Çirkin olduğu üçün utanırdı, indi isə Ukraynanın ən cazibədar qadınıdır - FOTOLAR
Bizi izləyin

Qadın

Çirkin olduğu üçün utanırdı, indi isə Ukraynanın ən cazibədar qadınıdır - FOTOLAR

Uşaqlıqda aldığı travmalar uzun müddət müğənniyə rahat yaşamağı imkan vermir. Bu problemi həll etmək üçün o, psixoloq yanına gedir. Amma onu indi tam əsasla uğurlu və xoşbəxt qadın saymaq olar. O, iki uşaq anası, tələb olunan ifaçı, aktrisa və teleaparıcıdır. Ukraynanın sarışın ilahəsi Rusiyanın seks-simvoluna çevrilir. Hətta özünə milyonçu ər də tapır. Şəxsi həyatını var gücü ilə mətbuatdan gizlədir, valehedici bədənini isə sevə-sevə hamıya nümayiş etdirir. Jurnalların üz qabığından şəkilləri əskik olmur. Beləliklə, “9 don” layihəsində Vera Brejnevanın dünən 32 yaşı tamam olması münasibəti ilə sözün əsl mənasında çətin keçən uşaqlıq illəri və gözəllik sirlərini açıb-tökəcəyəm. Axı kim onun 2 uşaq anası olduğu iddia edə bilər? Və kim onun sahib olduğu cazibədarlığa malik olmaq istəməz ki?

“Anam köhnə paltarlarını bizə verirdi”

Bizim Vera Brejneva kimi tanıdığımız Qaluşka Vera Viktorvna 1982-ci ilin fevralın 3-ündə Dnepropetrovskidə kasıb ailədə doğulub. Ailəsinin musiqi ilə yaxından-uzaqdan əlaqəsi olduğunu demək olmaz. Atası Viktor Mixayloviç Qaluşka Pridneprovskom kimya zavodunda işləyib. Tibb məktəbini bitirən anası - Tamara Vitalevna Qaluşka da həmin müəssisədə çalışıb. 3 bacısı: böyüyü Qalina, Anastasiya və Viktoriya adlı iki əkiz bacısı var.

Təbii ki, 6 nəfərdən ibarət ailəni dolandırmaq asan məsələ deyildi. Məktəbdə sevilməyən qızcığazın uşaqlığı ağır keçib. Həyatın əslində, məktəb pəncərəsindən göründüyü kimi olmadığını uşaqlıqdan qavrayır. Sinif yoldaşları əylənib, deyib-gülərkən, Vera boş vaxtlarında pul qazanmağa gedirdi. Məktəbdə məğrur, məqsədyönlü qızı demək olar ki, heç kəs xoşlamırdı. Çünki hamıdan tez böyümüş, çox hündür idi. Həm də demək olar ki, həmişə eyni nimdaş paltarda və qəribə saç düzümündə gəzirdi. Sadəcə geyinməyə başqa heç nəyi yox idi.

“Başa düşürdüm ki, ailəmiz çətinliklə keçinir, valideynlərdən yeni və gözəl şeylər tələb etmək eqoistlikdir. Gecələr anam köhnə paltarlarından bizə geyimlər tikirdi. İkinci əl geyimlər təzə çıxanda biz onlar arasından ən yaxşılarını seçir, bərpa edir və yuyub geyinirdik. Anam bizim yaxşı geyinməyimiz üçün əlindən gələni edirdi. Biz isə ona yazığımız gəldiyi üçün məktəb uşaqlarının bizi təhqir etdiklərini, güldüklərini anama heç vaxt demirdik”.

Onun yeganə sevinc mənbəyi pioner düşərgəsi idi. Orda heç kimin uzun, yöndəmsiz və sinfin ən çirkin qızı olduğundan xəbəri yox idi. Ancaq pioner düşərgəsində özünə təsəlli tapa bilirdi.

Ailəsinə kömək etmək istəyən Vera 11 yaşında özünə iş tapır. Gələcəyin seks-simvolu çətin və alçaldıcı işi öz öhdəsinə götürür, belə ki, parkın yaşıllaşdırma işlərini qaydaya salırdı. Sonra tanışlarının köməyi ilə özünü dayə rolunda sınayır. Hər yay nənəsi ilə kolxoz çöllərinə məhsul yığımına gedirdi. Bu iş müqabilində isə çox az pul verirdilər, hətta elə vaxtlar olurdu ki, ümumiyyətlə pulsuz yola salırdılar. Əvəzində isə meyvə-tərəvəz verirdilər. Yuxarı siniflərdə isə o kafeyə qabyuyan vəzifəsinə işə düzəlir. Buna vəzifə demək olarsa...

“Mən onda gördüyüm işi alçaldıcı hesab etmirdim, əksinə ailəmə kömək etdiyim üçün dəhşət xoşuma gəlirdi”.

Vera etiraf edir ki, qazandığı bütün pulları anasına verir və bununla fəxr edirdi. Qürurlu qızcığaz buraxılış gecəsində özünə pul xərcləməyə qıymır. Buraxılış gecəsi də onun üçün xüsusi olmur, bütün gecəni sarsıntı və qüssə içində keçirir. O attestatların təqdim olunma mərasiminə gəlir, alır və evə gedir. Çünki valideynlərinin “masa pulunu” ödəməyə imkanı yox idi.

Məktəbi bitirdikdən sonra Vera başa düşür ki, doğma şəhərində onu heç bir perspektiv gözləmir. Buna görə də, Dnevropetroviskiyə universitetə qəbul imtahanı verməyə gedir. Bu böyük şəhərdə yaşamaq üçün pul lazım idi, onun isə heç nəyi yox idi. Hər gün evə gedib qayıtmaq üçün pul lazım olurdu. Həm də bu vaxt itkisi idi. Vera Dnepropetrovsk Dəmir Yolu Məqliyyatı Mühəndisləri İnstitutunun iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur. Lakin tezliklə məzuniyyətə çıxmalı olur. Belə ki, böyük qızı Sonyanı 18 yaşında dünyaya gətirir.

“Kişilər həmişə dözülməz qadın olduğumu iddia edirlər. Uşaqlıqdan sərbəst böyüyən, özünü idarə etməyi öyrənən qadın başqa nə cür davrana bilər axı? Uşaqların vaxtından əvvəl böyüməsini istəmirəm!”

Vera hökmlü qadın olduğundan öz şərtlərini diktə edə bilmək üçün sakit və həlim təbiətli kişilərə üstünlük verir. Vitali isə onun ilk qurbanı olur. 1999-cu ildə kafelərin birində sarışın ilahəni görür və möhkəm vurulur. Sevgisini qazanmaq üçün dalınca sürünməli, hətta yalvarmalı olur. Lakin qızlarının doğulması belə bu sevgini xilas edə bilmir. Brejnevanın ilk hamiləliyi çox ağır keçir, doğum evində bir neçə ay həkim nəzarətində olur, bütün bu müddət ərzində Vitali onun yanında idi. Qızının atası Vitali Voyçenko ilə bir neçə il qeyri-rəsmi nikahda yaşayır. Gənc ata fədakarlıq edərək analıq vəzifələrinin yarısını öz öhdəsinə götürür, uşağının anasına gecələr doyunca yatması üçün şərait yaradır, uşağın qayğısına qalırdı. Belə fədakarlıq isə kişilər arasında çox nadir hallarda rast gəlinir. İlk il qızcığazla heç bir problem yaranmır, buna görə də Vera Brejneva analığının birincini ilini nostalji ilə xatırlayır. Ancaq qızının yaş yarımlığında Vera “VİA Qra” qrupunun kastinqləri üçün Kiyevə yola düşür.

Çirkin olduğu üçün utanırdı, indi isə Ukraynanın ən cazibədar qadınıdır

Qrupun üzvi Alyona Vinniçkaya qrupu tərk edəndə, Vera kastinqlərdən uğurla keçir. 2003-cü ildə Vera qrupun tərkibində çıxış etməyə başlayır. Kastinqlərdən keçən kimi produsserlər təxəllüs haqqında fikirləşirlər. Çünki “Qaluşka” soyadı heç də uğurlu deyildi. Onlar biləndə ki, Vera Leonid İliç Brejnevin vətənində doğulub, soyad özlüyündə həll olunur. “Düşünürəm ki, Leonid İliç bu özümə soyadı götürdüyümə görə utanmazdı...”

Məhz bu heyəti, “VİA Qra”nın “qızıl heyəti” adlandırırlar. Çünki "VİA Qra" qrupunun bütün mövcudluğu ərzində ən uğurlusu idi.

Qızına baxmağa razı olan ailəsinə hər həftə baş çəkməyi planlaşdırsa da, gözlənildiyi kimi alınmır. Belə ki, çəkilişlər, fotosessiyalar, müsahibələr imkan vermir. Bu yalnız ilk baxışdan sadə görünürdü, əslində isə Vera özünü yad paytaxtda hiss edirdi. Amma əvəzində yaxşı pullar qazanır. Təkcə pul yox, həm də kişilərin heyranlıq dolu baxışlarını və sevgisini qazanır. Bir sözlə, məktəbin çirkin qızcığazı, qu quşu nağılındakı kimi birdən-birə parlayır.

4 il ərzində qrupun əvəzolunmaz üzvi olan Veranın həyatında əməlli başlı dönüş olur. Tamaşaçı sevgisi, hit mahnılar, çoxsaylı mükafatlar qazanır. Amma 2007-ci ilin dekabrında Vera özünü təsdiq etmək üçün qrupu sakitcə tərk edir.

Oliqarx aravdı

Bu müddət ərzində Vera özünə varlı ər də tapmışdı. Belə ki, 2006-cı ildə ukraynalı biznesmen Mixail Kipermana ərə gedir. Son bir neçə ildə Kiperman Şərqi Avropanın ən varlı adamları sırasına daxil olub. Belə kişini hansı qadın rədd edər ki? Lakin problemlə üzləşir: Oliqarxın arvadının “VİA Qra” qrupunun solisti olması nə dərəcədə düzgündür? Ailə səadəti və karyera seçimi qarşısında qalan Vera birincini seçir. Qrupu həmişəlik tərk edir. Maraqlısı odur ki, qrupu tərk etdiyi 3 il ərzində cəmi 9 mahnı yazdırır. Onların 5-i hit olur, səhnədən getməsi məşhurluğunu itirməsinə mane olmur.

2007-ci ildə artıq Vera Brejneva “Maxim” jurnalının keçirdiyi səsverməyə əsasən Rusiyanın ən seksual qadını seçilir. 2008-ci ildə Rusiyanın birinci kanalında “10 sehr” verilişində özünü teleaparıcı kimi də sınayır. Elə həmin il Veranın solo ifasında “Я не играю” (Mən oynamıram) klipi və 2-ci “Nirvana” sinqlı çıxır. Vera “Южное Бутово” şousunun əvəzolunmaz aparıcısı olur. Proqramın 4 buraxılışından sonra Vera hamiləlik məzuniyyətinə gedir, çəkilişlər isə kəsilir. 2009-cu ildə Vera varlı ərindən olan kiçik qızı Saranı dünyaya gətirir.

“Kiçik qızım çox şirindir. Bu yaş həddində, iki ildən beş ilədək uşaq ətrafda baş verənləri qavramağa başlayır. Uşaq bu yaş həddini keçəndən sonra kədərlənir və daha bir uşaq istəyirsən. Əlbəttə, oğlumun da olmasını istərdim. Görək Allah nə verəcək!”.

Brejneva sonra Ukraynanın “Superzirka” şousunda hakim qismində iştirak edir. Bu qədər tele - layihələrdə imza atsa da, musiqi karyerasını da davam etdirir. Belə ki, 2010-cu ildə “Любовь спасет мир” (Sevgi dünyanı xilas edəcək) adlı solo albomu işıq üzü görür. Albom həm tənqidçilər, həm də pərəstişkarları tərəfindən yaxşı qəbul edilir – bunu həmin il aldığı “Qızıl qrammofon” mükafatı da sübut edir.

Uğurlarının ardı-arası kəsilməyən Vera 2012-ci ildə ərindən boşanır. Bu barədə nə biznesmen əri, nə də ki, ulduz özü heç bir açıqlama vermir. Amma gəzən söz-söhbətlərə görə boşanma səbəbləri arasında əlverişsiz maliyyə vəziyyəti dayanır. 2013-ci ilin fevralında onun rejissor Maryusom Vaysberqom ilə roman yaşadığı barədə söz-söhbət gəzməyə başlayır. Lakin özü bu məlumatı təkzib edir.

Boyu 171 sm, çəkisi isə 51 kq-dır

Vera Brejnevin bütün mahnıları yüz faiz hitə çevrilir, aktrisanın ifa etdiyi istənilən rol onu ulduza çevirir, ümumiyyətlə, istedadlı və gözəl qadındır.

“İşim çox vacibdir, o məni həqiqi mənada xoşbəxt edir. Amma vəhdət mənim üçün çox önəmlidir, bu vəhdəti isə kişi və qadın münasibətlərindən ibarətdir. Ötən illər də tam mənası ilə xoşbəxt deyildim, çünki nəsə çatışmırdı. İndi isə gördüyüm işlərdən və həyatdan zövq alıram. Rusiya şou-biznesinə köklənmisənsə, onda sən artıq ukraynalı artisti deyilsən. Məsələ burasındadır ki, bu qurumlarda səni çox səmimi qəbul etmirlər. Ölkə xaricində işləyən bütün artistlərlə baş verir”.

Dəbdəbəli qadın olan Vera bahalı hədiyyələrə öyrəşib. Onun ilk avtomobili “Jaquar” olub. Digər avtomobilini isə varlı pərəstişkarı hədiyyə edir. Bu, qırmızı idman avtomobili “Porshe” idi. Lakin tezliklə başa düşür ki, yollarda gəzmək rahat deyil və onu satır. İqor Kolomoyskoqodan isə ona dəyəri 200 min dollar olan “Mercedes” avtomobili qalır. Qaldı ki, qanuni həyat yoldaşına, ondan da “Cadillac Escalade” markalı avtomobil qalıb. Bu maşınla o Kiyev küçələrində istədiyi kimi şütüyür.

Vera Brejnevanın gözəlliyi genetik olduğundan hədsiz qürur duyur. Buna baxmayaraq, təbiətin ona verdiyi hədiyyəni korlamır. Brejneva yalnız tərəvəz, meyvə və balıq yeyir. Yağlı qidalardan isə uzaq durur.

“Pəhriz saxlamıram. Nəticə etibarı ilə sən özün-özünə qadağa qoyursan və özün də qaydaları pozursan. Mən yüngülləşdirilmiş qida rejiminə üstünlük verirəm. Qazlı və şirin sulardan ümumiyyətlə istifadə etmirəm. Yatmazdan 3 saat əvvəl heç nə yemirəm”.

Səhərlər yulaf sıyığına üstünlük verir, əsas ağırlığı nahara verir, şam yeməyini də meyvə və tərəvəzlərlə yola verir. Müğənni şirin şeylərə və alkoqola demək olar ki, meylli deyil. Bundan əlavə mütəmadi olaraq idmanla məşğul olur. Dəri gözəlliyinin resepti də çox sadədir: Səhər əl-üzünü yumaq əvəzinə buz qəlibləri ilə silmək, ayda 2 dəfə kosmetoloq ziyarətinə getmək və ən əsası möhkəm yuxu.

“Qadının necə görünməsi özündən asılıdır. Əgər qadın özünə hörmət edirsə, sevdiyi kişinin xoşuna gəlmək istəyirsə, özünə güzgüdə baxanda zövq almaq, ümumiyyətlə, zərif qalmaq istəyirsə, müəyyən nüansları nəzərə almalıdır. Mən bu nüansları nəzərə aldığım üçün hamiləlikdən sonra tez bir zamanda əvvəlki formama qayıda bildim. Geyimlərimə xüsusi həssaslıqla yanaşıram. Bəzi əşyalarımın 5 yaşı var, amma baxanda elə bilirsən ki, təptəzədir.”

Qlamurların ənənəvi məşğələlərindən əlavə, Vera xeyriyyəçiliklə də məşğul olur. O, onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara yardım edir. Əvvəllər bütün işlərlə özü məşğul olurdu, sonralar ətrafında ona kömək edə bilən insanlar toplayır və xüsusi təşkilat yaradır. Müğənninin bir nəcibliyi də ondan ibarətdir ki, gördüyü işləri heç kəsin gözünə soxmur. Bununla da daha çox hörmət doğurur.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm