• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Miri Yusif mənim Azərbaycan musiqisinə bəxş etdiyim töhfədir” - FOTOLAR

  • Qadın
  • 23 Yanvar 2014 18:57
  • 3 812 Baxış
“Miri Yusif mənim Azərbaycan musiqisinə bəxş etdiyim töhfədir” - FOTOLAR

Oxucular üçün müsahibə prosesi yəqin ki, çox maraqlıdır. Düzünü desəm, hər dəfə gecikən tərəf müsahiblərimiz olur. Amma bu müsahibədə biz gecikmişdik. Müsahibimiz həm tez gəlmişdi, həm də bizi gözləməli oldu. Yox, bizi məsuliyyətsizlikdə günahlandırmayın çünki cəmi 6 dəqiqə gecikmişdik. Deyəsən çox danışdım, beləliklə bu gün ki qonağımız səhnədə daha çox MC Murad kimi tanınan bəstəkar, şair, aranjemançı, ifaçı və çox istedadlı insan Murad Quliyevdir. Onun mahnıları daha çox toplu fəlsəfi mövzuda olması ilə seçilir. “Səndən olmaz”, “Mən küləyəm”, “Mən heç kiməm”, “Soruş” Yoxam mən”, “İki doğma insan” və başqa xitlərin müəllifidir. Bu mahnıları heç çəkinmədən Azərbaycan gənclərinin sevgi himnləri adlandıra bilərəm. Çünki gənclərin əksəriyyətinin onlara heyran olduğundan tam əminəm.

- Murad kimdir?
- İnsanın kimliyini formalaşdıran bəzi aspektlər var. Daha çox oxuduğum bədii kitabların baş qəhrəmanlarının müsbət cəhətlərini özümə götürüb bir şəxsiyyət olaraq öz kimliyimi formalaşdırmışam. Ən əsas da daxili keyfiyyətlərimdə bir nümunə olaraq peyğəmbərlərə verilən keyfiyyətlərin əks olunmasına çalışmışam. Ümumi olaraq, Murad hamı kimi adi insandır.

- Belə başa düşdüm ki, yaxşı insan olmaq istəyirsiniz. İndi belə adamlar çox azdır, həm də istəsən də çox vaxt mümkün deyil. Çirkinliklərin və riyakarlığın mövcud olduğu zamanda yaxşı xüsusiyyətlərə sahib olmağa can atmaq çətin deyil ki?
- Hər bir insanın daxilində müsbət və mənfi keyfiyyətlər toplanıb. Sadəcə hər şey qarşımızdakı insana münasibətimizdən asılıdır. Biz onun səhvlərini görmək istəyiriksə, onsuz da görəcəyik çünki səhvsiz insan yoxdur. Əsas olan onların müsbət və ən yaxşı tərəflərini kəşf etməkdir, mənfilərə isə bacardığımız qədər göz yummalıyıq. Göz yuma bilmədiyimiz halda, o insanı həyatımızdan uzaqlaşdıra bilərik. Axı hər şeyin müəyyən bir həddi-hüdudu var...
Birinci növbədə yaxşılıq ibadətdir və hər kəsin borcudur. İndi ibadət dedikdə adətən İslam dinin ritualları nəzərdə tutulur. Bu da ibadətdir, amma insanın ən böyük ibadəti yaşadığı cəmiyyətə xidmətləridir.

“Dua göylərə ucalan nərdivandır”

- Allahla insan arasında vasitəyə ehtiyac var?
- Mütləq. Çünki Allahın təlimlərini insanlara çatdıran şəxsiyyət olmalıdır. Peyğəmbərlər və onların səhabələri məhz həmin missiyanı yerinə yetirir. Allahla insan əqidəsi arasında vasitəyə ehtiyac var, amma insan ruhu ilə Allah arasında ehtiyac yoxdur. Məhəmməd peyğəmbər söyləyib ki, dua göylərə ucalan nərdivandır. Allahla pərdəsiz ünsiyyət qurmağın ən birinci üsulu duadır.

- Siz islam dinin şərtlərinə əməl edirsiniz?
- Xeyr, mən peşəmlə yaşadığım cəmiyyətə xidmət edirəm. Bu barədə artıq bəxtim gətirib. Musiqilərimlə insanları maarifləndirməyə, mahnılara yazdığım sözlərlə insanların daxilindəki müsbət keyfiyyətləri oyatmağa çalışıram.


- Yaxşı musiqiçi olmaq üçün təhsil vacibdir?
- Dünya miqyasında təhsili olmayan o qədər rejissorlar, aktyorlar, musiqiçilər var ki, yüksək pillələrə sahib olublar. Yaxşı musiqiçi olmaq üçün yaxşı insan olmalısan. Çünki musiqi birbaşa ruhun qidasıdır. Musiqi elə bir mövhumdur ki, ona nə toxuna bilərsən, nə də görə bilərsən. Onu sadəcə eşidib və duya bilirsən. Bu halda musiqiçinin necə bir insan olmağı çox vacib haldır.

“Miri Yusif Azərbaycan musiqisinə bəxş etdiyim töhfədir”

- Miri Yusifi sizin yazdığınız mahnılarla tanımağa və daha çox sevməyə başladıq. Amma MC Muradı çox az adam tanıyır, özünüz də tanınmağa meylli deyilsiniz. Mahnıların sahibinin sevilməməsi ədalətsizlik deyil?
- Miri Yusif tanınırsa, deməli, mən də tanınıram. “Karma”, “Karvan” albomunun və bu günə qədər məşhur xitlərinin çoxunun müəllifi mən olmuşam. Miri Yusif Azərbaycan musiqisinə bəxş etdiyim töhfədir. Onun ifa üslubu, obrazı, mahnılarda yaratdığı abı-hava beynimin məhsuludur. Tanınması məni ancaq sevindirə bilər.

- Miri Yusif əsasən replə məşğul idi. Niyə hər hansı bir müğənni ilə deyil, məhz onunla işləmək istədiniz?
- Bu layihəyə başlayanda bu qədər rezonansa səbəb olacağını ümid eləməzdim çünki çox gənc, bacarığımdan və böyük kütləyə göstərə biləcəyim təsirdən xəbərsiz idim. Azərbaycan musiqisini uşaqlıqdan izləyirəm və kimin hansı potensiala malik olduğunu, nəyi bacardığı yaxşı bilirəm. Uşaqlıqda dinlədiyimiz “Pəncərə” mahnısının nəqarətini də Miri Yusif oxuyub. Onun səs imkanlarını nəzərə alıb bu tərzi ortaya qoydum. Bir məsələdə var ki, Miri Yusifin ifası deməzdim daha çox tərzi sevilir. Onun yaradıcısı da məlumdur. (Gülürük)

- Bu üsluba dünya musiqisində rast gəlmək olar. Məsələn, Bumbooks, Bastanın mahnıları ilə oxşarlıq var.
- Bumbooks, Basta və Miri Yusif bunlar hamısı bir dalğadır. Əksinə, Azərbaycanda bu üslubu inkişaf etdirdiyimiz üçün fəxr etmək lazımdır.

- Bəs Bumbooks olmasaydı?
- Bu qrupun da özünün yaranma tarixi var. Onlardan əvvəl Mixey və Cumanci olub. Mixey və Cumancinin də tərzi dolayısı ilə reqqi musiqisinə və Bob Marleyə gedib çıxır. Reqqi musiqisi də dünyaca məşhur musiqidir. Yəni, Mixey və Cumanci Bob Marleydən bəhrələnib, Bumbooks da eləcə Mixey və Cumancidən bəhrələnib. Biz də bu üslubu özümüzə xas, öz abı-havamızda təqdim etməyə çalışmışıq.

- Uğura gedən yolda maneələri dəf etmək üçün nə etmək lazımdır?
- İradəli olmaq lazımdır. İnsan öz məqsədini biləndə heç bir maneə onun qarşısını kəsə bilməz.

- Mahnıların sözlərində tərki-dünyalıq, sufilik fəlsəfəsi hiss olunur. Hər şeyi və hamını atıb hara gedərdiniz?
- Ümumiyyətlə, dünyanı səyahət etmək istərdim. Müəyyən yaşa dolandan sonra yaxınlarım və əziz hesab elədiyim biri ilə insanların çox az olduğu bir yerə köçmək istərdim. Çox şey tələb etmirəm. İçində müəyyən şəraiti olan, ətrafında yaşıllıq olan birmərtəbəli ev... Təbiətə yaxın olmaq istərdim çünki insan təbiətin bir hissəsi, onun ən ali üzvüdür.

“Dünya malına bağlılıq insanları xoşbəxtlikdən ayırır”

- Xoşbəxt olmağınız üçün nə çatışmır?
- Xoşbəxtlik fərdi və nisbi anlayışdır. Bəziləri xoşbəxtliyi 1 milyon dollarda görür, bəziləri isə bir stəkan çayla xoşbəxt olmağı bacarır, kiçik şeylərlə qane olur. Problem insanların beynindədir, insan özü-özünü xoşbəxt etməyi bacarmalıdır. Dünya malına bağlılıq insanları xoşbəxtlikdən ayırır.

- Əsl kişinin çoxlu pulu olmalıdır?
- Pul ali məqsəd deyil, əsl kişi pul dalınca qaçmamalıdır. Pul bizim getdiyimiz məqsədə doğru bir vasitədir. Pul nə qədər çox olsa, bir o qədər yaxşıdır. Amma xoşbəxtlik pulda gizlənməyib. Kişinin çoxlu pulu olmaya bilər, amma onun savadı ola bilər. Savad bütün hallarda puldan daha önəmlidir.

- Heç kimdən asılı olmamaq üçün gənc bir kişiyə ayda nə qədər pul tələb olunur?
- Bu suala hər kəs fərqli cavab verə bilər.

- Kişilər müasir qadınlarda hansı keyfiyyətləri görmək istəyir?
- Hər bir kişi öz qadınında qayğıkeş xanım obrazını görmək istərdi. Bu fikri tək xanımlara şamil eləmirəm. Yaxşı olardı ki, həm kişilərdə, həm də qadınlarda ruhani keyfiyyətlər inkişaf eləsin.

- Qadın cəlbediciliyi nədən ibarətdir?
- Qadın öz daxili aləmi ilə özünü mənə sevdirə bilər. Xarici görkəmində müəyyən bir incəlik, naxış məni cəlb edə bilər.

- Yeni nələr yazırsınız, karyeranızda nə kimi yeniliklər gözlənilir?
- 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasına eyni adlı HipHop myuziklını yazmışam və səhnələşdirilib. Bu, Azərbaycanda ilk myuzikl idi. Myuziklın musiqisi və aranjımanı mənə məxsusdur. Ssenaridə ehtiyac olduğu üçün sözlərdə də bəzi dəyişikliklər eləmişdim. Hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə yeni bir myuzikla başlayırıq.

- Hansı mövzuda olacaq?
- Sırf şərq motivləri üzərində qurulub. Myuziklın mövzusu dünyada baş verən haqsızlıqlardan, ədalətsizliklərdən bezib haqqı, həqiqəti axtaran adam haqqında olacaq. Həqiqəti axtarmaq naminə dərviş qismində uzun səfərə çıxır. İldırım çaxır, qısa qapanma baş verir və qeyb aləminə düşür. Qeyb aləmində Azərbaycanın görkəmli şairləri ilə görüş baş tutur. Həyata davam etmək üçün onların beytlərindən lazımi gücü toplayır, fanilik ideologiyasını beyninə həkk edir və nələrisə dəyişmək naminə qayıdır. Myuziklın əsas məğzi ondan ibarətdir ki, dünyada nələrisə ən azı öz davranışımızla, əxlaqımızla dəyişə bilərik.

- Öz albomunuzu çıxarmaq fikriniz var?

- Bəli, hal hazırda solo albomum üzərində işləyirəm. Albom “KOMA” adlanacaq. Həmişəki kimi yeni tərz, yeni üslub və kreativ yanaşma var bu albomda. Çox yaxın zamanda dinləyicilərə təqdim edəcəyik.

- Musiqiçilər çox həssas olurlar. Hissləriniz sizi tez-tez aldadır?
- Musiqiçilər üçün ən yaxşı motivasiya yazdıqları əsərlərin uğuruna inanmaqdır. Bu yolda aldana bilərlər. Mələsən, televiziyanın saytların ötürdüyü hər hansı məlumat avtomatik olaraq məni düşündürür və bir neçə dəqiqə üzərində dayanmağa məcbur edir. Amma oxuduğunu adi informasiya kimi qəbul edən insanlar da var.

- Ən yaxşı mahnılar hansı mövsümdə yazılır?
- Əsas payızda, bir də yayın əvvəllərində.

- Yaraların sağalması üçün nə qədər vaxt lazımdır?

- Yaralar ümumiyyətlə, sağalmır.

- Deməli, zaman dərman ola bilmir?

- Zaman insanı yaranın yaratdığı haldan ayıra bilər. Yara elə bir “xəstəlikdir” ki, hər an açıla bilər. Xatirələri pozmaq olmursa, yaralar da sağalmır.

AYTƏN

FOTO: NURON

Xəbər lenti

DAHA ÇOX XƏBƏR