Səhiyyə işçiləri zorakılığa məruz qalmış uşaqları müdafiə edəcək
Bizi izləyin

Qırmızı.az

Səhiyyə işçiləri zorakılığa məruz qalmış uşaqları müdafiə edəcək

Zorakılığa məruz qalmış uşaqların müdafiəsində səhiyyə işçilərinin gücündən istifadə olunacaq.

Publika.az xəbər verir ki, bu məqsədlə bu ilin əvvəllərindən “Uşaqlara qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolunun gücləndirilməsi və imkanlarının genişləndirilməsi” layihəsinin icrasına başlanıb.

Layihəni Ümidli Gələcək Gənclər Təşkilatı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzi (İSİM) ilə birgə həyata keçirir. OAK Fondunun maliyyə yardımı və Gürcüstanın İctimai Səhiyyə Fondunun texniki dəstəyi ilə gerçəkləşdirilən layihənin əsas məqsədi uşaqlara qarşı zorakılıq, o cümlədən, məişət zorakılığı, cinsi, fiziki və psixoloji zorakılıq və laqeydlik hallarının erkən aşkarlanmasıdır. Bundan başqa, təkrar halların qarşısının alınması və tibb müəssisələrində zərərçəkənlərə zəruri təcili tibbi-psixoloji yardımın göstərilməsi üçün səhiyyə müəssisələri və tibb işçilərinin bilik və bacarıqları artırılacaq. Onlar üçün zorakılığa məruz qalmış uşaqların müdafiəsi üzrə nümunəvi prosedur qaydalar hazırlanacaq. Layihənin ilkin hazırlıq mərhələsində beynəlxalq və yerli təcrübə araşdırılıb, Bakı və Gəncə şəhərlərində seçilmiş pilot uşaq poliklinikaları və uşaq xəstəxanalarında mövcud vəziyyətin öyrənilməsi məqsədilə sorğular keçiriləcək, uşaq həkimləri və pediatrların zorakılığa məruz qalmış uşaqlarla tibbi-psixoloji işin təşkili və aparılması sahəsində bilik və bacarıqları artırılacaq.

Xatırladaq ki, “Ümidli Gələcək” Gənclər Təşkilatı Qafqaz ölkələrində “Uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması və cinsi və fiziki zorakılıq hallarının öyrənilməsi” istiqamətində işə 2010-cu ilin oktyabr ayından start verib. Bu məqsədlə xüsusi proqramın icrasına başlayan təşkilat 2011-ci ildə Bakıda “Zorakılıq və cinayətin qurbanı olmuş Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi” yaradıb. Həmin Mərkəzdə indiyədək zorakılıq və cinayətin qurbanı olan 300-dən çox uşaq reabilitasiyadan uğurla keçərək ailələrinə, cəmiyyətə yenidən inteqrasiya edilib. Bu uğuru nəzərə alaraq, Prezident yanında Azərbaycan Gənclər Fondu və “Boeing” şirkətinin dəstəyi ilə Ucar rayonunda da “Məişət zorakılığının qurbanı olmuş Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi” təsis edilib. Ötən ilin sonunda gerçəkləşdirilən həmin pilot layihə çərçivəsində dövlət qurumları ilə sıx əməkdaşlıq qurulub. Belə ki, mərkəzin fəaliyyətinin qurulması və təşkili məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə fəaliyyət göstərilir.

Səadət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm