Malyariya xəstəliyinin Azərbaycanda yayılma ehtimalı var - TƏHLÜKƏ
Bizi izləyin

Qırmızı.az

Malyariya xəstəliyinin Azərbaycanda yayılma ehtimalı var - TƏHLÜKƏ

Malyariya xəstəliyinin Azərbaycanda yayılma ehtimalı var. Aran rayonlarında bu, yüz faizi, respublika ərazisinin 80%-i malyariyaya görə endemik zona sayılır.

Bunu Publika.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri İsmayıl Məmmədov deyib.

Onun sözlərinə görə, dağlıq rayonlar istisna olmaqla respublikanın əksər rayonlarında malyariya yayılması ehtimalı var. Ölkə ərazisində bu xəstəliyin başlayıb inkişaf etməsi üçün təbii şərait - həm durğun sular, həm də bu xəstəliyi yayacaq ağcaqanadlar var. Xəstə olarsa, qısa zamanda yayıla bilər.

Buna baxmyaraq, şöbə müdiri son illər ərzində ölkə ərazisində malyariya xəstəliyinə yoluxma halının qeydə alınmadığını bildirib. 2013-cü ildə 4 nəfər, 2014-cü ildə isə 2 nəfər tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmiz üçün xarakterik deyil.

İ.Məmmədov son illər ölkə ərazisində malyariyanın yayılmamasına da aydınlıq gətirib:

“1994-cü ildə ölkə ərazisində bu xəstəlik yayıldı. Bütün tibb personalı gücləndirilmiş iş rejimində işlədi, Ümumdünya Səhiyyə Təşkilatından yardımlar oldu. Sonralar respublika öz imkanları hesabına müalicə işlərini gücləndirdi. Dərmanlar, müvafiq pereparatlardan istifadə edərək xəstəliklə mübarizə aparıldı. Bu işlərin nəticəsi olaraq son illər ölkə ərazisində malyariya qeydə alınmır. Lakin bu o demək deyil ki, artıq xəstəliklə bağlı təhlükə yoxdur. Ölkə ərazisi ağcaqanadların inkişafı üçün əlverişli şərait var. Ona görə də, xüsusən xaricdən gələnlərin müalicəsinə diqqət ayırırıq. Xəstəlik aşkarlanan kimi həmin şəxs nəzarətə götürülür, insanlardan təcrid edilir və müalicə olunur”.

Şöbə müdiri malyariyanın ilkin əlamətlərindən də danışıb. Onun sözlərinə görə, xəstəliyin ilkin əlaməti üşütmədir.

“Hətta temperatur 40 dərəcə olsa da, həmin şəxslər titrədirlər. Bu hal bir-iki saat davam edir. Daha sonra temperatur 40 dərəcədən yüksək olur. Bu tutma beş-altı saat davam edir. Hərarət düşəndən sonra güclü tərləmə baş verir. Bu hal üç gün davam edir və tutmalar günaşırı baş verir. Əsasən, günorta və axşam saatlarına yaxın baş verir. Bu şəxslərin qanı yoxlanılır. Yalnız paytaxt deyil, respublikanın bütün rayonlarında bu xəstəliyin yoxlanması üçün laboratoriyalar var. Həmin şəxslə yanaşı, ailə üzvləri də yoxlanılır. Lakin bu o demək deyil ki, mütləq ailənin digər üzvləri də xəstəliyə yoluxmalıdır.

Düzgün müalicə aparılmadıqda malyariyanın digər qan xəstəliklərinə, resessiv formaya keçə bilər. Malyariyanın müalicə müddəti 17 gündür, bəzən xəstələr bu müalicədən imtina edir, yarımçıq qoyurlar. Belə hallar tək-tək olarsa, resessiv hal baş verə bilər”.

Xəstəliyin yayılma təhlükəsi bu qədər geniş olduğu halda malyariyaya yoluxmaqdan necə qorunmaq olar?

İ.Məmmədov bildirib ki, həm ümumi, həm də fərdi formada qabaqlayıcı tədbirlər görülməlidir:

“Əhalinin müdafiə olunması üçün ilk növbədə yerli icra orqanları, bələdiyyələr tərəfindən yerlərdə, yaşayış yerlərinin yaxınlığında durğun su mənbələrinin ləğv edilməsi mütləqdir. Çünki ağcaqanadlar yalnız durğun sularda inkişaf edir. Həmçinin hər kəs fərdi olaraq ağcaqanaqlardan qorumalıdır. İlk növbədə insanların yatdığı otağa ağcaqanadların daxil olmasının qarşısı alınmalıdır. Buna görə də qapı və pəncərələrə torlar tutulmalıdır. Tablet, maye halında olan dərmanlardan istifadə edə bilərlər ki, bu həm ağcaqanadları uzaqlaşdırır, həm də zərərsizləşdirir . Açıq havada olarkən bədənin açıq hissələrinə xüsusi kremlər vurulmalıdır. Bu kremlərin orqanizm üçün heç bir mənfi təsiri yoxdur. Rayon yerlərində açıq havada yatanlar imkan daxilində tordan hazırlanmış miçətkənlərdən istifadə edə bilərlər”.

Şöbə müdiri onu da vurğulayıb ki, Bakıda malyariyanın yayılması üçün ciddi təhlükə yoxdur. İlk növbədə ona görə ki, mərkəzdə durğun sular yoxdur.

“Zirzəmilərdə toplanan su malyariya yayılması üçün təhlükəli deyil. Çünki malyariya keçirən ağcaqanadlar çirkab, zirzəmi sularında yumurta qoymurlar. Bu xüsusiyyətinə görə, ölkə ərazisində yayılmış anofiles fəsiləsindən olan ağcaqanadlara aristokrat ağcaqanadlar da deyirlər. Bəzi rayonlarda son 7-8 ildə malyariya aşkarlanmır. Bu il də ölkə ərazisində yerli yoluxma halı baş verməsə, Ümumdünya Səhiyyə Təşkilatına müraciət ediləcək. Təşkilat ölkəyə malyariyasız ölkə sertifikatı verəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm