Sənubər İsgəndərli cavanlıq səhvlərindən danışdı - FOTOLAR
Bizi izləyin

Qadın

Sənubər İsgəndərli cavanlıq səhvlərindən danışdı - FOTOLAR

İllər keçir, o isə dəyişmir, zaman sanki onun əleyhinə deyil, lehinə işləyir. Hər zaman baxımlı və gözəl. Öz dəyərini yaxşı bilir, özünəməxsus stili ilə fərqlənir. Elə buna görə də, onu görəndə tanıya bilmədik. Gənc bir xanımın bizə tərəf niyə gəldiyini müzakirə edirdik ki, yaxınlaşanda gözlədiyimiz qonaq olduğunu gördük. Beləliklə, bu gün Publika.Az-ın “Kokteyl” layihəsinin qonağı Xalq Artisti Sənubər İsgəndərlidir.

Bu gün 8 mart qadınların xüsusi bayramı olduğu üçün müsahibəmizi də gözəl-göyçək xanımlara həsr edirəm. Söhbətimizin əsas mövzusu da xanımlar üzərində quruldu.

- İllər keçir, amma Sənubər İsgəndərli dəyişmir. Cazibədar, çəkici və gənc... O, bu qalıcı gözəlliyi nəyə borcludur?

- Siz məni axırda gözəl olduğuma inandıracaqsınız.

- Bunu öz həmcinslərnizdən eşidirsinizsə, deməli həqiqətən də belədir.

- (Gülür) Özümə qoyduğum qadağalar var. Məsələn, bu gün çox yemişəmsə, sabah az yeməyə çalışıram. Artıq 25 ilə yaxındır ki, gənclik dövrlərindən bu yana mütəmadi olaraq idmanla məşğul oluram. İdmanı arıqlamaq yox, sağlamlığın qeydinə qaldığım üçün edirəm. Tək idmanla da iş bitmir, gərək qidalanmağa fikir verəsən, vaxtlı-vaxtında kosmetoloji salonlara gedəsən. Hər gün tərəziyə çıxıram. Mən tərəzi ilə yaşayıram. Şirniyyatı isə heç yemirəm. Mütəmadi olaraq üzürəm, trenajora gedirəm. Yeməklərdə yağdan çox az istifadə edirəm. Beləcə hər zaman formada qalıram. Ümumiyyətlə, bu məsələyə kortəbii baxmıram, hər eşitdiyim gözəllik rituallarını yerinə yetirmirəm, elmi tərəflərini də araşdırıram. Bir dəfə etdiyim səhv mənə dərs oldu.

- Nə səhv idi o?

- Hər qadın kimi mən də bir gözəllik xətasına yol vermişdim. Oldu, keçdi...

- Gözəllik rituallarınızdan bir neçəsini bizimlə bölüşərdiniz.

- Hər kəsin içində öz sayğacı var: bu sayğac həyatda etdiyimiz əməlləri, atdığımız addımları, düşündüyünmüz fikirləri, insanlara olan münasibəti ölçür. Həmçinin özümüzə nə qədər qulluq göstərdiyimizi də. Bəlli yaşdan sonra müəyyən qaydalara əməl etmək lazımdır. İnformasiya bolluğu var, internetdən hansı meyvənin bədənə, gözəlliyə nə xeyri, nə zərəri olduğunu açıb öyrənmək olar. Bunu özünü sevərək, həvəslə və maraqla görmək lazımdır.

- Sizin üçün özünü sevmək nə deməkdir?

- Özünü sevməyən adama birtəhər baxıram. Eqoistlikdən və özünə vurğunluqdan söhbət getmir, şükür Allaha, artistizm xəstəliyinə tutulmamışam. Baxımlısansa, özünü sevirsən, özünə hörmət edən xanımsan. Mənim nəzərimdə özünü sevməmək, zəhər içib özünü ölümə aparmaq deməkdir.

- Qadın hansı yaşda daha gözəl olur?

- Qadın hər yaşda gözəldir. Yetər ki, özünü sevməyi və hörmət etməyi bacarsın. Özünə hörmət edən biri ətrafdakılara hörmət edir. Məsələn, qonaq dəvət olunduğum bir məclisə, toya, adi gündəlik geyimdə getsəm, toy yiyəsi baxıb “Mənə olan hörmətim budur? Nə olardı ki, bəzənib-düzənib gözəl-göyçək gələrdin...” deyər. Bunları mütləq nəzərə almalıyıq.

“Bir insan eyni saç düzümü ilə 20-30 il necə yaşaya bilər?”

- Sizcə, qadın hansı yaşdan sonra xarici görkəmində ciddi dəyişiklik etməli, estetik cərraha müraciət etməlidir?

- Cərrahiyyə ən son nöqtədir, hər şeyi kökündən dəyişir. Söhbət üzdən gedirsə və kosmetoloji proseduralar, mezoterapiya kömək etmirsə, son həddə cərrah yanına gedə bilərsən. Piyləri gənc yaşda aldırmaq da olar, çünki gənclərin çoxu bu problemdən əziyyət çəkir.

Konservatimzi heç sevmirəm, qəbul eləmirəm. Bir insan eyni saç düzümü ilə 20-30 il necə yaşaya bilər? Bunu heç cürə anlaya bilmərəm, bir növ yerində saymağa oxşayır.

- Modaya münasibətiniz necədir?

- Dəblə geyinməyə çalışıram, amma birinci növbədə yaraşmalıdır. Brend düşkünü deyiləm. İngilislərin bu məsəlini mənə aid etmək olar: “Mən varlı deyiləm ki, ucuz şey alım”. Milyoner də deyiləm ki, bahalı geyimlər alım. 10 dənə ucuz köynək almaqdansa, onların pulunu yığıb bir dənə keyfiyyətli köynək almağı üstün tuturam. Qarderobu doldurmaq xətrinə ucuz, rəngli, bərbəzəkli, keyfiyyətsiz mal almıram.

Gözəllik sənət nümayiş etdirməyəndə maraq ölür”

- Qadını nə çirkin göstərir?

- Paxıllıq.

- Sizdə paxıllıq hissi varmı?

- Qətiyyən, paxıl insan deyiləm.

- Baş rolu ifa edən aktrisalar niyə həmişə gözəl olur və gözləri çox gözəl, mənalı baxan xanımlar seçilir? Ümumiyyətlə, baş rola çəkilmək üçün mütləq gözəl olmalısan?

- Sovet dövründə bu ənənə yox idi. Mariya Neelova, Çurikova o qədər də gözəl aktrisalar olmayıb. O zamanlar sənətkarlıq nöqteyi-nəzərindən qiymət verilirdi. Həyatda hər kəs gözəl deyil ki... Hər bir insanın özünün həyat tarixçəsi var, keçdiyi yol, yaşadıqları maraqlı ola və efirdə qəhrəmana çevrilə bilər. Gözəlliyə hind kinolarında daha çox fikir verirlər, son zamanlar bizdə də dəb halını alıb. Səhnə gözəlliyi, gəncliyi sevir çünki insan informasiyanı birinci gözü ilə qəbul edir. Qalan məsələləri daha sonra qiymətləndirir. Amma gözəllik sənə sənət nümayiş etdirmirsə, ona olan maraq ölür.

​- Müasir incəsənətlə maraqlanırsınız? Məsələn həvəskar teatrlara baxmağa gedirsinimiz?

- Dəvət etsələr, mütləq gedirəm. Gənclərə dəstək olmaq uzun illər sənətdə olan insanların borcudur.

- Aktrisalıq istedadınızdan şəxsi həyatda istifadə etməli olursunuz? Hansı daha çətindir, səhnədə, yoxsa real həyatda oynamaq?

- Aktyorluqla yaxından-uzaqdan əlaqəsi olmayan insanlar elə oynayırlar ki, ağzını açıb mat-məəttəl baxırsan. Səhnə ilə real həyatda oynamaqla yerdən göyə qədər fərq var. Real həyatda çox uğursuz aktrisayam. Buna görə də çox zaman mənə real həyatda “Sən çox qabiliyyətsiz və savadsız aktrisasan!” deyirlər (Gülürük). İnsanlara olan nifrətim də, sevincim də üzdədir... Səhnə peşəkarlıqdır, sənətdir! Kino aktyorları çox zaman teatr səhnəsində oynaya və səhnənin diktə etdiyi qanunları qavraya bilmirlər. Teatr aktyorları isə səhnədə rahat çəkilə bilir. Səhnədə heç bir qüsuru örtmək olmur.

- Filmin yaxşı və keyfiyyətli alınması üçün açıq səhnələr mütləqdir?

- Filmlərin müxtəlif istiqamətləri var. Filmin janrından, məqsədindən asılı olaraq, açıq səhnələr tələb olunursa və mütləqdirsə, bu, normaldır. Onda Rafael əsərlərinə niyə baxırıq? Onların hər biri şedevrdır. Vatikanda bu əsərlərin çoxunun orijinalına, əsillərinə baxmışam. Gözünü çəkmək istəmirsən. Orda sikstinskaya kapella – böyük bir əsər var idi, onun qarşısında saatlarla yorulmadan dayana bilərdim. Bax bu, əsl sənət nümunəsidir.

Yox, yenilik adı ilə diqqət çəkmək və tamaşaçı yığmaq məqsədi güdülürsə, bu artıq qəbul olunmaz biabırçılıqdır. Azərbaycandan söhbət gedirsə, bizim cəmiyyət buna hazır deyil. Türk seriallarındakı açıq-saçıq, öpüş səhnələrini normal qarşılayırıq. Amma özümüzdə olanda hamı etiraz edir.

- Müasir qayınana ilə, köhnə qayınanalar arasında nə kimi fərq var?

- Qayınananın xəmiri elə yoğurulub ki, modern, yaxud köhnə fikirli olmasının heç bir əhəmiyyəti yoxdur (Gülürük). Oğul analarına məxsus spesifik xüsusiyyət var ki, gəlinə çox vaxt qısqanclıq hissi ilə yanaşır. Ömür boyu insan xislətində qısqanclıq mövcud olduğu üçün müasirlik əlac ola bilməz. İnsan özü dəyişmədiyi üçün bu münasibət də dəyişməz olaraq qalır.

- Siz kürəkəninizə necə qayınanısınız?

- Özü burda olsaydı, bilmirəm nə deyərdi... Hər halda 9 ildə günbəgün mənə yaxın oğuldursa, başqa nə cür ola bilər ki?

- Qadınla kişi arasında, söhbət sevgidən gedir, yaşın fərqi varmı?

Gəl göstərim sənə yaşın fərqini

Baharın fərqini, qışın fərqini...

- Yaşın təbii ki, var. İnsan ruhu qocalmır və insan həmişə sevgi ilə nəfəs alır. Amma cütlüklər arasında böyük yaş fərqinə gələndə yaş öz sözünü deyir.

“Mən onu öldürərdim”

- 16 yaşlı Sənubər İsgəndərliyə nə məsləhət verərdiniz?

- Nə qəşəng sualdır, siz məni həqiqətən də çaşdırdınız. Yəqin ki, mən onu öldürərdim, əllərimlə boğardım.

- Yəni, elə böyük səhvləriniz olub?

- 16 yaşında insan necə olur? Hamıdan ağıllıdır, özündən başqa heç kim ona düzgün yol göstərə bilmir, yaxşı məsləhət verə bilmir, özü isə hər zaman haqlı olur və.s. Nəticədə isə böyük səhvlərə gətirib çıxarır. “Ağlın olaydı, ay qız!” deyərdim. Nə səhv etdiyimi isə açıqlamayacam (Gülür).

- Məhəbbət olmayanda söz dənizi quruyur, qadın solur?

- Qadın nə qədər gənc, gözəl, cazibədar, yaraşıqlı görünürsə, deməli, onun həyatında sevgi var.

- Onda sizin gözəlliyinizin əsas sirri bəlli oldu.

- Bəli, özümə də aiddir.

- “Məhəbbət olmayanda” mahnısını hətta ulu öndər Heydər Əliyev efirdən bəyəndiyini söyləmişdi.

- Canlı yayımda bu sözləri onun dilindən eşidəndə şokda idim, qulaqlarıma inana bilmirdim.

- O səsi bir də eşitmək şansımız olmayacaq?

- O, çox balaca səs idi. Mahnını da sadəcə, maraq xətrinə oxumuşdum, bu qədər seviləcəyini isə ağlıma gətirməzdim.

- Yaradıcılıq planlarınızda nələr var.

- Həyatda planla yaşamıram. Sadəcə, müəyyən təkliflər var, onları dəyərləndirməklə məşğulam.

- Sonda bu sualı verməsəm, məni tənqid atəşinə tutarlar. 8 martda xüsusi hədiyyə gözləyirsiniz?

- Qadınının qadına hədiyyə verməsi Sovet dövrünün ənənəsi idi və bunu qəbul etmirəm. Qoy kişilər əllərini ciblərinə salsınlar. Hədiyyənin isə önəmi yoxdur, yetər ki, onu sevgi ilə verəsən... Kişilərimizə müraciət edib onları bir az kreativ olmağa və maraqlı bir proqram düşünməyə səsləyirəm! Əgər kişilər xanımların bayramını quru hədiyyə ilə təbrik edərək missiyalarının bitdiyini hesab edirlərsə, yanılırlar. O zaman o hədiyyəni heç alma. Xanım üçün sevgi və nəvaziş ən gözəl hədiyyədir.

- Kişilər qadınlar kimi sevə bilir?

- Sevgini cinsi kateqoriyaya bölmürəm. İnsandan asılıdır.

AYTƏN

FOTO: ELÇİN MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm