• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Modada mini yubka inqilabı - FOTOLAR

  • Qadın
  • 23 Aprel 2014 13:20
  • 3 430 Baxış
Modada mini yubka inqilabı - FOTOLAR

XX əsrin moda tarixi: militari və idman üslubu

Kim deyir ki, moda haqqında yazmaq asandır? Bunun üçün incə zövqün, həm həqiqi , həm də məcazi mənada qlamur qələmin olmalıdır. Çünki moda haqqında yazıları əsasən, xanımlar oxuyur. Xanımlara xas olan vasvasılıq isə onlara hər şeyi bəyənməyə icazə vermir. Və sən modabazlığa ciddi mənada iddialısansa, yaxşı geyinməklə iş bitmir. Modadan yaxşı anlamaq, peşəkarcasına geyinib-kecinmək və zövq nümunəsi olmaq istəyirsənsə, onun tarixi haqqında ən azı, əsas hadisələrdən xəbərdar olmalısan. Bu gün oxucuları zaman maşınında XX əsrin moda tarixinin əlamətdar hadisələrinə səyahətə aparmağa çalışacağam.

XX əsrin əvvəllərində Avropa modası kəskin xarici təsirlərə məruz qalır. Belə ki, o dövrdə idmanın hərtərəfli tanınması, şərq üslubunun təbliği, daha sonra Rusiyanın milli üslubu və əlbəttə ki, birinci dünya müharibəsi insanların modaya olan münasibətini, ümumilikdə bütün dəb sənayesini tamamilə dəyişir. İdmana olan həvəs idman geyimlərinin yaranmasına səbəb olur və illər keçdikdə bu üslub təkmilləşir. İdman geyimləri artıq məşq zallarından kənara çıxaraq müəllimlərin, həkimlərin, jurnalistlərin, artistlərin, biznesmenlərin, işgüzar adamların və tələbələrin həyatının ayrılmaz hissəsinə çevrilir. Bu gün əminliklə demək olar ki, tennis oyunları ətəklərin qısalmasına, şortların və qırçınların dəbə minməsinə gətirib çıxarır. Bu da idman üslubunun rahatlığı ilə əlaqədardır. O qədər rahatdır ki, əgər ciddi dress-kod yoxdursa, iş üçün də əlverişlidir. Atçılıq idman növü isə bizə bu gün daha mükəmməl formada təqdim olunmuş pencəkləri, konki sürmək və xizəkçülüik dəb dünyasına norveç papağı və norveç sviterini bağışlayır.

1910-1913-cü illər: idman üslubu və yeni rənglər

Müharibədən əvvəlki dövrlər moda tarixində yeni rəng çalarlarının yaranması ilə əlamətdar olur. 1905-ci ildə Parisdə fofizm stilində (Matissa və Derena və başqaları) parlaq, rəngarəng əsərlər sərgidə nümayiş etdirilir. 1911-ci ildə Sergey Dyaqilev balet qastrol çərçivəsində Londonda səhnəyə şərq üslubunda hazırlanan “Kleopatra” və “Şəhrizad” baletlərini qoyur. Canlı boyalar və zəngin şərq dekorları 1910-cu illərin yeni moda trendinin başlanğıcı olur və podiuma parlaq rənglər gətirir. Məşhur fransız kuturye Pol Puare şərq üslubunun əsas moda qanunvericisi sayılırdı. O, bu dövrün dəb novatoru olub: Puare qadınları beli sıxan korsetlərdən xilas edir. İlk növbədə selueti vurğulayan, yüksək belli yeni fasonlar tərtib edir. O həmçinin ənənəvi geyim fasonlarını sadələşdirir, silueti yumşaldıb təbii formaya salır, buraya etnik dekor və parlaq rənglər əlavə edir.

Dizaynerlər yeni trendlərdən əlavə, sözü gedən dövrün yaxında dünyasını dəyişmiş moda ənənənlərindən də bəhrələnirdilər. Beau-monde xanımlarını gündəlik ətalətdən xilas edən moda əvvəlki qaydada gündə dörd paltar dəyişməyi tələb edirdi: səhər, günorta və axşam yeməyində. Bu ənənə əlbəttə ki, Avropada yüksək cəmiyyətin kübar xanımlarına aid edilirdi. Aşağı təbəqənin buna gücü və imkanı çatmırdı. Bizdə gəlinin geyim-keçimi, qarderobunu oğlan evi təmin edir və bu ənənə hələ davam edir. O dövrdə ailə qurmağa hazırlaşan qızlar icbari qaydaya əməl edərək əvvəlcədən özlərinə paltar cehizi yığırdılar. Cehizə ən azı, 12 ziyafət libası, 2 ya 3 gecə pelerin (axşam örtüyü), 4 gündəlik paltarı, 2 palto və 12 şlyapa, 10 ev paltarı, 10 ayaqqabı və 10 corab və başqa geyim əşyaları daxil idi.

Modada mini yubka inqilabı

1913-cü ildə qadınların geniş qarderobuna idman geyimləri də daxil olur. İdman geyimlərinə olan ehtirası Avropaya İngiltərə gətirir. Hansı ki, o dövrlərdə məşqlər və velosipedlə gəzintiyə çıxmaq olduqca dəbdə idi. Xanımlar qolf, kroket və tennis oynamağa, konki sürməyə, at arabaları əvəzinə açıq avtomobillərdə gəzməyə başlayır. Bütün bu fəaliyyətlər xanımları metal çubuqlarla birləşdirilən korsetlərdən, həddən artıq dəbdəbəli paltarlardan, uzun ətəklərdən imtina etməyə məcbur edir. Bu isə yüngül və qısa kəsimli geyimlərin xeyrinə işləyir.

İngiltərədə xanımlara ənənəvi (five o'clock) çay dəstkahında korsetləri çıxarmağa icazə verilirdi. Gündəlik yüksək krujevalı yaxalıqlı, qabarıq qollu, bu gün bizə nənələrimizin gecə köynəyini xatırladan üstü güllü paltarlar dəbə minir. Amma ziyafət libaslarında dress-kod ciddi idi. Xanımlar əzəmətli şlyapaları ilə, bahalı krujevalar və ya əsl xəzlərlə bəzədilən ipək paltarı ilə bir-biri ilə yarışa girirdilər.

Militari stilinin modaya gəlişi

1914-cü ilin avqustunda Almaniya Fransaya müharibə elan edir. Bütün ölkədə səfərbərlik elan olunur və kuturye geyimləri ikinci plana düşür. Yüngül sənaye bütün cəbhə ehtiyacını ödəməyə yönəlir. Mövsüm kolleksiyalarından təntənəli ziyafət paltarları yoxa çıxır. Və beləcə xanımların gündə 4 dəfə paltar dəyişməsinə ehtiyac qalmır. Əsgər və onun geyimi hər vaxt xalqın güvənc yeri olub. Eldə, obada hərbi geyimli əsgər görəndə böyükdən kiçiyə qədər hamı ona hörmət edir, izzət göstərir. Birinci Dünya müharibəsindən sonra xalq kasıblaşanda, geyinməyə bir şey tapmayanda müharibədən qayıdan əsgərlərin aksesuarlarını geyiniblər. İri parıltılı metal düymələr, toqqalı qayışlar, hərbi köynək, çəkmələr dəbdə olub. Bunları insanlar fəxrlə, qürurla geyiniblər. Hətta uzun dövrlərdə mübahisə mənbəyi olan aşıqlar da bu geyimlərdən istifadə ediblər. Elə o vaxtdan dəbdə hərbi üslub məşhurlaşıb.

Modaya əvvəllər ancaq üst geyimlərdə istifadə edilən: qara, tünd göy, boz və xardal tünd rənglər daxil olur. O dövrdən etibarən xanımların qarderobu militari stili ilə tanış olur. Gündəlik geyimlərdə minimalizmin və hərbi üslubun təsiri hiss olunmağa başlayır. Ətəklər təxminən ortalarına qədər qısalır və yanlarında ciblər peyda olur. Bu dövrdən etibarən iri düymələri olan pencəklər, nənələrimizin müasir hesab etdiyi yubka-karandaşlar (qələm ətəklər) işgüzar xanım obrazını əmələ gətirir. Ətəklərin qısalması ilə ayaqqabıların rolu daha vacib hal alır. Bu dövrdə ayaq biləyində bir qayış və düymə ilə bağlanan, iki rəngdən ibarət olan dəri ayaqqabılar dəbdə idi. İngilis markası “Burberry” və “Aquascutum” bu illər ərzində qadın qarderobuna hərbi plaş əlavə edərək onun hesabına (trençkot) özünə ad-san qazanır.

Məhz bu hərbi illərdə KOKO ŞANELİN ulduzluq dövri başlayır: 1913-ci ildə Dovildə özünün ilk mağazasını açaraq çoxlu müştəri toplayır. Onun tvid materialdan sadə, lakin qəşəng kostyumları, dənizçilərdən borc aldığı qatlama yaxalıqlı bluzkaları, dizlərə qədər uzanan həcmli yubkaları inanılmaz dərəcədə populyar idi. 1916-ci ildən Koko Şanelə özünün ilk kolleksiyasını nümayiş etdirməyə və artıq kutuyer sıralarına qoşulmağa icazə verirlər.

Müharibə hazır geyim sənayesinin inkişafına təkan verir, cəbhənin forma ehtiyaclarını ödəyən şirkətlər sülh dövründə geyim istehsalına keçirlər. Ən tanınmış modelyer və dizaynerlərin fikrincə, hər bir xalqın geyimində onun vətəninin bir parçası əks olunmalıdır. Bu gün dünyanın ən dəbli xanımları, modelləri, məşhurları militari üslubda tikilən geyimlərdən gen-bol istifadə edir. Xanımların geyiminə fikir versək, onların əynində xardal rəngli şalvarlar, yubkalar, kombinezonlar, donlar, pencəklər, qısa şortlar və xaki rəngli aksessuarları daha çox görmək olar. Onların qarderobunda xaki rəngli paltoları, pencəkləri, gödəkçələri, iri metal düyməli, çoxlu cibləri olan geyim növlərini görə bilərik. Hərbi üslubun geyimlərindən olan metal və qızılı düymələr, bəzəkli epolet poqonlar, hərbçilərin çiyinlərinə taxılan sırma qaytan (akselbant), qızılı düymələr, toqqalı qayışlar hal-hazırda dəbdədir.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR