TQDK rezidenturaya qəbul olunanlara müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK rezidenturaya qəbul olunanlara müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul olandan sonra təhsildən imtina edən şəxslərə müraciət edib.

Publika.az xəbər verir ki, TQDK-nın rəsmi saytında rezidentlərə edilən müraciətdə bildirilib ki, namizədlərin ailə vəziyyəti və az da olsa digər ölkələrdə keçirilən müvafiq imtahanlarda uğur qazanması ilə əlaqədar təhsil almaqdan imtina etməsi halları da məlumdur. Bütün bunları nəzərə alaraq namizədlərə ixtisas seçimindən əvvəl mütəxəssis olmaq istədikləri sahə, eləcə də baza tibb müəssisəsinin texniki və kadr potensialını araşdırmağı üzrə iş aparmağı, təhsil almaq istədikləri ixtisas üzrə təhsil proqramı ilə (www.health.gov.az) tanış olmağı, seçəcəkləri ixtisasın onların tələblərinə cavab verib-vermədiyini müəyyən etməyi tövsiyə edirik.

“Baxmayaraq ki, istiqamətlər üzrə bütün ixtisasları (məs. Müalicə işi, Pediatriya istiqaməti üzrə 65 ixtisas) seçmək imkanı verilir, Siz öz arzu və istəklərinizə uyğun olan ixtisasları seçin ki, sonradan imtina etmək zərurəti ilə qarşılaşmayasınız. Nəzərə alın ki, Sizin qəbul olunduğunuz, lakin arzunuza uyğun olmayan ixtisasdan sonradan imtina etməyiniz, başqa bir namizədin arzusuna çatmaması, eyni zamanda plan yerinin boş qalması və dövlət büdcəsindən ayrılan maliyə vəsaitinin səmərəsiz xərclənməsi ilə nəticələnir”.

Qeyd edək ki, rezidentura səviyyəsində təhsil proqramı «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın tələblərinə, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanıb.

Səhiyyə Nazirliyi tərəfindən klinik baza kimi müəyyən edilmiş elm, təhsil və tibb müəssisələri, habelə aparıcı klinikalar təhsil proqramının tələblərinə uyğun olaraq rezident hazırlığını həyata keçirməyə, xəstələrin diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin etməyə imkan verən yüksək səviyyəli maddi-texniki bazaya və elmi-pedaqoji kadr potensialına malikdir. İstənilən ixtisas üzrə həkim-mütəxəssis hazırlığı nəzəri təlim, ixtisas və ixtisaslaşma fənləri üzrə mühazirə, məşğələ, seminar, məsləhət, eləcə də kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərinin aparılması və s. formalarda həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm