Zövqlü xanımlar üçün yazın dəb proqnozu - FOTOLAR
Bizi izləyin

Qadın

Zövqlü xanımlar üçün yazın dəb proqnozu - FOTOLAR

2014 yaz dəbində təqib edilməli bir çox trendlər var. Bu trendlərdən bəzilərinin bir neçə mövsüm davam etdiyinin şahidi olmuşuq. Onlar yenidən işlənilib gündəmə gəlir. Bu gün qadın zərifliyini vurğulayan, baharın xəbərçisi olan çiçəklərin dəfilələri işğal etməsindən danışacağam.

Krujeva – Krujeva və güpür dəbi bitmək bilmir, bu haldan qadınlar da heç narazı deyillər. Bu mövsüm krujevalı geyimlər aktual olacaq. Krujeva, geyimlərdə detal kimi də istifadə edilir. Yaz mövsümündə açıq rənglər dəbdə olduğu kimi, ağ rəngli krujevalar üstünlük təşkil edir.

Çiçək təsvirləri – "Floral" çiçək təsvirləri yaz geyimlərini bəzəməkdə davam edir. Bu mövsüm iri çiçək təsvirləri də geyimlərə rəng qatacaq. Geyimləri daha gözəgəlimli etmək üçün muncuqlar da əlavə ediləcək.

Etnik – Etnik təsvirlər qışın yüksələn trendlərindən biridir. Etnik təsvirlər, naxışlar, işləmələr yaz mövsümündə də geyimlərə xüsusi bəzək verəcək.

Köynək donlar (Shirt Dresses) – Olduqca rahat və əlverişli olan yaz mövsümünün diqqət çəkən trendləri arasında yer alır. Yeni mövsümdə ən çox ağ rəngli köynək donlar qarşımıza çıxacaq.

Qrafik təsvirlər – Qrafik, həndəsi təsvirlər də ən çox işlənilən trendlər arasındadır. Xüsusən də insan üzləri, qadın sürətləri geyimlərdə gen-bol istifadə ediləcək.

Rok üslubunda tikilən dəri gödəkçələr – Yazda rok üslubunda tikilən dəri gödəkçələr də çox aktual olacaq. Qara dəridən başqa, cins parçalardan tikilən gödəkçələr də vitrinləri dolduracaq.

Cinslər – Cinslərin dəbdə olmadığı mövsüm yoxdur. Cins köynəklər, ətəklər, şortlar və.s yaz mövsümünün trendlərinə daixldir. Yırtıq və 90-ci illər tərzində tikilən cins geyimlər qadınların qarderobuna yenidən daxil olacaq.

Damalı parçalar – Onlardan 2014-cü ildə də qaça bilməyəcəyik.

Volanlar – Volanlarla bəzədilən ətəklər yaz mövsümünün əsas trendidir. Bir neçə qatlı, volanlı donlar da qarderobumuzun əvəzolunmaz geyim əşyasına çevriləcək.

Kəmərli paltarlar – Qadın belinin zərifliyi göstərən kəmərlər yaz mövsümündə diqqət çəkəcək. Əsasən donlarda stifadə ediləcək.

Qısa pencəklər – Yazın mövsümünün əsas üst geyimlərindən biridir. Yeni mövsümdə boylarının qısalığı ilə diqqət çəkir. Kiçik qara pencəklər mövsümün favorisidir.

Qısa üstlər – Qısa köynək trendi heç yerə yox olmur. Əksinə, yazda daha da yayılacaq. Yüksək bel ətək, şalvar və şortlarla uyğunlaşdırmaq tövsiyə edilir.

Lazer kəsimlər – Dəlikli, ya da lazer kəsimlə bəzədilmiş parçalar mövsümün trendlərinə daxildir.

Kapişon – Papaqlı üst köynəkləri, bluzlar, gödəkçələr mövsümün diqqət çəkən idman üslublu geyimlərindən biri olacaq. İdman üslublu kapüşonların klassik üslubla sintezi da diqqət çəkir.

Ombre - Eyni rəngin müxtəlif çalarları arasında keçid edən ombre parçalar yaz aylarında geniş yayılacaq.

Bol plaşlar - Bahara uyğun incə rənglər əsasında tikilən bol plaşlar, bleyzerlər mövsümün trendlərindən biridir. Geniş yaxalıqlı, incə çəhrayı plaşlar və paltolar xüsusi diqqət çəkirlər.

Qatlama parçalar - Yazda dəbə minəcək. Xüsusən də nazik qatlama parçalardan tikilən modellər göz oxşayacaq.

Enli balaq şalvar – Enli balaqlı şalvarlar 2014-ün trendlərindən biridir. Əsasən də yüksək bel, enli şalvar modelləri dəb gündəmini zəbt edəcək.

Xallı donlar - Baharda xallı parça növündən tikilən donlar həm qarderobunumuz, həm də bizi bəzəyəcək.

Qotazlar və saçaqlar – Bu detallar əsasən qış stilinə daxil olsa da, sadəcə geyimlərdə deyil, bir çox aksessuarlarda istifadə edilir.

Kombinezon – Bağban stili qayıdır! Kombinezon tərzində tikilən donlar da mövsümün trendlərinə daxildir.

Qısa balaqlı şalvarlar (kapri) – Şalvarların balağı getdikcə qısalır. Uzun balaqları qatlanmış şalvarlar da mövsümün trendləri arasına daxildir.

Yüksək Bel - Şalvarlarda və ətəklərdə yüksək bel dəbi davam edir. Mövsümün qısa üst geyimləri ilə olduqca gözəl uyğunlaşır.

Şəffaf – Bizi tərk etmək istəməyən trendlərdən biri də şəffaf parça növüdür. Köynəklərin qolları yaza uyğun gələn rənglərdə və şəffaf parçalardan tikilib.

Tulum - yaz mövsümündə klassik tulumlar ziyafət salonlarını bəzəyəcək. Klassik üslubda tikilən tulumlar olduqca rahatdır. Al-əlvan yaz rənglərində tikilən tulumlar deyil, sadə və qara tulumlar daha çox dəbdədir.

Yazılı geyimlər – Geyimlər bu mövsüm də susmaq bilməyəcək. Belə ki, yazılı geyimlər yenə dəbdədir.

Çiyin bağları – Çiyin bağları qadın dəbinə yenidən daxil olub. Həm klassik, həm də modern çiyin bağı formaları sizi daha fərqli göstərməyə nail olacaq.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm