Tanınmış stilist: “Azərbaycanlı oğlanlar elə geyinəndə gülməli görünürlər”
Bizi izləyin

Qadın

Tanınmış stilist: “Azərbaycanlı oğlanlar elə geyinəndə gülməli görünürlər”

Bahar aylarında qan qaynayır, sevmək, sevilmək həvəsi cuşa gəlir. Sevmək və sevilmək üçünsə ilk növbədə gözəl geyinmək, baxımlı olmaq vacibdir. Xanımların yaz aylarında daha gözəl, daha zövqlü görünməyə can atması da əbəs deyil. Bəs yazda nələr dəbə minəcək, nələr aktual olacaq? Azərbaycanın tanınmış stilisti Anar Atakişiyev Publika.Az-ın “Kokteyl” layihəsinin qonağı oldu. Stilist Anarla bahar dəbi: makiyaj, aksessuar, geyim, gəlinlik libasları haqqında geniş söhbət etdik. Dəb dərgilərini və brendlərin yeni kolleksiyalarını izləməyə vaxtı olmayan iş xanımları da bahar dəbi haqqında kifayət qədər informasiya toplaya biləcək.

“Bir anlıq özümü Karl Lagerfeldin dəfiləsində hiss elədim”

- Müsahibə üçün telefon bağlantısı yaradanda Gürcüstana səfərə hazırlaşdığınızı dediniz. Azərbaycanın yeni brendi “Jan”-nın dəfiləsinə getdiyinizi biləndə çox sevindim. Çünki dəfiləni canlı izləyən birinin fikirlərini öyrənmək xanımların ürəyincə olardı. Dəfilə necə keçdi?

- Azərbaycan istehsalı olan həm jurnal, həm də geyim kolleksiyasının dünyada yayımlanması və belə bir layihədə iştirak etmək mənim üçün qürur verici haldır. Dəfilə çox maraqlı keçdi, birinci jurnalın təqdimatı, sonra da “Jan” modalar evinin kolleksiyası nümayiş olundu. Geyimlərin hər birinin üzərində incəliklə işləndiyi həmin dəqiqə hiss olunurdu. Rənglərin harmoniyası, modellər çox gözəl idi, yüksək zövqlə hazırlanmışdı. Bir anlıq özümü Karl Lagerfeldin dəfiləsində hiss elədim. “Valentino”, “Christian Dior”, hətta “Chanel” moda evlərindən heç də əskik deyildi. Tam səmimiyyətimlə söyləyirəm ki, nümayiş olunan paltarların keyfiyyəti dünya brendlərindən geri qalmırdı.

Geyimlərin üzərindəki təsvirlər Leyla Əliyevaya məxsusdur və onun əl işləridir. Parçaların üzərindəki nar təsvirləri Azərbaycanın milli simvollardan biri hesab olunur. Bu da təsadüfi seçilməyib. Quş təsvirləri Azərbaycan nağıl və əfsanələrindəki xoşbəxtlik rəmzi hesab olunan Simruq quşunu təcəssüm etdirir.

- Stilist gözü ilə baxsaq, bəyənmədiyiniz nə isə oldu?

- Təqdimat o qədər ideal idi ki, bəyənmədiyim heç bir şey olmadı. Tədbirdə Gürcüstanın da geyim kolleksiyası göstərildi. Sadəcə, bu kolleksiyanı bəyənmədim, bəlkə də mənim zövqümdə deyildi. Bizim kolleksiya ilə müqayisədə bir balaca zəif idi. Gürcü dizaynerlərin hər zaman öndə olduğunu nəzərə alsaq, bunu çox sevindirici hal kimi qəbul etmək olar.

“Baxanda da gözünü çəkmək istəmirsən”

- Hansı şəhərin xanımları sizə ilham verib və çox zövqlü geyiniblər?

- Əlbəttə ki, Paris və Milan. Küçədə gəzən adi vətəndaşlar, hətta 40-50 yaşında olan xanımlar çox zövqlü geyinirlər, baxanda da gözünü çəkmək istəmirsən. Ayaqqabıların, çantaların, geyimlərin bir-birinə uyğunlaşdırmalarına heyran olursan. Həm yaşına uyğun geyinirlər, həm də dəblə ayaqlaşırlar. Zövqü yaşa uyğunlaşdırmaq isə hər xanımın bacardığı iş deyil.

- Yəni heç istisnalar yoxdur?

- Var. Məsələn, 15 yaşlı məktəbli kimi geyinən yaşlı xanımlara da rast gəlmək olar, amma bu tip insanlar çox azdır.

- Moda həftələrində nümayiş olunan qeyri-adi geyimləri, yaxud da iştirak edən qonaqların rəngarəng geyimlərini nümunə götürmək düzgündürmü? Ümumiyyətlə, onların geyimi dəb qayda-qanunlarına uyğun gəlirmi?

- Bəzən moda evlərinin dizaynerləri sərhəd tanımayan fantaziyalarını aşırı dərəcədə büruzə verməyə çalışırlar. Lakin sırf orda nümayiş olunan kimi geyinmək düzgün addım deyil. Alexander McQueen dəfilələrində şou məqsədilə bəzən qeyri-adi geyimlər hazırlayırdı. Əgər dizayner plaşın üzərinə işıqları yanan lampalar əlavə edibsə, bu diqqət çəkmək məqsədi daşıyır. Yaxud da dəfilənin daha maraqlı olması üçün belə bir şey edə bilər. Bu da dizaynerin daxili dünyası ilə əlaqədardır. Yeni kolleksiyadakı nümunələri təkrarlamamağı məsləhət görürəm. Xanımlar özünə yaxın xırda bir elementi özəlləşdirib maraqlı stil yaratmağa cəhd etməlidir. Gələn qonaqlar da sadəcə öz stilini nümayiş etdirmək üçün al-əlvan geyimləri geyinir. Moda həftələrində modelyerlər özləri də hazır geyim nümunələrini təqdim etməyə maraqlı deyillər.

- Yazda hansı saç düzümləri dəbə minəcək?

- Bu mövsüm ombre və həddindən artıq dağınıq buruqlar çox dəbdədir. Ziyafət gecələrində isə sırf retro stilində olan, bir qulağın arxasına keçirilən saç düzümləri aktualdır.

- Xanımlarıın bəziləri ombre və balyajı qarışdırır. Onların fərqini izah edərdiniz.

- Ombre - saçdan iki ton açıq deməkdir və ancaq uc hissələrə tətbiq olunur. Saçlar sanki günəşdə bozarmış kimi olmalıdır. Balyaj isə saçda çox bilinir, burda rənglərin harmoniyası vacibdir.

- Saçlarını rəngləmək istəməyən xanımlara nə tövsiyə edirsiniz?

- Çobanyastığı çiçəyini qaynatdıqdan sonra suyunu süzüb saçların uc hissəsinə çəkib günəşdə dayansınlar. Bir də limonu saçın uclarına sıxa bilərlər. 2-3 dəfə tətbiq edəndən sonra saçların rəngi təbii yolla açılmış olur. Ya da hər iki tərəfdən hörük edə bilərlər. Limonun suyunu hörüklərin üstünə sıxsalar, saçda çox maraqlı rəng harmoniyası alınar.

- Yaz makiyajı haqqında nə deyə bilərsiniz?

- Gündəlik makiyaj demək olar ki, bilinməməlidir. Yağ effekti verən, parıltılı göz kölgələrindən istifadə etməyi tövsiyə edirəm. Gözün üst qapaqlarında yayılmış qara qələm gündəlik makiyaj üçün uğurlu seçim ola bilər. Gündəlik makiyajda açıq dodaq boyaları istifadə olunmağı daha məqsədə uyğundur.

Ziyafət gecələri üçün gözdə az makiyaj, sıx kirpiklər, tünd zoğalı, badımcan rəngi, qaraya yaxın və sırf mat dodaq boyaları aktualdır.

“Dəbi artıq özümüzkülərin diktə etməsi böyük uğurdur”

- Növbə gəldi geyimlərə...

- Yaz dəbinə nümunə kimi “Jan” modalar evinin ziyafət, kokteyl və önəmli tədbirlər üçün nəzərdə tutulan geyim kolleksiyasını göstərə bilərəm. Yəni, dəbi artıq özümüzünkülərin diktə etməsi böyük uğurdur. Xanımların zövqünü tərbiyə etmək, formalaşdırmaq və müsbətə doğru istiqamətləndirməkdə böyük rolu olacaq. Cürbəcür kombinezonlar da bu mövsüm dəb gündəmini zəbt edəcək. Keçən il məşhur qadınların şəkilləri əks olunan köynəklər dəbdə idisə, bu il daha çox heyvan təsvirləri əks olunacaq.

- Çanta və ayaqqabı dəbində xanımları nə gözləyir?

- “Chanel” klatçları dəbdən düşmək istəmir. Kitaba oxşayan çantalar çox dəbdədir. Şax dayanan, çamadan kimi iri, həmçinin çox kiçik miniatür çantalar da xanımları bəzəyəcək.

- Xanımlara nəyi geyinməyi qadağan edərdiniz?

- Burnu açıq ayaqqabıları corabla geyinəndə çox acığıma gəlir. Çünki ayaqqabının bütün gözəlliyini oğurlayır. Damdar lasin geyinmiş həddindən artıq kök xanımlar isə qıcıq doğurur. Kök xanımlara müraciət edirəm - artıq bu cür qüsurları örtmək vaxtı gəlib! Belə ki, martdan sentyabra qədər trapez formasında olan şalvarlar çox aktual olacaq. Həm də bu model bədənin qüsurlarını çox məharətlə örtür.

- Bəs kişilər nəyi geyinməsələr, yaxşı olardı?

- Bəylər çox zaman sadə və yaxşı geyinirlər. Amma yeniyetmələrin çoxu, xüsusən də 17-25-ə qədər olan oğlanlar geyimlərində eyni səhvə yol verirlər. Dar və beli aşağı olan cinslərdən uzaq durmağı məsləhət görərdim. Kənardan çox gülməli görünür, sağlamlıq baxımından da çox ziyandır. Müəyyən yaşdan sonra piylənmə gedir və bədən quruluşu o cinsə uyğun formalaşır.

- Kişilərin geyimlərində qüsur az olur. Belə çıxır ki, kişilər qadınlardan daha zövqlüdür?

- Bizim xanımlar nazlı olduğu üçün, kişilərimiz də maksimum dərəcədə yaxşı və qüsursuz geyinməyə çalışırlar.

- Burda xanımların rolu böyükdür. (Gülürük)

- Xanımlar onlarda mənfi cəhət tapa bilməməsi üçün bizim kişilər geyim-keçimlərinə xüsusi diqqət yetirirlər.

- Niyə dünyanın ən tanınmış modelyerləri kişilərdir?

- Dünyanın ən yaxşı aşpazları, dizaynerləri, stilistləri, saç makiyaj ustaları çox zaman kişilər olur. Kişilər qadınlardan hər zaman bir addım öndə olub, məsələn Həvva da Adəmin qabırğasından yaranıb. Bundan başqa qadınlarda qısqanclıq hissi güclü olur. Bir-birinin paxıllığını çəkdikləri üçün çox zaman irəli gedə bilmirlər. Məsələn, Donatelli Versace Versace dünyasını dəyişəndən sonra kolleksiyanı gözdən və nüfuzdan salmışdı. Koko Şaneldən başqa qadın dizaynerlər arasında özünü təsdiqləyən modelyer demək olar ki, yoxdur. O da çox mərd və kişi kimi xanım olub. Viktoriya Bekhemi də nümunə göstərə bilərəm. Eynək kolleksiyası satışa çıxan kimi tez satılır və çox sevilir.

- Sizin yanınızdan narazı gedən, yaxud mübahisə salan xanımlar olub?

- Narazı gedənlər olub, amma sonradan bəyəndiklərini özləri etiraf ediblər. Bu da bilirsiniz , xanımların tərifi, gözəl sözləri, kənardan deyilən fikirləri sevməsi ilə əlaqədardır. Kişilər gözləri ilə, xanımlar isə qulaqları sevir. Narazı qalan olanda dərhal gördüyüm işi tərifləmirəm, səbir etmələrini söyləyirəm və 1-2 saatdan sonra hər şey həll olunur. Belə halları normal qarşılayıram. Maraqlı bir əhvalat danışım. Bir xamımın rəfiqəsi toyunda mənim onu bəzəməyimə məsləhət görməmişdi, hətta haqqımda xoşa gəlməyən sözlər işlətmişdi. Amma həmin xanım rəfiqəsinin sözünə qulaq asmayıb xəbəri olmadan mənə müraciət etmişdi. Xanımı makiyaj edəndə qapı açılır və rəfiqəsi içəri daxil olur. Halbuki, özü rəfiqəsinin toyuna hazırlaşmaq üçün mənim yanıma gəlmişdi. Sonrasını özünüz təsəvvür edin...

- İki rəfiqə dava-qırğına çıxmadı ki?

- Yox, sadəcə, bəhanələr gətirib özünü təmizə çıxarmağa çalışdı.

- İşinizdən dolayı xanımlarla çox ünsiyyətdə olursunuz. Onlarda ən sevmədiyiniz cəhət hansıdır?

- Əlbəttə ki, qısqanclıq, bir də dedi-qodu.

- Gəlinlərdən söz düşmüşkən, gəlinlik dəbində nələr var?

- Gəlinlər daha çox sadəliyə üstünlük versinlər. Gəlinliyin üzərindəki daş-qaşa yox, daha çox parçanın növünə və işıqlar altında rənglərinin dəyişməsinə fikir versinlər. İki əsas istiqamət var: gəlinliklər ya qollu, ya da qolsuz olmalıdır. Güpürdən tikilən, qollu və bədənə yapışan gəlinlər dəbdədir. Taclar isə dəbdə deyil. İri taclar gəlinin məsumluğunu və zərifliyini öldürür. Bu cür taclar məndə də var, onları adətən art-stildən istifadə edirəm, gəlinlərə məsləhət görmürəm.

- Bizim xanımlar təmtəraqlı və dəbdəbəli görünməyi sevir. Onları sadəliyə necə razı salırsınız?

- Hər şeyi ətraflı izah edirəm, nümunələr göstərirəm və nəticədə yola gətirə bilirəm. İşimi pul xətrinə görmürəm.

- Televiziyada dəb haqqında verilişlər getdikcə artır. Bu verilişlər xanımları dəb barəsində yetəri qədər maarifləndirə bilirmi, zövqünü formalaşdırmağa kömək edirmi?

- Dəb haqqında olan verilişlərinin əksəriyyəti xanımları başqa tərəfə yönləndirir, çaşdırır və düzgün istiqamətləndirmir. Verilişlərin bir çoxunda şəxsi prinsiplər gedir. Bunu tək mən yox, tamaşaçılar da bilir ki, dəfələrlə haqsızlıq olub. Tamaşaçının gözü tərəzidir.

- Hansı yaşda stil dəyişkənliyi etmək lazımdır?

- 15 yaşdan 25-ə qədər şıltaq və çılğın obraz, 25-dən 30-a qədər artıq nisbətən ciddi obraza doğru getmək lazımdır. Qadınlarda və kişilərdə zövqün püxtələşməsi isə 30 yaşdan sonra başlayır.

- Üzdə nə qədər çox kosmetika olsa, bir o qədər tez qocalır. Bəs bahalı kosmetikanın fərqi nədir, dərini daha az qocaldırmı?

- Bahalı kosmetika çox vacibdir, onlar da gündəlik, ziyafət gecələri üçün nəzərdə tutulan növlərə bölünür. Gündəlik makiyaj edən xanımlar tərkibində SPF olan tonal kremlərdən, mineral və vitamin tərkibli kosmetikalardan istifadə etməlidir. Toy və ziyafət kosmetikasının tərkibində bunların heç biri olmamalıdır. Çünki dərinin bütün qüsurlarını tamamilə örtməlidir.

- Yaz mövsümündə elə bir geyim, yaxud aksessuar varmı ki, ondan bütün xanımların qarderobunda olmalıdır?

- Dəb aləmində belə bir fikir yoxdur, öz adımdan deyə bilərəm. Xarici ölkələrin çoxunda da belə bir tendensiya var. Üzərində sonsuzluq işarəsi olan əşya, aksessuar gəzdirməyi məsləhət görərdim çünki bu işarə uğur simvolu hesab olunur. Bu ənənənin bizim xanımlar arasında dəb kimi yayılmasını istərdim.

- Dəb haqqında doyunca danışdıq. Şəxsi həyatda təzə xəbər, yenilik varmı?

- Boşluqdu, heç bir təzə xəbər yoxdur.

- Yaradıcılıq eşqini artırmaq üçün tənha qalmaq heç də ideal variant deyil.

- Əvvəllər mən də belə düşünürdüm, əslində isə gecələr bütün insanlar öz fikirləri ilə baş-başa qalır, tənha olur. Dostlarım özümü elə də tənha hiss etməyə qoymur. İşimi sevirəm, zövq alıram, məni darıxmağa qoymur, həm də heç vaxtım qalmır. Böyük layihələr üzərində çalışıram, müxtəlif səfərlər bu barədə düşünməyə qoymur.

AYTƏN

FOTO: ELÇİN MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm