• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Təhsil Nazirliyindən şəhadətnamə, attestat və diplomlarla bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən şəhadətnamə, attestat və diplomlarla bağlı AÇIQLAMA

Azərbaycan Təhsil Nazirliyi dövlət nümunəli təhsil sənədlərinin verilməsi ilə bağlı cəmiyyətdə yaranan səhv fikirlərə və eyni zamanda, bu sənədlərin verilməsinin gecikdirilməsi ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirib.

Təhsil Nazirliyinin (TN) məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Verdiyev Trend-ə bildirib ki, bəzən cəmiyyətdə məzunlara, müdavimlərə diplomların və digər dövlət nümunəli təhsil sənədlərinin birbaşa TN tərəfindən verilməsi ilə bağlı fikirlər formalaşır: "Ancaq TN təhsil müəssisələrinə yalnız təhsil sənədlərinin blanklarını verir. Cəmiyyətdə, insanlarda belə bir səhv fikir formalaşıb ki, təhsil sənədlərinin ləngidilməsi səbəbləri birbaşa TN ilə bağlıdır. Amma bunu qəti olaraq deyirəm ki, biz təhsil müəssisələrinin sifarişi əsasında onlara təhsil sənədlərinin blanklarını veririk. Həmin blanklar təhsil sənədi formasına təhsil müəssisələrində gətirilir. Hər hansı gecikdirilmə olarsa, artıq bu, bizdə deyil, təhsil müəssisəsində baş verir. Amma ümumi narazılıq həmişə TN-yə yönəlir”.

R.Verdiyev əlavə edib ki, əvvəlki illərdə təhsil müəssisələrinə dövlət nümunəli təhsil sənədləri üçün blanklar qanunvericilikdə nəzərdə tutulduğu vaxtdan gec verilirdi: "Hətta cari ilin məzunları növbəti ildə təhsil sənədlərini çətinliklə alırdılar. Lakin artıq bu sahədə iş yüksək səviyyədə təşkil olunub".

Nazirlik rəsmisinin sözlərinə görə, bu il bütün təhsil müəssisələrini tam şəkildə təmin edəcək sayda diplomlar hazırdır.

R.Verdiyev qeyd edib ki, hələ may ayında bütün təhsil sənədlərinin - şəhadətnamələrin, attestatların, diplomların və digər dövlət nümunəli təhsil sənədlərinin hamısının blankları alınaraq anbarlara yığılıb: “İndi təhsil müəssisələrini gözləyirik ki, onlar lazımi sənədləri təqdim etsinlər. Bu sənədlər yoxlanıldıqdan sonra biz dərhal həmin təhsil müəssisəsini lazımi sayda blankla təmin edəcəyik”.

R.Verdiyev bəzən dövlət nümunəli təhsil sənədlərinin təhsil müəssisələrində pulla verilməsinə də münasibət bildirib. O bildirib ki, dövlət nümunəli təhsil sənədləri, o cümlədən diplomlar və onların dublikatları dövlət rüsumu alınmadan, ödəniş olmadan məzunlara verilir: “Ola bilər ki, nə vaxtsa belə məsələlər olur. Amma hazırda bununla bağlı heç bir problem ola bilməz. Çünki yerlərdə lazımı işlər aparılıb, yoxlamalar həyata keçirilib, dövlət nümunəli təhsil sənədlərilə işləyən konkret şəxslərlə söhbətlər aparılıb, xəbərdarlıq edilib. Bu sənədlərlə işləyən insanlar da artıq bilirlər ki, bu sənədlərin ödənişsiz verilməsi barədə vətəndaşların məlumatı var”.

R.Verdiyevin sözlərinə görə, son illərdə dövlət nümunəli təhsil sənədlərinin pulla verilməsi barədə TN-yə şikayət daxil olmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR