• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanın ən yaraşıqlı oğlanı: “Açıq-saçıq şəkil çəkdirməyə ehtiyac yoxdur” - FOTOLAR

  • Qadın
  • 24 Aprel 2014 17:10
  • 26 298 Baxış
Azərbaycanın ən yaraşıqlı oğlanı: “Açıq-saçıq şəkil çəkdirməyə ehtiyac yoxdur” - FOTOLAR

Publika.Az-ın “Kokteyl” layihəsinin bu həftə qonağı Azərbaycanın yaraşıqlı modeli Əli Əkbərdir.

- Əvvəlcə sizi yaxında tanıyaq.

- Maliyyəçiyəm, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində oxuyuram. Amma təhsildə qazandığım uğurlara baxmayaraq, anlayıram ki, finans sektoru mənim sahəm deyil. Bu sənət mənim həyat tərzimə və temperamentimə uyğun gəlmir. Mən universitetin ictimai həyatında çox fəal iştirak edirəm. Bir müddət sonra təsadüfən bir jurnaldan təklif aldım və ilk dəfə model olaraq çalışmağa başladım.

- Niyə model olmaq qərarına gəldiniz?

- Mən hər zaman incəsənətə maraq göstərmişəm. Məqsədim model olmaq deyildi. Sadəcə, bu sahə maraqlı gəlirdi.

- Bu sahədə sizi əsas nə cəlb edir?

- Əslində hər zaman kino sahəsində çalışmaq və aparıcı olmaq istəyirdim. Bu istiqamətdə çalışmağıma isə dostlarım bir qədər təkan verdi.

- Gözəl qızların bir-birinin paxıllığını çəkdiyini hər kəs bilir. Bəs oğlanlar arasında necə, belə bir şey varmı?

- Tək modellərə yox, ümumiyyətlə, gündəmdə, üzdə olan insanlara münasibət birmənalı deyil. Əlbəttə, hər zaman yaraşıqlı və qüsursuz insanlara paxıllıq edirlər. Bu da həmişə söz-söhbət yaradır.

- Yaraşıqlı oğlan olmağın ən çətin tərəfi nədir?

- Yaraşıqlı oğlan çoxdur. Digər modellərdən fərqlənmək üçün xarakterinizi ön plana çıxarmalısınız. Xarakterimi yetəri qədər göstərə bilmək üçün bu işə ürəyimi qoyduğumu deyə bilərəm. İşimin hər yönünü sevirəm. Hətta müsahibə verməyi də.

- Çıxılmaz vəziyyətə düşəndə nə edirsiniz?

- Çalışıram ki, özümü ələ alıb problemi həll edim.

- Modelliyin ən pis tərəfləri nədir?

- Şəxsi həyatında fədakarlıq etməlisən. Yaxınlarına, ailənə istədiyin qədər zaman ayıra bilmirsən. Hər zaman tezdən oyanmaq, idman etmək, yaraşıqlı və gözəl görünmək məcburiyyətindəsən. Heç kimin tanımadığın ölkələrə gedirsən, ailən üçün darıxırsan...

- Qız modellərin bəziləri var ki, açıq-saçıq fotosessiyalar etdirirlər. Sonra da gündəmdən düşmək bilmirlər. Amma Azərbaycanda oğlan modellər olsa da, çılpaq fotosessiyalara çəkilmirlər. Buna münasibətiniz necədir?

- Mən bu məsələyə fərqli cür yanaşıram. Özünü model adlandıran qızlar bu fotosessiyalara yalnız gündəmdə olmaq üçün əl atırlar. Və onları model hesab etmirəm. Model podiumda geyim təqdim etməlidir, özünü deyil.

- Açıq fotolarda çəkilmək kimi kompleksiniz yoxdur ki?

- Kompleksli insan deyiləm, sadəcə, açıq şəkil çəkdirməyə ehtiyac yoxdur.

- Modellik peşəsi Azərbaycan mentaliteti ilə nə dərəcədə uzlaşır?

- Artıq Azərbaycan mentaliteti formalaşıb və buna bir sənət kimi baxırlar.

- İdmanla aranız necədir?

- Çox yaxşı, həmişə formada olmaq üçün hər gün idman salonuna gedirəm.

- Sevdiyiniz xanımda hansı xüsusiyyətləri görmək istəyirsiniz?

- Sevə biləcəyim qadın ilk növbədə dərrakəli olmalıdır. Məni hərtərəfli kəşf etməli və öyrənməyi bacarmalıdır. Ona qarşı biganə olduğum anlarda məndən inciməməli, əksinə, problemin kökünü axtarıb-araşdırmalıdır. Həmçinin süni qısqanclıqlardan uzaq olmalıdır.

- Sevdiyiniz xanım varmı və işiniz münasibətlərinizə təsir edirmi?

- Sevdiyim xanım olub. Çox ciddi olmasa da işim müəyyən qədər yaxınlarımla, ümumiyyətlə insanlarla münasibətlərimə təsir göstərir. Hazırda isə sevgilim yoxdur, ümid edirəm ki, gələcəkdə olar. Əsasən facebook-da paylaşdığım şəkillərə xoş sözlər yazırlar.

- Yəqin ki, çoxu qızlardır?

- Bəli.

- Sizin üçün qadın gözəlliyi nə deməkdir?

- Əsas qadının zahiri gözəlliyi olmalıdır ki, kişiləri cəlb etsin. Daxili gözəlliyi təmiz olmalıdır. Oturuşunu, duruşunu bilməlidir.

- İndi modellərin çoxu seriallarda çəkilir. Sizə belə bir təklif gəlibmi, yəni bu, gözlənilirmi?

- Özümu hələ ki, Azərbaycan istehsalı olan seriallarda görmürəm. İstehsal şirkətləri məndən inciməsinlər, keyfiyyət baxımından çox zəifdirlər.

- Hansı stilə üstünlük verirsiniz?

- Hər bir gedəcəyim yerin öz üslubu var, dress-code-u nəzərə almağı sevirəm və həmin tərzdə geyinirəm. Gündəlik həyatda isə idman və rahat üslubda olan geyimlərə üstünlük verirəm.

- Saçlarınız ağarsa, yaxud dəriniz qırışsa, plastik cərraha müraciət edərsiniz? Ümumiyyətlə, kişilərin öz qüsurlarını düzəltmək üçün plastik cərraha müraciət etməsinə necə baxırsınız?

- Bu üsullara əsasən xanımlar müraciət edir. Əgər kişinin üzündə ciddi qüsuru varsa, niyə də ondan azad olmasın? Çünki bu zaman insan özünü daha yaxşı hiss edir və inamı artır. Özüm haqqında isə əvvəlcədən heç nə deyə bilmərəm.

- Qocalanda hansı işlə məşğul olacağınızı düşünürsünüz?

- Hazırda özümü təkmilləşdirirəm, gələcəkdə reklam işi ilə məşğul olacağam, çünki bu sahədə özümü daha yaxşı hiss edirəm.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR