• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rahibə olmaq istəyən Adriana Lima - FOTOLAR

  • Qadın
  • 22 Mart 2014 16:05
  • 7 093 Baxış
Rahibə olmaq istəyən Adriana Lima - FOTOLAR

Adı dünyanın ən gözəl insanları siyahısında yer alır, “Victorias Secret”-in mələklərindən biridir, dəfələrlə dünyanın ən seksual qadını seçilib. 33 yaşı və 2 övladı var. Vaxtı ilə rahibə olmaq fikrinə düşsə də, təbiətin ona bəxş elədiyi nadir gözəlliyi gizlətmək fikrindən imtina edir. Damarlarında brazilya, fransız, portuqal, amerika hindularının qanı axır. Beləliklə bu gün “9 don” layihəsi çərçivəsində super model Adriana Limanın həyatı, ən əsası gözəllik sirlərindən və qüsursuz stilindən bəhs edəcəyəm.

Əsl adı Adriana Francesca Limadır. 12 iyun 1981-ci ildə Braziliyanın Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Boyu 178 sm, çəkisi 51 kq, bədən ölçüləri isə 86-54-84-dür.


Adriananın uşaqlığının şən və məsud keçdiyini deyə bilmərik. Belə ki, 6 aylığında atası ailəsini tərk edir. Qızcığıazın tərbiyəsi ilə anası məşğul olur. Əvvəllər atası ilə münasibətləri gərgin olsa da, hazırda aralarındakı soyuq buzlar əriyib. Adriana Lima hələ uşaq ikən ecazkar gözəlliyi ilə ətrafdakıların diqqətini çəkir. Məktəb illərində bir çox gözəllik müsabiqələrində qalib gəlməyinə baxmayaraq, gələcəkdə model olmağı ağlına belə gətirmir. Ən yaxın rəfiqəsi isə onu yoldan çıxararaq sənədlərini məhz modellik məktəbinə verməyə razı salır. Bu müsabiqədən Adriana keçir və təkcə onun sənədləri qəbul edilir. 14 yaşında Adriana “Ford” şirkətinin “Dünyanın super modeli” yarışmasına qatılaraq birinci yerə çıxır. 2 il sonra beynəlxalq gözəllik müsabiqəsinə qatılır və burda 2-ci yeri tutur. Üç il sonra Adriana Nyu York şəhərinə köçür, Elite Model Evi ilə müqavilə imzalayır. Dünyanın aparıcı brendlərindən biri “Vassarette” reklam plakatlarına çəkildikdən sonra karyerasında sıçrayış baş verir. Lazımi təqdimatlardan sonra Adriananın şəkilləri hər yerdə yayılır və bir çox tanınmış beynəlxalq jurnalların – “Vogue”, “Marie Claire”, “ELLE”, “GQ”, “Cosmopolitan”, “V Magazine”, “Vanity Fair” və “Esquire” kimi nüfuzlu jurnalların da üz qabığında yer alır.

Podium modeli olaraq o, “Vera Wang”, “Christian Lacroix”, “Emanuel Ungaro”, “Giorgio Armani”, “Fendi”, “Ralph Lauren” və “Valentino” kimi dünya şöhrətli dizaynerlərin moda nümayişlərində iştirak edir. 2000-ci ildən etibarən Adriana Lima “GUESS” firmasının reklam çarxlarında rol almağa başlayır. “GUESS”-in 20 illiyinə kitab həsr olunanda orada braziliyalı modelin də şəkilləri yer alır. 2003-cü ildən 2009-cu ilə qədər Adriana “Maybelline” kosmetika firması ilə işləyir. Eyni zamanda “Bebe”, “Mossimo”, “Armani”, “Bulgari”, “De Beers”, “Intimissimi”, “Keds”, “Swatch”, “Versace” və başqa markalarla əməkdaşlıq edib. Adriana Lima yüksək dəb aləminə 2009-cu ildə "Givenchy" ilə müqavilə imzaladıqdan sonra daxil olur. 2006-cı ildə ən çox pul qazanan modellər arasında 5-ci yerdə dayanır. 2007-2008-ci illərdə isə “Forbes” jurnalının reytinqinə əsasən o, artıq 4-cü pillədə idi.

Həcmli dodaqlar, mavi gözlər və ideal bədən kişilər bundan yaxşısını xəyal edə bilməzlər...

Amma təbii ki, hər şeydən çox Adriana Lima “Victoria`s Secret” firmasının mələklərindən biri kimi tanınır. O, ilk dəfə 1999-cu ildə “Victorias Secret” firmasının dəb nümayişində iştirak edir. 2000-ci ildə firmanın əsas mələyi kimi podiuma çıxır. Bu günə kimi brendin əsas simalarından biri olaraq çalışır. Hətta 2003, 2007 və 2008-ci illərdə “Victorias Secret” nümayişinin həm açılışı, həm də qapanması Adriana Limaya həvalə olunmuşdu. Model illərdir ki, “Victorias Secret”lə əməkdaşlıq etdiyi üçün burada çalışan hər kəsi ailə üzvi qədər yaxın hesab edir.

Adriana Lima Clothes

"Victorias Secrete"-in əl işi olan büsqalter 2 milyon dəyərindədir, onu daşımaq isə supermodel Adriana Lİmaya həvalə olunmuşdu.

“Victorias Secret” və İtaliyanın Mobile Telecom şirkətləri Adrianaya çoxlu pullar qazandırır. Lakin model qazandığı pulları 3 günün içində xərcləyən israfçı qadınlar sırasına daxil deyil. Qazandığı milyonlara nəzarət etməyi və onları lazımi yerə xərcləməyi yaxşı bacarır. Hələ uşaqlıqdan xeyirxahlıq etməyi qarşısına məqsəd qoyan model gördüyü işlərlə, həqiqətən də, mələk adına layiq olduğunu sübut edir. Bir çox uşaq evlərində onların gündəlik qidalanmasını, geyimlərini, dərman və lazım olan hər bir şeyi öz üzərinə götürür. Həmçinin imkansız ailələrdən öz köməyini əsirgəmir.


Doğma portuqal dilindən əlavə Lima ingilis, fransız, bir az da italyan dilində danışır. Onu sevən kişilər çox olsa da o, 2007-ci ildə tanış olduğu Serbiya basketbolçusu Marko Jaric ilə ailə həyatı qurmağa razı olur. Onlar toylarını kütləvi informasiya vasitələrindən gizli keçirirlər. Toy şəkillərinin mətbuata sızmamasına ciddi şəkildə nəzarət edirlər. Hətta toydan neçə il keçməsinə baxmayaraq, fotolar hələ də mətbuatdan gizlin saxlanılır. Tanınmış cütlük sadə toy mərasimi təşkil edir və ora ən yaxınlarını dəvət edir. Ən maraqlısı isə toyun 14 fevral "Sevgililər günü"ndə baş tutmasıdır.

Bal ayında Lima hamilə olduğunu öyrənir. 2009-cu il noyabr ayının 15-də onların bir qızı dünyaya gəlir, adını Valentina Lima Jaric qoyurlar. Gözəl qadınların çoxu ailələrini qoruya bilmir, hətta toydan bir neçə ay sonra boşanırlar. Adriana isə ailəsinə bağlı qadındır, həyat yoldaşını xoşbəxt etməyin, isti yuvasına sahib çıxmağın yollarını yaxşı bilir. Bir sözlə, onu həm karyera, həm də şəxsi həyatda uğurlu qadın adlandırmaq olar.

Dünyanın ən cazibədar qadınları siyahısında Adriana daima ilk pillələrdə dayanır. 2007-ci ildə “FHM” jurnalının “Dünyanın 100 ən cazibədar qadınları” sorğusunda 7-ci yerdə qərarlaşır. 2005-ci ildə isə askmen.com saytının anketinə əsasən, “Ən çox arzulanan qadın” titulunu qazanır. Həmçinin “Kainatın ən seksual qadını” kimi də tanınır.

Adriana Lima haqqında maraqlı faktlar

Adriana Lima 27 yaşına kimi həyat yoldaşına sadiqliyi qoruyub saxlayıb, toya kimi cinsi münasibətləri olmayıb. Maraqlıdır ki, Limanın serbiyalı yaraşıqlı basketbolçudan qızı toylarından düz 9 ay sonra anadan olub.

Adiranın sevimli teleşouları: “The simply life” , “Deadwood”, “American Dad”, “American idol”, “Pop idol”, həmçinin “So you think you can dance”.

Model agentliyi gələcəyin super modelini 13 yaşında adi mağazada kəşf edib.

Tanınmış fotoqraf Ellen fon Unvert Limanı özünün ilahəsi və sevimli modeli hesab edir. Adriananın fotolarının çoxu ona məxsusdur.

Adriananın nə bacısı, nə də qardaşı var. O, ailənin yeganə övladıdır.

Model 2002-ci ildə musiqiçi Lenni Kravitçe ilə nişanlı olub. Adriana, super ulduz Derek Jeter və Venesuela şahzadəsi ilə də romantik münasibətlər yaşayıb.

Adriananın afrikalı, hind, isveçrəlilərlə qohumluq kökləri var.

Adriana Qabriel Qarsia Markesin müəllifi olduğu romanları sevərək oxuyur. Markes ən çox bəyəndiyi sevimli yazardır.

Hələ uşaqlıqdan Adriana çoxlu pul qazanaraq istədiyinə nail olmağı və uşaqlara kömək etməyi qərara alır. Gözlər qəlbin güzgüsüdür – yəqin elə buna görə, Adrinanın gözləri belə qeyri-adi işıq saçır.

Adriana Lima dini qaydalara əməl edir. O, hər dəfə podiuma çıxmazdan əvvəl üzərində gəzdirdiyi balaca “İncil” kitabçasını oxuyur və çıxışına dua edərək hazırlaşır.

Adriana Lima yeniyetmə yaşlarında olanda rahibə olmağı arzu edirdi, dini təhsil alıb.

O, mənəvi rahatlığı təmin etmək üçün hər bazar günü kilsəyə gedir və dua edir.

Uşaq yaşlarından oğlanlarla yola getmir və çox dalaşqan olur. Oğlanların ətrafında olmaqdan utancaqlıq hissi duyduğunu “GQ” jurnalının 2006-cı ilin aprel buraxılışında etiraf edir. “Mən ancaq sevdiyim və ailə quracağım kişi ilə birlikdə olmaq istəyirəm. İnsanlarım seçimlərinə hörmətlə yanaşmaq lazımdır. İnsanlar bu seçimimə hörmət etmirlərsə, deməli, sevgiləri saxtadır. Belə bir insan isə mənə lazım deyil”. Oğlanlara yol getməyən Adriana ilk dəfə oğlanla 17 yaşında öpüşüb. Bakirəliyini isə həyat yoldaşı ilə düz 10 il sonra itirir.

Adriana Lima yapon mətbəxini çox sevir.

Gəncliyində rahibə olmaq istəyən Adriana nadir hallarda gecə partilərində iştirak edir. Partilərdə iştirak etməyi sevməyən model bunu qeyri-səmimi insanlarla ünsiyyətdə olmaqdan yorulduğu ilə izah edir.

Gündəlik gəzintilərdə və küçəyə çıxarkən kosmetikadan istifadə etmir. Ümumiyyətlə, vacib və əhəmiyyətli tədbirlərdə də Adriananın makiyajı sadə və az olur.

Adriananın ən yaxın rəfiqəsi həmkarı Dautzen Krezdir. Onlar “Victorias Secret” sayəsində tanış olublar.

Uşaqlıqda Adriana alovdan və işıqdan qorxduğu üçün uşaqlıq şəkillərinin çoxunda ağlayan vəziyyətdə düşüb. (Təəssüflər olsun ki, bu şəkilləri tapa bilmədim).

Adriana Limanın ən sadiq dostu Ayva adlı itidir. Onun iti anasının yanında qalır.

Model təkcə jurnalların səhifələrini bəzəmir. Eyni zamanda bir neçə filmdə (“Təqib”) rol alıb.

Adriana məzuniyyətini həmişə avqust ayında alır.

Adriana Limanın cazibədarlıq sirləri


Adriana Lima arıq qalmaq üçün əvvəllər saxlamadığı pəhriz qalmayıb. Hətta bir vaxtlar vegeterian olmuşdu. “Ancaq 3 gün ətsiz qala bildim. Nə edim, əti və şokoladı çox sevirəm...” İdmanla mütəmadi məşğul olur. Həm də çox maraqlı idman növü boksla məşğul olur. İdmanın ona formada qalmasına yardım etməsi ilə birlikdə əhval-ruhiyyənin də qalxmasına kömək edir. İplə tullanmaq da modelin sevimli məşğuliyyətlərindən biridir və bütün səfərlərində ipi də özü ilə aparır. Pəhriz saxlamasa da, dəfiləyə bir neçə gün qalmış qidalanmasına xüsusi fikir verir. Qida rasionunda tərkibində bol antioksidant, proteinli ərzaqlar üstünlük təşkil edir. Bu qidalar bədənindəki artıq yağların miqdarını sıfıra endirir. Karbohidrat tərkibli qidalardan isə uzaq durur. Gündə 3 dəfə nahar edir. Bəzən isə çeşidli tərəvəzləri südlə qarışdırıb içir. İdmandan əlavə rəqs dəlisidir. Axı o brazilyalıdır...


Uşaq dərisi - Dərisinə xüsusi qulluq etmir, nəmləndirici kremlərlə kifayətlənir. 33 yaşlı model 2-ci dəfə ana olduqdan sonra yaşlandığını etiraf edir. Qırışlar çoxalsa, əməliyyat keçirəcəyi istisna olunmur. Gözəl dərisinin digər sirri sudur. “Hər gün 2 litr su için. Siqaretdən və spritli içkilərdən uzaq durun. Hər gün bir yemək qaşığı bal yeyin. Belə ki, bal immunitet sistemini gücləndirir.”

Cəlbedici makiyaj - Əsl braziliyalı olan model ilk baxışda dodaqları və mavi gözləri ilə diqqət çəkir. Makiyajını adətən qırmızı dodaq boyası ilə tamamlayır.

Parlaq saçlar - Çiynindən olan dalğalı saçları Limanı daha da cazibədar göstərir. Saçlarının həcmli görünməsi üçün qatlı kəsimlərə üstünlük verir. Dalğalı saçlarını çox sevir.

Seksual model adətən qısa və bədənə yapışan paltarlar geyinir. Bizi bu cür gözəllikdən məhrum etmək həqiqətən də böyük ədalətsizlik olardı. Qısa paltarlar geyinərək kişilərin qəlbini bütünlüklə fəth edir. Modelin sevdiyi elementlərdən biri də kürək dekoltesidir. Ciddilik ona görə deyil, hər çıxışında bədən xətlərini, belini, ayaqlarını vurğulayan, maksimum açıq paltarlarda görünür. Adriana qırmızı xalı üzərində alt paltarsız çıxmağa cəsarət edən xanımlar sırasına daxildir.

Uzun ayaqları ilə fəxr edən model nadir hallarda uzun paltarlar geyinir. Əgər uzun paltar seçirsə, bu paltarlarda mütləq nəzərə çarpan ayaq dekoltesi olmalıdır.

Hətta hamilə olanda da bədən quruluşunu göstərmək fürsətini qaçırmır. “Təbiətin əleyhinə çıxmaq mümkün deyil... İkinci dəfə ana olduqdan sonra əvvəlki formaya qayıtmaq üçün əlimdən gələni edir, özümə çox əziyyət verirdim. Bədənimlə mübarizə aparır, idman zalından çıxmaq bilmirdim”.

Adriana Lima əsas qadın stereotiplərini qırmaqdan və bədəninin bütün gözəlliyini nümayiş etdirməkdən utanmır. Ailə qurmazdan əvvəl müsahibələrinin birində bakirə olduğunu söyləsə də, bunu heç kim ciddi qəbul eləmir. Bakirə qızın çılpaq fotolarda çəkilməsi o qədər də inandırıcı deyil.

"Sol ayağımdakı döyməni çox xoşlayıram. Bu rəsmlə özümü daha seksual hiss edirəm. Gələcəkdə bədənimə daha bir rəsm çəkdirməyi nəzərdə tutmuşam".

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR