“Hazırladığım gəlinliyi Safurə Əlizadə də geyinib” – FOTOLAR
Bizi izləyin

Qadın

“Hazırladığım gəlinliyi Safurə Əlizadə də geyinib” – FOTOLAR

2014-ün ən zərif gəlinlikləri – SHAREL-in təqdimatında!

Publika.Az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı hər bir xanımın zövqünü oxşayan gəlinlik libaslarının müəllifi , modelyer Şərqiyyə Əliyevadır. Şərqiyyə Əliyeva bu yay hansı gəlinliklərin dəbdə olduğunu, gecə ziyafətlərində ən çox nəyin aktual olduğu haqqında danışdı.

Moda yaradıcı peşədir. Hər gün nəsə yaratmalısan, fikirləşməlisən”

- Xanımların sizi daha yaxından tanıması üçün özünüz haqqında qısa məlumat verin.

- “SharEl” modalar evinin sahibəsi Şərqiyyə Əliyeva. 1992-ci ildən bu sahədə çalışıram. Bir müddət yerli modalar evlərinin birində fəaliyyət göstərmişəm. Amma sonradan anladım ki, artıq öz işimi qurmağın zamanı gəlib, çatıb.

- Modada sizi cəlb edən nədir?

- Moda yaradıcı peşədir. Hər gün nəsə yaratmalısan, fikirləşməlisən. Modada məni cəlb edən onun gözəlliyi, əlvanlığı, geniş seçim imkanıdır. Ən əsas da mən bu sahədə xəyallarımı, arzularımı təsvir etdiyim kimi canlandırıram.

- Yaxşı modelyer olmaq üçün moda təhsili vacıbdirmi və nə dərəcədə rol oynayır?

- Təhsil hər sahədə vacibdir. Təbii ki, nəzəriyyəni bilmək önəmlidir. Amma bu sahədə seçilmək istəyirsənsə, fərqli düşünməyi bacarmalısan. İnsanların zövqünü oxşamaq o qədər də asan deyil... Mən deyərdim ki, təhsil qədər də istedadının olması vacibdir.

- Dünyanın hansı dizaynerləri sizin üçün ilham mənbəyi ola bilir?

- Təbii ki, bu sahədə öz sözünü diktə etmiş bir çox dizaynerlər var. Hansıların ki, hazırladığı kolleksiyalar uzun illərdir ki, maraqla qarşılanılır və tələb olunur. “Versache”, “Elisabeth” kimi dizaynerlərin dəsti -xəttini bəyənirəm. Amma çalışıram ki, hazırladığım modellər fərqli olsun, özünəməxsusluğu ilə seçilsin.

- Ən çox hansı üslubda geyimlər yaratmağı xoşlayırsınız?

- Əsasən ziyafət və gəlinlik geyimlərini hazırlamaqdan zövq alıram.

““Modada inqilab etmək mütləqdir” kimi bir anlayış yoxdur!”

- Modada inqilab etmək üçün nə tələb olunur?

- Modada inqilab etmək mütləqdir” kimi bir anlayış yoxdur. Fikrimcə inqilab odur ki, sənin hazırladığın, günlərlə düşünüb-daşındığın modellər yüzlərlə, minlərlə insan tərəfindən bəyənilir, hətta həmin adamlar bu geyimləri alıb, sevə-sevə geyinirlər.

- 2014-cü ilin dəbi haqqında nə deyə bilərsiniz?

- Bu il əsasən uzun ətəklər, güllü, müxtəlif printli parçalar, əlvan rənglər öz sözünü deyəcək. Xanımlar çəkinmədən bir neçə rəngi öz geyimlərində kombinə edə bilərlər. Təbii ki, xanımların qarderobunun ayrılmaz və incə bölümlərindən olan ziyafət geyimlərində də bu tendensiya zövqlü şəkildə davam edəcək.

- Yayın ayaqqabı dəbi haqqında məlumat verərdiniz.

- Geyimlərdə olan rəngarənglik ayaqqabı seçimində də özünü qorumalıdır. Çünki bu il müxtəlif rənglərdə ayaqqabılar dəbdə olacaq. Yastı və hündürdaban, o cümlədən qısa dabanı olan ayaqqabılar da bu ilin kolleksiyalarında aktuallıq təşkil edir.

- Azərbaycanda modelyerlərə ayaqqabı sifariş vermək mümkündür?

- Əlbəttə. Geyimlərə uyğun ayaqqabılar hazırlamaq olar.

- Gəlinliklər hazırlayırsınız?

- Bəli. Əslində kolleksiyamda daha çox gəlinlik libasları yer alıb. Bu mövzu mənim üçün həmişə maraqlı və aktualdır. Elə bu gün çəkilən fotolarda da gəlinlikləri nümayiş etdiririk. Bir neçə fərqli model hazırlanmışam.

“Hazırladığım gəlinlik modellərini Safura Əlizadə, Aygün Rəhimova və digər məhşurların təqdimatında oxucular görüblər”

- Bildiyimiz qədəri ilə bir neçə dəfə fotosessiya şəklində modellərinizi təqdim eləmisiniz...

- Bəli, mütəmadi olaraq müxtəlif dərgilərdə məhşur insanlarla fotosessiyalar olub. Hazırladığım gəlinlik modellərini Safura Əlizadə, Aygün Rəhimova və digər məhşurların təqdimatında oxucular görüblər. Bu dəfəki fotosessiyamızda seçim müğənni , son illər özünü aktrisa kimi sınayan Mehin Hümbətova oldu. Hesab edirəm ki, modellərin hər biri ona yaraşdı. Mehinlə bir neçə dəfə iş birliyimiz olub və kifayət qədər uğurlu alınıb. Bunun üçün ona təşəkkür edirəm.

- Yay aylarında toya hazırlaşan xanımlara hansı gəlinlik libaslarına müraciət etməyi məsləhət görürsünüz?

- Bu il ya çox sadə, ya da çox qaşlı modellər dəbdədir. Əvvəllər daha çox dekolte gəlinliklərə üstünlük verirdilərsə, bu il dekoltelərlə yanaşı sinəsi və qolları bağlı gəlinliklər də maraqla qarşılanılır.

- Parçaları haradan alırsınız?

- Müxtəlif xarici ölkələrdən parçalar alırıq, bu sifarişdən və modeldən asılıdır. Ən çox Türkiyə və Dubayla iş birliyimiz var.

- Azərbaycanda istədiyiniz və keyfiyyətli parçaları tapa bilirsiniz?

- Əlbəttə.

- Avanqard üslubda geyim nümunələri hazırlayırsınız?

- Sifariş verirlərsə, əlbətdə hazırlayıram. Xanımların gözəl, zərif görünməsi üçün əlimdən gələni edirəm.

- Sizə müraciət edən xanımlar çox kaprizlidir? Ən çox nələrdən şikayət edirlər?

- Şikayət ən çox istədikləri forma və biçimdə ziyafət geyimləri tapa bilməməkləri ilə bağlıdır. Müştərilərimiz həmişə fərqli və zövqlı hazırlanmış geyimlər axtarışındadılar. Bacardığımız qədər onların bu istəklərini həyata keçirməyə çalışırıq. Xanımların kaprizi ilə bağlı onu deyə bilərəm ki, son nəticəni görəndə və istədiklərini alanda yalnız məmnunluq görürük.

- Dəb, zövq və gözəllik anlayışlarının sizin üçün bir-birindən fərqi nədir?

- Bunlar həm fərqli, həm də bir-birinə zəncir kimi bağlı olan anlayışlardı. Dəb - zövq və gözəllik tələb edir. Zövq varsa dəbli geyinib, gözəl görünmək istəyirsən. Gözəllik varsa, zövq və dəblə bu keyfiyyətə xüsusi şarm qatmaq fikrinə düşürsən.

Şərqiyyə Əliyeva: 055 577 39 75

Çəkilişdə göstərdikləri köməkliyə görə “Mala Praqa” restoranina xüsusi təşəkkür edirik.

Modeli “İnci Studio” gözəllik salonunun ustaları bəzəyib. Vizaj: Nisə Dadaşova. Saç: Xumar Məmmodava. Tel: 012 436 29 48. Ünvan: Nəcəf Nərimanov küç.5A. Koorperasiya Universitetinin yanı, atçılıq mərkəzi ilə üzbəüz, təzə binanın altı.

AYTƏN

FOTOLAR: XƏYAL HÜSEYNOV

Oxumağa davam et
Reklam
Reklam

Gündəm