Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.

Publika.az xəbər verir ki, Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd məhz bu tarixdə qeydə alınmış nazirliyin müvəqqəti əsasnaməsidir.

Bu gün müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 24 avqust 2007-ci ildə Prezidenti İlham Əliyev hər il 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi de-facto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi sistemində 239 nəfər işləyirdi. Təklif edilən yeni ştat tərkibi aşağıdakı kimi idi: komissar və onun dəftərxanası - 4, Komissarlığın İşlər müdiri və köməkçisi - 2, ümumi şöbə - 35, Siyasi şöbə - 30 nəfər. Beləliklə, komissarlıqda cəmi 71 nəfərin işləməsi nəzərdə tutulmuşdu. Bu heyətin təqribən 30 nəfərdən çoxu azərbaycanlı idi.

1920-ci ilin aprelinədək Azərbaycanın aşağıdakı ölkələrdə nümayəndəlikləri var idi: Gürcüstan (diplomatik nümayəndə Fərhad bəy Vəkilov, Batumda konsul Mahmud bəy Əfəndiyev); Ermənistan (diplomatik nümayəndə Əbdürrəhman bəy Haqverdiyev); İran (diplomatik nümayəndə Adilxan Ziyadxan); İstanbul (diplomatik nümayəndə Yusif bəy Vəzirov); Ukrayna (konsul Camal Sadıxov), Krım (konsul agenti Şeyxəli Hüseynov). Bundan başqa Azərbaycanın Kubanda və Donda diplomatik nümayəndəliyi, Petrovskda isə konsul agenti də təyin edilmişdi. İrkutskda da Azərbaycan konsulluğu fəaliyyət göstərirdi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Xarici İşlər Nazirliyi bağlandı və əvəzində Azərbaycan Sovet Sosialist Respublikası Xalq Xarici İşlər Komissarlığı yaradıldı. Sovetləşdirildikdən sonra Azərbaycanın Təbriz, Ənzəli, Kars, Trabzon və Batumda konsulluqları, Ankara, Tiflis və Moskvada səlahiyyətli nümayəndəlikləri və b. fəaliyyət göstərirdi. 1921-ci ilin noyabrında Azərbaycanın İrandakı nümayəndəliyi bağlanıldı. İranda Azərbaycanın səlahiyyətli nümayəndəsi təyin edilsə də, onun səfəri baş tutmadı. 1922-ci il aprelin 22-də ZSFSR İttifaq Şurasının iclasında Azərbaycanın Təbriz və Ənzəlidəki konsulluqları barədə məsələ müzakirə olundu və onlar ləğv edildilər. İranda Azərbaycan təbəələrinin mənafelərini qorumaq hüququ müvafiq Rusiya konsulluğuna verildi.

Bu konsulluğun tərkibinə yalnız bir nəfər azərbaycanlı texniki işçi daxil edildi. Bir müddət sonra Azərbaycanın Rusiya, Əfqanıstan, Buxara, Gürcüstan və Ermənistandakı nümayəndəlikləri də ləğv edildi. Qars konfransı başa çatdıqdan sonra bu şəhərdəki konsulluq da bağlandı. 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi. Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın, 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı.

Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini elan etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı. Hazırda Azərbaycanla 170 ölkə arasında diplomatik əlaqələr qurulub. Azərbaycanın 60 ölkədə səfirliyi, 4 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 şəhərdə konsulluğu fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda 43 ölkənin səfirliyi və 3 baş konsulluğu fəaliyyət göstərir. 33 ölkənin isə səfiri eyni zamanda Azərbaycanda akkreditasiya olunub. Azərbaycanda beynəlxalq təşkilatların 16 nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanlı diplomatların sayı 700-dən artıqdır. Onların əksəriyyəti xarici dövlətlərdə, qalanları isə Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm