Turizm şirkətləri elektron viza alacaq – YENI QAYDA
Bizi izləyin

Qırmızı.az

Turizm şirkətləri elektron viza alacaq – YENI QAYDA

Nazirlər Kabineti “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası”nı təsdiq edib.

Publika.az xəbər verir ki, bu qayda turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında 1 ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər. Akkreditasiyadan keçmək üçün turizm şirkəti ərizə ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməlidir.

Ərizədə turizm şirkətinə verilmiş lisenziyanın qeydiyyat nömrəsi, turizm şirkətinin əlaqələndirici şəxsi haqqında məlumat göstərilməlidir. Ərizəyə turizm şirkətinin son 3 ay ərzində Azərbaycana gətirdiyi xarici turistlərin sənədlərinin surətləri (xarici turizm şirkəti və ya turistlərlə bağladığı müqavilənin (vahid bir sənədin) və ya Mülki Məcəlləyə əsasən sənədlər mübadiləsi formasında bağlanmış müqavilələr üzrə yazışmanın, habelə bu cür müqavilə əsasında edilmiş ödənişlər üzrə sənədlərin surətləri əlavə edilməlidir. Ərizəyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılmasının və qərar qəbul edilməsinin ümumi müddəti 10 iş günüdür. Ərizəyə nazirlik tərəfindən baxılması nəticəsində akkreditasiyadan imtina üçün əsas olub-olmaması araşdırılaraq, turizm şirkətinin akkreditasiyadan keçməsi və ya akkreditasiyasından imtina barədə qərar qəbul edilir, bu barədə ərizəçiyə məktub verilir.

Nazirlik tərəfindən sorğu edilən sənədlər və (və ya) məlumatlar təqdim edilmədikdə və ya natamam olduqda, təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda ərizə qəbul edilmir. Akkreditasiyadan imtinaya səbəb olmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin turizm şirkəti turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün yenidən müraciət edə bilər.

Akkreditasiyadan keçmiş turizm şirkətləri Nazirlik tərəfindən təqdim olunmuş hesabat formasına uyğun olaraq hər rübün ilk 10 (on) günü ərzində ötən rüb üzrə elektron viza rəsmiləşdirilməsi ilə bağlı statistik məlumatları Nazirliyə təqdim etməlidir. Statistik məlumatlar bu müddət ərzində təqdim edilmədikdə, Nazirlik tərəfindən ona xəbərdarlıq məktubu göndərilir və təkrarən tələb edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm