Prezident tapşırığı: AZAL qiymətləri endirəcəkmi?
Bizi izləyin

Qırmızı.az

Prezident tapşırığı: AZAL qiymətləri endirəcəkmi?

Azərbaycan Hava Yolları (AZAL) ilə uçuş qiymətlərinin xarici ölkələrlə müqayisədə xeyli baha, əhalinin cibinə görə olmaması çoxdandır ki, narahatlıq doğururdu. AZAL ilə uçuşlarda biletlərin çox baha olması vətəndaşların əziyyət çəkməsilə bərabər, həm də ölkə iqtisadiyyatına ciddi ziyan vurur.

Bilet qiymətləri ilə bağlı digər ölkələrlə müqayisədə kiçik araşdırmalar aparsaq görərik ki, AZAL-da istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Məsələn, ötən Novruz bayramı ərəfəsində Bakı-İstanbul-Bakı reysi 600 avro olduğu halda, təxminən eyni məsafə olan Tbilisi-İstanbul-Tbilisi reysi 200 avro idi. Və ya Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olduğu halda, Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro aralığında idi. Bakı-Riqa-Bakı reysi 500 avrodan artıq olduğu halda, Tbilisi-Riqa-Tbilisi reysinin gediş dönüş qiyməti 250 avro olmuşdu.

Nəticədə isə Azərbaycan vətəndaşları məcbur olaraq hava limanından digər ölkələrə uçmaq üçün Bakıdan Gürcüstana gedirlər. Məhz buna görə Gürcüstana keçid məntəqələrində yüzlərlə vətəndaş saatlarla gözləməli olur və əziyyətlə uzaq məsafə qət edir. Bu həm də qonşu ölkələrin büdcəsinə axan gəlir deməkdir.

Ötən gün isə AZAL-dakı qiymətlərin kəllə-çarxa çıxmasına sərt reaksiya prezident İlham Əliyevdən gəldi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə dövlət tərəfindən böyük subsidiyalar alan AZAL-ın qiymətləri süni şəkildə qaldırmasına diqqəti çəkib:

“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir - mən bunu alqışlayıram. Doğrudan da, bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?”

Prezidentin çıxışında digər bir məqam isə onunla bağlıdır ki, Azərbaycan Hava Yolları həm də dövlətdən yüksək subsidiyalar alır. Məsələyə bu baxımdan yanaşsaq, o hesabla qiymətlər xarici ölkələrlə müqayisədə qat-qat aşağı olmalı idi:

“AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”,- deyə İlham Əliyev bildirib.

Millət vəkili Fazil Mustafanın Publika.az-a bildirdiyinə görə, bu, əhalini də xeyli narahat edən məsələ idi. Qiymətlərin baha olması çox vaxt ona gətirib çıxarır ki, insanlar başqa kompaniyalara üz tuturlar. Hər bir azərbaycanlı istəyər ki, öz ölkəsinin şirkətinə xeyir versin. Xeyir vermək üçün şirkət onun maraqlarına uyğun olmalı və qiymətlər münasib olmalıdır. Millət vəkilinin sözlərinə görə, bu məsələyə kompleks yanaşmaq lazımdır, təkcə təyyarə qiyməti, biletin qiyməti gündəmdə olmamalıdır. Hava limanına metro və ya avtobusun – ictimai nəqliyyat vasitəsinin də olması vacibdir:

“Hava limanına məqsədyönlü şəkildə taksilər düzülüb və yoxsul insanlar belə məcbur olub təyyarə biletinin yarısı qədər taksiyə pul verərək şəhərə gəlirlər. Bunlar da düşündürücü məsələlərdir və hesab edirəm ki, prezidentin çıxışından sonra bir nəticə çıxarmağa çalışacaqlar. Əks halda, bu, həmin şəxslərin məsuliyyətsizliyini ortaya qoyacaq. Çünki prezident əsasız şəkildə demir və kifayət qədər informasiyaya sahibdir, cəmiyyətdən, vətəndaşlardan gələn informasiyaları təhlil edərək belə bir iradı bildirib. Hesab edirəm ki, bu iradın təsiri olacaq və yaxın zamanlarda biz bunu müşahidə edəcəyik”, - deyə F. Mustafa bildirib.

AZAL-ın mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, ölkə prezidentinin bu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı və qarşıda duran məsələlərə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar yaxın günlərdə görüləcək tədbirlərlə bağlı məlumat veriləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm