Azərbaycanda oliqarx xanımlarının sevdiyi çanta - FOTOLAR
Bizi izləyin

Qadın

Azərbaycanda oliqarx xanımlarının sevdiyi çanta - FOTOLAR

Azərbaycanda oliqarx xanımlarının sevdiyi çanta

Dəb dünyasının ən cavan brendi

Dəyəri 2000 avrodan başlayaraq, 17 min funt sterlinqə qədər gedib çıxan çantalara rast gəlmisiniz? Bazarda peyda olan “Analeena” çanta brendi müştərilərə məhz bu “lüksü” təklif edir. Sual doğuran isə qiyməti belə baha edən səbəblərdir.

Publika.Az məşhur fransız brendi sayılan, ilk dəfə 2011-ci ildə London moda həftəsində peyda olub, kübar cəmiyyətin diqqətini çəkən “Analeena”nın yaranma tarixini, özəlliklərini təqdim edir.

Brendi kim yaradıb?

Brend 2008-ci ildə Britaniyalı Lina Hamed tərəfindən yaradılıb. Lina Hamed Londonda “College of Fashion”da təhsil alıb. Sonradan təhsilini “Horrow School of ART” (Vestminster Universitetinin nəzdində) davam etdirib. Universiteti bitirməsinin ardından “Hermes”in London butikində çalışıb. 5 il burada işlədikdən sonra moda evinin Fransa bölməsinə keçib. Topladığı təcrübə əsasında öz xəttinin əsasını qoyub.

Timsah, kərtənkələ, piton və dəvəquşu dərisindən çantalar

Çanta dizayn edən Linda moda dünyasına yenilik gətirməyi bacarıb. Belə ki, onun kolleksiyasını timsah, kərtənkələ, piton və dəvəquşu dərisindən hazırlanan çantalar təşkil edir.

“Analeena” ilə bağlı bir xüsusi məqam da var. Çantaların timsah, piton dərisindən hazırlanmasına baxmayaraq yüngül olması. Çantanın astarı isə quzu dərisindən tikilir. “Analeena” çantalarının daha bir fərqləndirici əlaməti onun funksional hissələridir. Burada çətir, telefon, açar, fənər və digər əşyalar üçün ayrıca ciblər var. Bu brenddə diqqəti çəkən çantaların vaxt keçdikcə daha da gözəlləşməsi, nəsildən nəslə keçməsidir.

“Döşəmədəki çanta kasıblıq yaradır”

Lina “Azzedine Alaïa”, “Manolo Blahnik”, “Balenciaga”, “Dior”, “Dior Galliano” kimi brendlərin pərəstişkarıdır. Öz yaradıcılığında da onlarla uyğunlaşmağa çalışır. Lakin bəzi jurnallar “Analeena”nı “Rolls Roysce” adlandırırlar. Çantalarda rənglər və dəri qarışdırılır, heç yerdə rast gəlinməyən çəhrayı, qızılı metal kəmər əlavə olunur. Çantanın metal tutqacı heç zaman çantanı yerə qoymağa imkan vermir. Əslində bunun da öz fəlsəfəsi var. Cənubi Amerika və Aralıq Dənizi ölkələrində yaşayan insanlarda elə bir inanc var ki, çantanı yerə qoysalar, pullar gedər. Lina Hamed isə bu haqda belə deyir: “Döşəmədəki çanta kasıblıq yaradır”.

Çantaların hazırlanması prosesində iştirak edir

Dizayner kolleksiyasının ərsəyə gəlməsində özü yaxından iştirak edir. Bu haqda hətta müsahibələrindən birində belə deyib: “Maketdən başlayaraq, məhsulun ərsəyə gəlməsinə qədər prosesə nəzarət edirəm. Əvvəlcə çantaların rəsmi çəkilir. Növbəti mərhələdə xammal seçilir. Bundan sonra marketinqə və istehsala start verilir”.

“Analeena” ilə bağlı daha bir vacib məqam çantaların istehsal prosesinin İtaliyada həyata keçirilməsidir.

2000 avrodan başlayan qiymətlər

Onu da nəzərə çatdıraq ki, ekzotik dərili çantaların qiyməti 2000 avrodan başlayaraq 6000 avroya qədər gedib çıxır. Onun kolleksiyasında brilyant daşlarla bəzədilmiş 17 min funt dəyərində model də var.Doğrusu, bu qiymət tarifləri yeni brend üçün həqiqətən yüksəkdir. Markanı alıcılara ilk dəfə “Harrods” ticarət evi Böyük Britaniya mağazalarında təklif edib. Kolleksiyanın satışı cəmi bir həftə çəkib. Bir çanta belə qalmayıb.

Brendin alıcıları məşhurlar, iş adamlarıdır. Modelyerin ilk alıcısı isə ingilis olub. O, Linadan klatç alıb. Yeri gəlmişkən, “Analeena” brendi Bakıda da satılır. Və azərbaycanlı iş adamlarının əksərinin həyat yoldaşları bu çantanı sevərək öz qarderobuna əlavə edir...

Timsah dərisindən çantaya olan sevginin mənbəyi

Yeri gəlmişkən, Linanın Səudiyyə Ərəbistanından olan ərəb şeyxlərindən birinin qızı olduğu bildirilir. Səyahət etməyi sevən modelyer London, Paris və Florensiyada yaşayır. Onun dəriyə olan sevgisinin qaynağına gəlincə, dediyinə görə, bunun kökündə ulu nənəsi Luleyanın İordaniyada olarkən ingilis generalının həyat yoldaşının ona timsah dərisindən çanta bağışlaması dayanır. Belə ki, həmin çanta varislik yolu ilə Linanın nənəsinə, daha sonra anasına keçib. Anası isə çantanı Linaya hədiyyə edib. Lina da öz növbəsində çantanı 3 bacısı ilə paylaşıb. Elə o zaman dəri çantanın nə qədər möhkəm və davamlı olduğunun fərqinə varib.

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm