Feministlər: Bu, qadının bakirəliyinə vurulan eyhamdı...
Bizi izləyin

Qadın

Feministlər: Bu, qadının bakirəliyinə vurulan eyhamdı...

Fevralın 21-də Fransanın baş naziri Fransua Fiyonun mətbuat xidməti yeni bir sərəncam haqqında xəbər yaydı: bundan sonra Fransada bütün rəsmi sənədlərdə “mademuazel” müraciətinin, həmçinin “qızlıq familiyası” (nom de jeune fille), “nigahdakı familiyası” (nom d”еpouse) ifadələrinin istifadəsi qadağan edilir. (The Daily Telegraph). Onların yerinə “madam” müraciətindən və “ailə familiyası” (nom de famille), yaxud “hazırkı familiyası” (nom d`usage) birləşmələrindən istifadə olunacaq.


“Mademuazel” müraciətinə və “qızlıq familiyası” anlayışına qadağa qoyulmasına fransız feminist hərəkatının fəal təbliğatı səbəb olub. Hərəkatın fəalları təkid edirlər ki, “mademuazel” müraciəti seksizmin bir formasıdı. Çünki bu müraciətdən istifadə ediləndə qadın ailə vəziyyəti haqda məlumat vermiş olur. Bir də əgər yaşından, ailə vəziyyətindən asılı olmayaraq bütün kişilər “müsyö”dürsə, onda niyə qadınlar arasında ayrı-seçkilik olmalıdı?!

Feministlər həm də deyirlər ki, “mademuazel” sözünün tərkibindəki “oiselle” fransızca “bakirə” və “sadəlövh” deməkdi ki, bu da qadına qarşı təhqirdi.
Əslində bu proses – yəni feministlərin “mademuazel” əleyhinə kampaniyası çoxdan başlamışdı: əksər fransız qadınları sinələrinə “mademuazel” yazılmış xüsusi nişanlar taxır, hər hansı bir işlə bağlı dövlət orqanlarına və ya özəl şirkətlərə müraciət zamanı onlara yalnız madam deyə xitab olunmasını tələb edirdilər. 2007-ci ildə Fransanın Renn, bu ilin əvvəlində isə Sesson-Sevinye şəhərlərində müvafiq qərarlar qəbul olunmuşdu. Bundan sonra isə bütün fransız xanımları kütləvi şəkildə və rəsmən “madam” olacaq.

Yeri gəlmişkən qeyd edək ki, Almaniyada “freyleyn” sözü (gənc və subay alman xanımlarına müraciət forması) 1972-ci ildə dildən çıxarılıb. Tədricən, ingilisdilli ölkələrdə də “miss” müraciətindən daha az istifadə olunmağa başlayır. Ancaq İtaliya, İspaniya kimi (lap elə Fransanın özündə də) ölkələrdə bu məsələ ilə bağlı vəziyyət bir qədər qəlizdi. Iş ondadı ki, roman dillərində “mademuazel”, “sinyorina” və “sinyorita” kimi müraciət formaları german dillərində olduğundan daha mürəkkəb funksiyanı yerinə yetirir. Roman dilli ölkələrdə bu müraciətlər yalnız xanımın ailə vəziyyətinin, sosial statusunun göstəricisi deyil, həm də flirt (dilxoşluq) məqsədilə, müraciətin səmimiliyini vurğulamaq üçün istifadə olunur.

Məsələn, əgər kişi qadına kompliment demək istəyirsə, ona mütləq “mademuazel”, “sinyorita” deyə müraciət eləyəcək – o qadın çox yaşlı olsa belə. Üstəlik, teatr cameəsində məşhur aktrisaları “mademuazel” adlandırmaq ənənəsi var.

Elə bu yerdə nəzərləri özümüzə yönəldərərk deyək ki, Qərbdən fərqli olaraq, Şərqdə subay qızlara bir, evli qadınlara isə başqa sözlə müraciət etmək ənənəsi yoxdu. Xalq arasında ən yaxşı halda “qız” və ya “arvad” (yaşından və ailə vəziyyətindən asılıdı), ən pis halda “az”, “ay qız”, nisbətən savadlı təbəqədə isə “xanım” sözündən istifadə olunur. Ki, bu gün qadına ümumişlək xitab formasına çevrilmiş “xanım”, əslində “xan” sözünün zamanla ilkin mənasını itirib qadına uyğunlaşdırılmış şəklidi. Yəni “xanım” ifadəsi keçmişdə qadın cinsinə məxsus fərqləndirici müraciət forması yox, titul olub - xanım, bəyim, sultanım, hətta ağa – əsasən, kişilərə aid edilib.

Şura hökuməti qurulub xanlar, bəylər bir sinif kimi ləğv olunandan sonra isə yalnız qadına aid müraciət formasına çevrilib və onun ailə vəziyyəti barədə məlumat vermir. Amma təəssüf ki, bunun səbəbi qadına verilən yüksək qiymət deyil. Əksinə - bizim cəmiyyətdə zərif cinsə müstəqil fərd kimi yox, daha çox kişini tamamlayan, ikinci dərəcəli varlıq kimi baxılır. Bu səbəbdən də “qadına necə müraciət etməli?” sualı problemə çevrilmir. Uzun sözün qısası, rahat yata bilərik. Qərbdə tüğyan eləyən feminizm fırtınasının bizə çatmağına hələ çox var.

Biz əvvəlcə öz hüquqlarımız öyrənməliyik.

Aygün

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm