğu deyilirdi. Belə görünmək üçün çoxlu cərrahiyyə əməliyyatı keçirsə də, bunu qəti şəkildə inkar edir. Gözəlliyinin nəsildən gəldiyini, ailəsində anasının və nənəsinin də incə belə sahib olduğunu söyləyir. Bəzi söz-söhbətlərə görə isə belinin incə olması üçün bir neçə qabırğasını çıxarmalı olub. Bütün əməliyyatlara ümumilikdə 80 000 dollar pul xərcləyib. Saçları sünidir. Gözlərinin rəngini dəyişmək və iri yaşıl gözlər üçün linzalara çoxlu pul xərcləyir. Diqqət çəkmək və özünə karyera qazanmaq üçün bu üsula əl atdığı da iddia edilir. Bir məqamı qeyd etmək lazımdır ki, Valeriya bu imici ilə insanların bütün gözəllik anlayışını alt-üst edir və yenilik gətirir. Valeriyanın bədən ölçüləri 88- 47-88-dir. Ayaqqabısının ölçüsü 34, çəkisi 42 kq, boyu isə 1.73 sm-dir. Sosial şəbəkələrdə heyranlarının sayı olduqca çoxdur, hətta internet aləminin şahzadəsi də deyilir.

Orta məktəbi Tiraspolda, ali məktəbi isə Odessada bitirib. O, Odessada Mühəndislik və İnşaat Akademiyasının Memarlıq İnstitutunun məzunu olub. Əldə etdiyi təhsili ona ailə həyatı qurmaqda kömək edir. Belə ki, həyat yoldaşı Odessada memarlıq və tikinti sahəsində tanınmış biznesmendir. Həyat yoldaşı ilə arasında ciddi problem yoxdur. Mixail həyat yoldaşını sevdiyi üçün onun bütün qəribəliklərinə dözür. Hətta uşaqlara olan nifrətinə də... Belə ki, Valeriya uşaqları sevmədiyi üçün ana olmağı planlaşdırmır. Tapdığım məlumatlara əsasən, anası İrina Paşkeyeva və 22 yaşlı qardaşı Rusiyada, atası isə Tiraspolda yaşayır. İctimai yerlərdə çox görünmür. Fanatları və ekspertlər iddia edir ki, qapalı həyat tərzi sürür. Onun şəklini çəkməyi kəskin şəkildə qadağan edib.

“Qismət, bəxt, tale deyilən anlayışları tənbəl insanlar həyat axını ilə getmək üçün özlərindən uydurublar. Daha doğrusu, hər şeyi bəxtin üstünə atıb onu günahlandırırlar. İnsanın şansı gətirmir və uğursuzdursa, bəhanə kimi bəxtinin üzərinə yıxır. Əslində, tale yoxdur. Gələcəyini insan özü müəyyən edir”.

Görünüşüm mənim əzab və zəhmətimin nəticəsidir!

“Məni gəlincik adlandırırlar və bu vəziyyətə plastik əməliyyatlar sayəsində gəldiyimi deyirlər. Lakin heç kəs mənim bu hala gəlmək üçün keçdiyim əzab-əziyyəti, sərf etdiyim illəri dilə gətirmir. Sözsüz ki, burada genlərin də rolu var. Mən sağlam həyat tərzi sürürəm. Çox az yeyirəm və yediklərimə diqqət edirəm, spirti içkilər içmir və siqaret çəkmirəm. Həmçinin həyat enerjisini qorumaq üçün mütəmadi olaraq yoqa ilə məşğul oluram.

İnsanlar başqalarının gözəlliyini qəbul etmək istəmir. Heç kəs başa düşmür ki, kosmetika da gözəlliyin bir parçasıdır. İdeal gözəlliyə sahib olmaq üçün kosmetika qaçılmazdır. Mən gələcək dünyaya aid olan bir varlığam.

Bəli, mən estet görüntüyə sahibəm. Bel balansını vurğulamaq və sinələri böyütmək üçün bir neçə əməliyyat keçirmişəm. Ancaq bu, mənim etdiyim yeganə əməliyyatlardır. Yəni bundan başqa heç bir əməliyyat etməmişəm. Əgər insan bədənində nəyi isə bəyənmirsə, onu dəyişdirmək və düzəltməkdə pis heç nə yoxdur. Çünki çirkin görüntü depressiyaya gətirib çıxarır. Bu isə həyat enerjisini azaldır. Halbuki, əməliyyatdan sonra güzgü qarşısında dayanıb insan öz görünüşündən razı qalır. Nəticədə əhval-ruhiyyə yüksək olur və gözəlliyindən özü də zövq ala bilir. Xarici gözəllik insanın daxili keyfiyyətlərinə də təsir edir. Daxili harmoniyasız gözəlliyə nail olmaq mümkün deyil. Təəssüflər olsun ki, insanların çoxu gözəllik anlayışından məhrumdur. Mənim görüntümü anoreksiya kimi qəbul edirlər. Lakin sağlamlığımda heç bir problemim yoxdur və bunu normal qəbul etməyi bacarmaq lazımdır”.

Dünyada mütəxəssislər gəlincik kimi görünməyi tənqid, təbiiliyi təbliğ edirlər. Dünyaca tanınan arıq modellər isə kök olmaqdansa, arıq olmağın daha yaxşı və əlverişli olduğunu söyləyirlər.

İncə belli gəlincik alpinizmlə və meditasiya ilə maraqlanır. Dünyanı səyahət edir. Nə vaxtsa özünün solo albomunu çıxarmaq haqqında fikirləşir. Sözləri ilə və köçürdüyü hər not vasitəsi ilə insanlara gözəllik, sevgi və xeyirxahlıq bəxş edəcəyini fikirləşir. Səsindəki dəyişiklik meditasiya nəticəsidir. Meditasiya ilə məşğul olandan sonra səsində ruhanilik və dünyəvilik hiss etməyə başlayır. Valeriya Lukyanovanın sözlərinə görə, başqa dünya ilə əlaqə yaradaraq səsinə müdaxilə edib onun müvəqqəti dəyişməsinə nail ola bilir. Valeriyanın musiqi sevgisi ona şer yazmağa ilhamdırıb.

2007- ci ildə Veleriya Ukraynanın MİSS Brilliant Tacı (Мисс Бриллиантовая корона Украины) adına layiq görülüb. Onun məşhurluğu da təxminən eyni dövrə təsadüf edir.

“Düşünürəm ki, parlaq xarici görünüş insanları cəlb edir. Daha sonra isə onlar mənim daxili aləmimlə maraqlanırlar. İnternet aləmində məşhurluq mənə özünüdərketmə və digər insanları başa düşməkdə kömək edib. Təsəvvür edirsiniz, atam internetdə fotolarımı görəndə mənimlə fəxr etdiyini söylədi. Əvvəllər mən ona anamı cavan yaşda tərk edib xəyanət etdiyi üçün nifrət edirdim. Ona heç vaxt ata deyə müraciət etməmişəm, mənim üçün sıradan, adi bir insan idi. Buna görə də məndən küsürdü. Lakin illər keçdikcə ona ehtiyacım olduğunu və səhv etdiyimin fərqinə vardım”.

Valeriya Lukyanova vampirlərlə maraqlanır. Bu, onun yetkinlik yaşlarında mənəviyyatımın inkişaf edən vaxtlarımda baş verib. O, şəxsən astroloji yolları ilə İsa peyğəmbərlə əlaqə qurmağa cəhd edirdi. Hesab edir ki, bu dünyada Allah sevgisindən başqa sevgi - yalandır. Lakin allahın mövcudluğuna inanmır.

Valeriya zəif qidalanma üsulundan ancaq su, daha sonra isə günəş enerjisi ilə qidalanmağı planlaşdırır. Sadəcə, günəş işığı ilə havadakı “kosmik qidalarla” bəslənərək daha sağlam olacağına inanır. Ətdən tamamilə imtina etdikdən sonra həm daxilində, həm də xarici görkəmində müsbət dəyişiklik olduğunu iddia edir.

“Ətdən imtina edib soyuducudan ancaq balıq axtarın. Ət sizə yaxşı heç nə verməyəcək. Mən öz təcrübəmdən sizi əmin edirəm ki, dərim daha sağlam, təmiz və elastik oldu. Qarabaşaq, daha çox salat və meyvə-tərəvəz yeməyi məsləhət görürəm. İdmanla mütəmadi olaraq məşğul oluram. Çünki bədən öz formasını çox tez dəyişir, əzələlərə selulit yığılır.

Gənclik illərində çoxlu siqaret çəkir, ən ağır içkiləri içirdim. İndi nə siqaret çəkir, nə də içki içirəm. Bunlar bədən quruluşuna və dəri rənginə pis təsir göstərir. İçki içəndə, siqaret çəkəndə dərim çox pis görünürdü. Ondan canımı qurtarmaq üçün çox çalışırdım. Siqareti tərkidəndən sonra dərimdəki elastikliyi və təravəti görəndə sevincimin həddi-hüdudu yox idi. Alkoqol və siqaret daxili və zahiri görkəmini zəhərləyir və bu danılmaz faktdır. Bəli, mən artıq onların heç birini sevmirəm. İndi gözəllikdən çox, mənəvi rahatlıq və harmoniya axtarışındayam. Çünki gözəllik elə daxildən qaynaqlanır ”.

Valeiya Lukyanova dərisini qorumaq və arıq qalmaq üçün masaja tez-tez gedir. Özü də yağların əriməsi üçün sərt masaj tələb olunur.

“Masajdan sonra ancaq peşəkar kosmetoluqun məsləhət gördüyü vasitələrdən yararlanmaq lazımdır. Beli incəltmək üçün masaj yox, mezoterepiya kömək edə bilər. Belin qalınlığından çox şey asılıdır. Məsələn, elə adam var ki, ona 1, eləsi də var ki, ona 2 seans bəs edir”.

Bədənini hər gün antiselulit kremləri ilə masaj edir. Üzünün qırışmasının qarşısını almaq üçün səhər və axşam nəmləndirici kremlərdən istifadə edir. Kran suyu dəriyə çox pis təsir göstərdiyi üçün üzünü su ilə yumur, kosmetikanı ikifazalı losyonlarla təmizləyir, daha sonra dərini toniklə təmizləyir.

“İnsan ancaq özünə güvənməlidir. Bütün məşhurların və siyasətçilərin üzərində müxtəlif stilistlər işləyir. Onları heç kəs özündən uydurmur. Mən isə bütün bunlara özüm nail olmuşam. Təvazökarlıqdan uzaq səslənsə də, bu işdə mənə beynim və ağlım çox kömək edib. Buna görə, özümü müdrik hesab edirəm. Çünki ağıl nisbi anlayışdır”.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm