• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

AMEA jurnalistləri mükafatlandırdı – FOTOLAR

AMEA jurnalistləri mükafatlandırdı – FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin (İƏEPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin təşkilatçılığı ilə Şamaxıda təşkil olunan “Science Activity-2015” yay məktəbi başa çatıb.

Publika.az-ın məlumatına görə, Azərbaycan Mətbuat Şurasının “onlayn” media departamentinin rəhbəri Ellada Mustafayeva “Sosial media: ənənəvi medianın “online” mediaya inteqrasiyası” mövzusunda məruzə edib.

Məruzəçi ənənəvi mətbuatın keçdiyi tarixi yola nəzər salıb və bəzi faktları sadalayıb: “Ənənəvi media dedikdə qəzet, jurnal, radio və televiziyalar nəzərdə tutulur. Ancaq onlayn medianın inkişafı ilə əlaqədar insanlar əvvəllər bu sahələrdən əldə etdiklərini artıq internet vasitəsi ilə daha dolğun və operativ əldə edirlər. Digər tərəfdən, əgər əvvəllər insanlar 20-40 qəpik verib qəzet alırdılarsa, bu gün artıq internetə daxil olmaqla bu orqanları daha yaxşı izləyə bilərlər. Əgər hansısa bir qəzeti çap variantında 100 nəfər alaraq izləyirdisə, indi onlayn vasitəsi iə 100 min nəfər izləyir. Bu da həmin orqana müsbət təsir edir. Düzdür, bunun maddi tərəfi də var, bu da ayrı bir mövzudur”.

Ötən ay Azərbaycanda keçirilən I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən bəhs edən MŞ-nın nümayəndəsi qeyd edib ki, bu yarışlarla bağlı “Twitter” şəbəkəsində yaradılan “Baku-2015” haştaqı ön sıralara çıxdı: “Bu haştaqın dünya trendinə çıxması ölkəmiz üçün çox müsbət oldu”.

Təlimçi bildirib ki, “online” medianın inkişafı vizual kontentə də təsir edir: “Biz həmin süjetlərin yayımı zamanı bu şəbəkədən geniş istifadə edirik. Həm də bu gün jurnalistin paylaşdığı video-süjet bir anda bir neçə min, milyon dəfə baxılmaq gücünə malikdir. Çünki insanların çoxu video-süjetlərə daha çox üstünlük verirlər. Canlı yayım buraxılışı zamanı da “YouTube” saytından istifadə edə bilərik. Bu da bizə istənilən mövzuda hazırlanan çəkilişləri və tədbirləri canlı yayımlamağa imkan verir”.

Sosial medianın imkanları barədə danışan təlimçi əlavə edib ki, bu gün ölkədə çox sayda bloqlar və forumlar fəaliyyət göstərir: “Ancaq təcrübəli bloggerlər, yazarlar çox azdır. Bir çox ölkələrdə, həmçinin Rusiyada isə bu sahədə ixtisaslaşmış insanlar çoxdur. Düşünürəm ki, Azərbaycanda bu sahədə ixtisaslaşmış bloggerlərin sayının çoxalmasına böyük ehtiyac var. Sosial şəbəkənin əsas şərtlərindən biri də verəcəyin məlumatın dürüst və doğruluğuna şübhə edilməməsidir”.

Qeyd edək ki, təlimin sonunda, AMEA Rəyasət Heyəti tərəfindən jurnalistlərə sertifikatlar təqdim olunub.

Vasif Həsənli – Şamaxı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR