Gözəlliyini narkotikaya qurban verən qadın - FOTOLAR
Bizi izləyin

Qadın

Gözəlliyini narkotikaya qurban verən qadın - FOTOLAR

Dəri baxımı haqqında söz düşəndə dildən-dilə dolaşan əfsanələrin sonu bitmək bilmir. Qadınlar arasında ən çox danışılan söhbətlərdən biri kimin daha dadlı və yeməyi necə hazırlaması barəsində bəhsə girməsidirsə, ikinci prioritet mövzu moda və gözəllik sirləridir. Publika.az-ın qadın bölməsi bu həftə də öz ənənəsinə sadiq qalaraq dünyanın ən dəbli qadınlarının sirlərini araşdırmağa davam edir. “9 don” layihəsi çərçivəsində bu həftə qlamur ilahə adı ilə, qüsursuz stili, bütün bu statuslarına xələl gətirən narkoman həyatı ilə gündəmdən düşməyən model və Conni Deppin keçmiş sevgilisi kimi tanınan Keyt Moss haqqında danışacağam.

Kate Moss çağımızın ən möhtəşəm gözəllik və stil ikonlarından biridir. Görkəmi illər keçdikdə dəyişməyən model, hələ də saysız-hesabsız kosmetik firmalarının reklamında çəkilir. O, 16 yanvar 1974-cü ildə Böyük Britaniyada anadan olub. Valideynləri 13 yaşında ikən boşanıblar. Bir doğma və bir ögey qardaşı və bacısı var. Kate Mossun hazırda 40 yaşı olsa da, dünyanın ən tələb olunan modellərindən biri kimi fəaliyyətini davam etdirir. Boyu 1 72 sm, bədən ölçüləri 86, 58, 89 sm-dir. Kate 14 yaşında olarkən Nyu-Yorkun model agentliyinin rəhbərlərindən biri onu aeroportda görür və model kimi fəaliyyət göstərməyi təklif edir. 2 ildən sonra Kate “Face” jurnalının üz qabığında görünməyə başlayır. 1992-ci ildə bütün qəzetlər onun haqqında danışmağa başlayır və filmlərdə çəkilmək təklifi alır.

Amerikanın məşhur brendi “Calvin Klein” ilə uzun əməkdaşlıqdan sonra o, super model səviyyəsinə yüksələ bilir. 90-cı illərdə “Calvin Klein” qadın və kişi stilini qarışdırdı (unisex) və yeni üslubunu təbliğ etməyi bacardı. Kişi stilində hazırlanan geyimləri uzun, arıq və nazik ayaqlı qızlar podiumda çox gözəl nümayiş etdirdi. Onları kişilərdən fərqləndirən tək şey isə uzun və düz saçları idi. Bu dəb bir müddət trend olaraq qaldı. Daha sonra dizaynerlər gözünün altı qara və xəstə təsiri bağışlayan cılız və solğun gözəlləri moda dünyasına təqdim etdirlər. Kate Moss isə bu dəbin zirvəsində idi. Onun xarici görünüşü dizaynerlərin istədiyi effekti verirdi. Bununla da yeniyetmə və çox arıq model epoxası sürətlə gündəmə gəldi. Hətta 14 və 16 yaşlı qızlar da 90-ci illərin əvvəlində podiuma çıxarılırdı. Model, həmçinin “Gucci”, “Dolce & Gabbana”, “Louis Vuitton”, “Versace”, “Chanel”, “Missoni”, “Christian Dior”, “Longchamp”, “David Yurman”, “ Lui-Jo” və başqa moda evləri ilə işləyib. 10 ildən çox “Rimmel London” kosmetika brendinin siması olub. Kate Мoss 20 yaşında ilk dəfə külli miqdarda pul qazanır, 2000-ci ildə onu dünyanın (onun qazancı 14,8 milyon dollar qiymətləndirilib) ən çox qazanan modeli adlandırırlar, “Forbes” jurnalının hesablamalarına görə, təkcə “Chanel” ilə müqavilə 4 il ərzində ona 5 milyon dollar gətirmişdi. 2000-ci ildə isə dünyanın ən çox qazanan supermodeli adlandırılıb və 14, 8 milyon dollar sərvəti olduğu açıqlanmışdı. “Forbes” jurnalının siyahısında ən çox qazanan modellər siyahısında 2-ci yerdə dayanır.

Kate Moss model olduqdan sonra bir çox xoşagəlməz qalmaqallarda iştirak etsə də özünü heç vaxt başqa bir adam kimi aparmayıb və şəxsi həyatını mətbuatdan gizli saxlamayıb. Kate hər kəslə olduğu kimi, normal bir qız kimi rəftar edir. Parlaq karyerasından fərqli olaraq, şəxsi həyatda arzuladığı xoşbəxtliyi gec əldə edir. Sevgilisi fotoqraf Mario Sorrenti ilə ayrıldıqdan sonra o, Conni Depplə romantik eşq yaşayır. Lakin 2 ildən sonra onunla da ayrılırlar. Conni Depp isə fransız aktrisası ilə görüşməyə başlayır. Conni Deppdən ayrıldıqdan sonra model bir neçə yaraşıqlı kişi Billi Zeyn, Entonu Lenqton, Cek Nikolsonla görüşüb. 2002-ci ildə isə Cefferson Xeklə ciddi münasibətlər yaşayır və ondan qızı Lila Qreysi dünyaya gətirir. Lakin bu münasibətlər də çox çəkmir ki, dağılır. 2005-ci ildə musiqiçi Pit Doerti tanış olur. Onun konsertlərinin birində jurnalistlər Kate-in zərərli maddə iylədiyini görür. Bu xəbər mətbuata bomba kimi düşür. Çəkilən şəkillər “The Daily Mirror” qəzetində çıxır. Bu hadisədən sonra “Chanel”, “Burberry” kimi bir çox şirkətlər modellə olan müqaviləni pozur. Qalmaqaldan sonra Kate Amerikaya, dünyaca tanınmış ulduzların müalicə aldığı xəstəxanaya gedir. Ay yarımlıq müalicədən sonra yenidən Londona qayıdır. Dostları və bir çox dizaynerlər ona dəstək olur və köməklərini əsirgəmir. 2007-ci ildə Kate Moss amerikalı gitarist Ceyms Xinsonla tanış olur. Onlar 2011-ci ildə Londonda evlənirlər. Hər ikisi o qədər xoşbəxt görünürdü ki, nağıl kimi toy xəbərləri və şəkillərinin mətbuata çıxmasına icazə vermişdilər.

Modelin gözəllik ikonları arasında Elizabeth Taylor, Anita Pallenberq, Marianne Faithfull və Jane Birkin var. Rock'n Roll stilində geyinən qadınları bəyənir. Ən çox peşman olduğu gözəllik xətası isə saçlarını kəsdirməsi olub. Qızına makiyaj etməyi qadağan edib. Ümumiyyətlə, gənc qızların dərisini tonal çəkməklə korlaması onu kədərləndirir. Model köhnə geyimlərini qızı üçün öz arxivində saxlayır və onları atmağı düzgün hesab etmir. Çünki köhnə geyimləri nə vaxtsa geyinmək arzusu onu hələ də tərk etməyib. Qış boyu qalın yun köynəklərdə gəzməyi sevən model, yazda, azacıq küləkdə belə nazik jaketlərini və sviterlərini kürəyindən əskik etmir.

Model, dodaqlarını boyayarkən parladıcı yerinə pomada istifadə etməyi xoşlayır. “Pomada çəkdikdən sonra özümü daha cazibədar hiss edirəm. Gün ərzində bej tonlarında, gecə isə qırmızı pomada ilə dodaqlarımı boyamaqdan zövq alıram”.

Adətən sadə göz makiyajından bəhrələnən Kate gecə ziyafətlərində dumanlı göz makiyajına üstünlük verir. Gözəlliyini təbii üsullarla hazırlanan kosmetika məhsulları ilə qoruyur. Aloe vera ekstraktı və lavanda tərkibli şampunlardan istifadə edir. Bu bitki tərkibli şampunların saçını tamamilə dəyişdirdiyini və daha sağlam etdiyini bildirib. Özəl gecələrdə isə James Brown adlı saç ustasının əl işinə arxalanır.

Modelin göstərişli tərzinə baxıb ağır qoxulu parfumlərdən xoşlandığını təxmin edirsinizsə, yanılırsınız. Xəfif və yüngül qoxulara yönələn Moss son zamanlar nostalji hisslər aşılayan “Bluebel” adlı parfum istifadə edir.

Modelin kokain, siqaret, alkoqol kimi zərərli vərdişləri olması həqiqətən kədərləndiricidir. Təəssüf ki, ulduz həyatının pis cəhətləri modeldən də yan keçməyib... Yaşıdları çoxdan pensiyaya çıxsa da, o, hələ də modellik karyerasında iddiasını davam etdirir. Artıq müəyyən yaş həddinə çatsa və fiziki qüsurları olsa da stil ikonu olmasını çoxları təsdiqləyir.

Kate Moss tətbiqi çox sadə, uzun təriflər tələb etməyən bir gözəllik ritualına əməl edir. “Stilist” jurnalına verdiyi müsahibədə də üzünü buz kimi su ilə yuduğunu söyləyib. Bu üsul öz təsirini tez bir zamanda göstərir. Buz kimi soyuq suyun dərini canlandırır və möhkəmləndirir. İdeal dəriyə sahib olmaq üçün duzlu qidalardan imtina edib. Hər gün üzünü nəmləndirici kremlərlə masaj edir.

Dəri pencəkləri təmtəraqlı ziyafət libasları ilə uyğunlaşdırmaqla öz stilini yaradıb. Tez-tez istifadə etdiyi uzun və sallanan sırğalar isə modlein üslubuna zəriflik və şarm qatır. Klassikada da öz stilini yaradıb. Çanta və aksessuar seçimi hər zaman uğurlu alınır. Kürkdən, qalın və dəri kəmərdən, həmçinin zərif parçadan hazırlanan geyimi özünə yaraşdıra bilmək həqiqətən də yüksək zövq tələb edir. Kate Moss isə bunu yaxşı bacarır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm