Cəmiyyət qaçırılan qızları sevmir?
Bizi izləyin

Qadın

Cəmiyyət qaçırılan qızları sevmir?

Poçtumuza gələn sualları hüquqşünas Kamran Məmmədov, psixoloqlar Elnur Bayramov və Arzu Cavadova cavablandırırlar.

Asya Hüseynova: Qaçırılan qızlarda psixoloji problem yaranırmı?

Psixoloq Elnur Bayramov: Qaçırılan qızların çoxu qarşılıqlı razılıq əsasında bu addımı atır. Əgər zorla qaçırılıbsa, əks cinsin nümayəndəsini, yəni "əri"ni sevmirsə və onunla bir yerdə yaşamaq məcburiyyətindədirsə, təbii ki, psixoloji narahatçılıq və gərginlik davamlı olaçaq.

Ola bilər, uşaq doğulduqdan sonra gərginlik nisbətən yumşalsın. Qadın zərif məxluqdur, güclü çinsin nümayəndəsinə etibar edir. Ondan güc tətbiqi gördükdə inam və etibar hissi azalır. Bu güvənsizlik onu bütün həyatı boyu müşayiət edə bilər.

Seymur Ələkbərzadə: Qaçırılmalarla qurulan izdivacların boşanma ehtimalı nə qədərdir?

Psixoloq Elnur Bayramov: 50 il bundan öncəyə qədər rayonlarımızda da, şəhərlərdə də qaçırılma ilə qurulan ailələr normal yolla qurulan ailələr kimi qəbul edilirdi. İnsanlar qız qaçırılmasına o qədər adi baxırdılar ki, sanki bu belə də olmalıdır.

Amma son dövrlər qaçırılma ilə qurulan ailələrdə boşanmaya meyl artır. Təbii ki, söhbət məcburi qacırılmadan gedir. Bunun səbəbləri informasiya bolluğu, gender bərabərliyinin güclənməsidir.

Sahilə Fərmanqızı: Qaçırılan qız ata evinə qayıtmaq istəyəndə cəmiyyətin qınağı niyə sərt olur?

Psixoloq Elnur Bayramov: Bu adət-ənənədən, milli mentalitetdən irəli gəlir. Əvvəllər belə bir ifadə var idi, bəzi bölgələrdə bu gün də qalıb: "Ər evi, gör evi". Əgər qız qaçırılıbsa, əlinə bir kişi əli dəyibsə məhz onunla yaşamalı, evlənməlidir. Bir fərdin səhv düşüncəsi və fikri cəmiyyəti yönəldə bilir. Bu sterotipi aradan qaldırmaq gərəkdir. 10 il, 20 il, bəlkə də 50 il istəmədiyin, sevmədiyin, qəbul etmədiyin birisi ilə yaşamaq dözülməzdir.

Xəyal Sarıyev: Əgər mən qız qaçırsam bu, adam oğurluğu hesab olunurmu?

Hüquqşünas Kamran Məmmədov: Bir insanı zorla, əl-qolunu bağlayaraq istəmədiyi bir şeyə məcbur etmək, qaçırmaq cinayətdir. Qız şikayətçi olmasa, qanunla bu cinayət sayılmır. Şikayət edərsə, qarşı tərəf Cinayət Məcəlləsinin 144.1 maddəsi ilə mühakimə edilir.

Adam oğurluğuna görə cəzanı nəzərdə tutan bu maddəylə qız qaçıranı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir. Cinayət Məcəlləsinin 144.2.3. maddəsinə görə, hadisə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, cəza artır. Bu halda həmin şəxslər 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

Amma qanunvericilikdə qaçırılan qızın ona dəymiş fiziki, mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbi barədə heç bir maddə yoxdur.

Mədət Xasıyev: Zorla qaçırılan qızlar psixoloji zədə almırlar ki?

Psixoloq Arzu Cavadova: Zorla qaçırılan qızlarda bütün kişilərə qarşı qəribə bir nifrət hissi yaranır. Qızlar bu hadisəni heç vaxt unutmurlar, yol gedərkən, evdə olarkən, əylənərkən, iş görərkən onların ağlında cəmi bir şey var: "Mənə kimsə zərər verəcək!".

Qaçırılan qızlar ətrafının münasibətindən şikayətçi olurlar. Hamının ona tənə, kinayə və dirnaqarası baxmasından bezir.

Zorla qaçırılan qız onu qaçıran oğlanla ailə qurursa, bu daha böyük problemdir. Çünki ailə öncəliklə güvən hissi üzərində qurulur, ailənin təməlində bu hiss olmasa heç vaxt möhkəm olmaz. Çox vaxt da belə olur. Qaçırılma ilə qurulan ailələr tez dağılır.

Layihənin rəhbəri: Lalə Mehralı

[email protected]

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm