“Qız Qalası”nı, “Kəbəni” evində saxlayan jurnalist: “ABŞ-dan, Hindistandan, Tailanddan sifarişlər qəbul edirəm” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Qız Qalası”nı, “Kəbəni” evində saxlayan jurnalist: “ABŞ-dan, Hindistandan, Tailanddan sifarişlər qəbul edirəm” - FOTOLAR

O, bir neçə sahədə eyni vaxtda çalışır. Şair, jurnalist Təbriz Vəfalı həm də müxtəlif əşyalardan maraqlı əl işləri hazırlayır. Özünün dediyi kimi, istedadı bunların hərəsindən bir az öyrənməyə imkan verir. Bir neçə kitabı çapdan çıxmış Təbrizin evində hazırladığı gözəl əl işləri ilə tanış olduqdan sonra həmkarımızın haqlı olduğunu biz də yəqin etdik.

Publika.az Təbriz Vəfalının şəxsi emalatxanasından reportajı təqdim edir.

“Bu sənətə nəsillikcə maraq göstərmişik”

Müsahibim bildirir ki, memarlığa, xarratlığa, dülgərliyə, bənnalığa, rəssamlığa nəsillikcə maraq göstəriblər: “Babamın atası, eləcə də babam, ondan sonra isə atam bu işlə məşğul olub. İndi də mən və qardaşlarım müxtəlif cür əl işləri nümunələrinin hazırlanması ilə məşğuluq. Uşaq vaxtlarımda yellənçəklər, əl arabaları, yay-ox, balaca maşınlar və digər əşyalar hazırlamışam. Məşhur türk seriallarından birində əl işləri ilə məşğul olan qəhrəmanının timsalında qərara gəldim ki, mən də belə sənət nümunələri hazırlaya bilərəm. Artıq 4 ilə yaxındır bu işlə məşğul oluram”.

Özünün də dediyinə görə, bu sənəti qısa müddətdə, təkbaşına öyrənib. Nəinki öyrənib, yüzlərlə əl işi də hazırlayıb: “İndiyədək 1500-ə yaxın əl işim olub. Onlardan bir çoxunu dostlarıma, tanışlarıma, həmkarlarıma hədiyyə etmişəm. Satışa çıxardıqlarım da var. Əl işlərimdən olan lampa fantaziyası lampalardan düzəldilmiş kiçik modeldir. Uçan naməlum obyektlərə bənzəyən fantastik bir model hazırlamışam. Hazırladığım digər maket isə məsciddir. Məscidləri müxtəlif formada tərtib etmişəm. Onların hazırlanmasında çaydanaltı, büllur çilçıraqdan, divar kağızından, kabab bişirmək üçün istifadə edilən çöplərdən, habelə meyvə çubuqlarından yararlanmışam. Əl işlərimin ayrı-ayrı hissələrinin uzunömürlü, bərk olması üçün keyfiyyətli yapışdırıcılardan istifadə edirəm”.

Maketlər arasında villalar – imarətlər də var: “Villalardan birində divar kağızlarından istifadə etmişəm. Türkiyənin “Qız Qalası” maketini də bir neçə saata hazırlamışam. Ən çox maraq doğuran əl işi nümunələrimdən biri də Bakının rəmzi sayılan “Qız Qalası”nın maketidir. Bunların sadəcə hazırlandıqları materialların keyfiyyətində, tərkibində fərq olduğundan qiymətlərdə də müəyyən fərqlər mövcuddur”.

“Güldanlara 2, stolüstü lampaya 4 saat vaxt sərf etmişəm”

Qiymətlər suvenirlərin, maketlərin hazırlandığı əşyaların tərkibindən, keyfiyyətindən asılı olaraq dəyişir: “Məsələn, keyfiyyətli əşyalardan hazırlanan stolüstü lampa 90-100 manata başa gəlir. Çünki həm onun hazırlanması üçün istifadə edilən materiallar çoxdur, həm də onların qiymətləri bahadır”.

Müsahibim bildirdi ki, hələlik kütləvi şəkildə satmaq üçün nəzərdə tutduğu əl işi yoxdur. Lakin onlardan bəzilərini satmağı və bu məqsədlə sərgi keçirməyi planlaşdırır: “Elə maket var ki, onun hazırlanması üçün 400-450 dondurma çöpü lazım gəlir. Bu isə bir neçə çöp qutusu deməkdir. Əl işlərim hər biri 5 manata satılan, içərisindən yalnız 50 faizi yararlı olan çöp qutularından hazırlandığından bəzi maketlərin qiyməti baha olur”.

Əl işlərinin hazırlanması 2 saatdan bir günə, yaxud bir neçə günə qədər vaxt aparır: “Məsələn, güldanlara 2, stolüstü lampaya 4 saat vaxt sərf etmişəm. Sifarişlərim tez-tez olur. Ən baha qiymətə olan əl işlərim villalar və Kəbənin maketidir. İndiyədək ən baha satdığım suvenir üçün 100 manat almışam. Əl işlərimin arasında xüsusi məscid maketi var. Bir dəfə onu görən məşhurlardan biri həmin əl işi üçün yüksək miqdarda pul təklif etdi. Həmin əl işimi dünyasını dəyişmiş atamın xahişi ilə hazırladığımdan onu satmaqdan qəti şəkildə imtina etdim”.

Dondurma çubuqlarından suvenirlər əsasən ABŞ-da hazırlanır”

Müsahibim əvvəllər də villa maketlərinin bir neçəsini satıb: “Amma müqəddəs Kəbənin maketini möminlərə hədiyyə edirəm. Stolüstü lampa baha başa gəlir. Bərbəzəkli evləri sifariş əsasında hazırlamışam”.

Onun əl işlərinin sifarişçiləri arasında bir sıra məşhurlar, o cümlədən ictimai-siyasi xadimlər var: “Sifarişçilər arasında əcnəbi vətəndaşlar da olur. Əl işlərimin fotolarının müxtəlif sosial şəbəkələrdə nümayiş etdirdiyimdən son günlər onlara maraq artıb. Sosial şəbəkə vasitəsilə tanış olduğum ABŞ vətəndaşı Savannah Rivers öz villasının maketini sifariş verərək, hesab nömrəsini göndərdi və məndən evinin kiçik maketini düzəltməyi xahiş etdi. Dedi ki, onun istədiyi memarlıq nümunəsi üçün lazım olan pulu bank vasitəsilə hesabıma köçürməyə hazırdır. Sifarişləri ən çox “facebook” vasitəsilə qəbul edirəm. Müştərilər arasında Hindistan, Tailand və digər ölkələrin vətəndaşları da var”.

Təbriz deyir ki, bütün bunları hazırlamaq kənardan baxanlara asan gəlir. Halbuki bu sənətin də incəlikləri var: “Gərək səbirli olasan, hər xırda detala fikir verəsən. Yeri gəlmişkən qeyd edim ki, dondurma çubuqlarından suvenirlər əsasən ABŞ-da hazırlanır. Həmin çubuqlardan güldanlar, vazlar, meyvə qabları, stolüstü lampaların hazırlanması bu ölkədə reallaşır. Lakin amerikalılar bunu özlərinin sənətkarlıq xüsusiyyətlərinə uyğun həyata keçirirlər. Mən isə onu milliləşdirmişəm, suvenirlərə milli bəzəklər vurmuşam. Məsələn, hazırladığım güldanın bəzəkləri tam fərqlidir”.

O qeyd etdi ki, əl işləri nümunələrinin hazırlanması üçün “DVD” disklərindən, köhnə çilçıraqlardan, uşaq oyuncaqlarından, asılqanlardan, habelə digər məişət əşyalarından istifadə edir.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm