“Bu duanı 7 dəfə oxu”– biliyinə yox, dualara güvənib imtahana gələnlər – Qəbul imtahanından FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

“Bu duanı 7 dəfə oxu”– biliyinə yox, dualara güvənib imtahana gələnlər – Qəbul imtahanından FOTOREPORTAJ

Əllərdə dua kitabı, dillərində dua. Kimi bir parça daşın üstündə oturub, kimi də ayaq üstə, kimi səbrini basıb bir yerdə dayana bilmir. “Sovetski”nin dar dalanlarında yerləşən 153 saylı məktəbin dörd tərəfini “mühasirəyə” alan bu insanların tək istəyi var, içəridə imtahan verən yaxınları yüksək bal toplasın.

Biz məktəbə çatanda imtahan yenicə başlamışdı. Bu imtahanı 11 illik əziyyətin bəhrəsi kimi görən valideynlər, sanki duaları ilə övladlarına dəstək verirdilər. Üzlərdə narahatlıq, həyəcan, kövrək halda övladlarının yüksək bal toplaması üçün dua edirlər. Əksəriyyəti qadınlardır, hərə öz övladının imtahana hazırlığından danışır. Kimi tərifləyir, kimi uşağının tənbəlliyindən şikayət edir. Amma hamısı övladının ali təhsil almasını istəyir.

Söhbətlərinə biz də qoşuluruq. Sahilə Məhərrəmova qızının çox rahat, özünün isə həyəcanlı olduğunu deyir.

“Sınaqlarda 400-ə qədər bal toplayıb. İki ildir hazırlığa gedir, gecə-gündüz oxuyurdu. Güclə kitabı əlindən alırdım ki, bir az istirahət etsin. Dünən axşama qədər oxuyub, elə bilirdi ki, heç nə yadında deyil.

Əlində dua kitabı qızı üçün dua edən Ülviyyə Ağayeva ilk övladının imtahanı olduğundan daha çox həyəcanlıdır:

“İmtahan yeni başlayıb, səbir edib 3 saatın başa çatmasını gözləyirik. Bu üç saatda qızımın 11 illik təhsilinin nəticəsini görəcəyik”.

Qardaşı oğlunu imtahana gətirən Zərxanım Əliyeva həyəcanla imtahanın sona çatmasını gözləyir:

“Uşağı sakitləşdirmək üçün məsləhətlər verdim. Amma o, məndən daha sakit görünürdü. Mənim ürəyim əsir elə bil. Dua edirəm ki, heç kimin əziyyəti yerdə qalmasın. Valideynlər 3-4 il uşaqları hazırlığa qoyur. Yeməyindən-geyimindən kəsir, uşaqlarını oxudur, uşaqlar qədər onlar da əziyyət çəkirlər”.

Birinci nəvəsini imtahana gətirən Təhminə nənə gecə səhərə qədər onun üçün dua etdiyini deyir:

“Duaları əzbər bilirəm. Oxuyuram ki, imtahanı sağ-salamat keçsin. Allah heç bir valideyni uğursuz etməsin. Sınaqları yaxşı keçib, imtahana da ümidimiz var. İmtahana gələnə qədər sakit idi, içəri keçəndə kövrəldi. Ona görə narahat qalmışam. Əllərim göydə dua edirəm”.

Əlində Qurani-Kərim balaca daşın üstündə oturan Məxfirət Hüseynova bacısının nəvəsinə görə imtahana gəlib.

“Qohumların uşaqlarından kim imtahana gəlirsə, Quran kitabımı götürüb gəlirəm. Bu günə qədər özümün iki nəvəm, bacımın iki nəvəsi universitetə qəbul olublar. İnşallah, bu da qəbul olar”.

Oğlu üçün imtahan gələn Səhərgül Ellazova yüksək nəticə gözlədiyini deyir.

“Oğlum çox sakit idi, tezdən durub televizorda cizgi filmə baxdı, yaxşı yeməyini yedi, gəldik. Amma mən gecə saat 4-dən oyanmışam, yata bilməmişəm. İndi də həyəcanlıyam, səbirsizliklə gözləyirəm.”.

Hər il olduğu kimi bu il də imtahan binalarının ətrafı xaricdə ali məktəbə imtahansız qəbul vəd edən şirkətlərin əməkdaşları ilə dolub-daşırdı. Onlar payladıqları bukletlərlə övladlarının savadına əmin olmayan, amma ali təhsil istəyində olan valideynlərin saqqızını oğurlamağa çalışırdılar.

Valideynlərlə söhbətimizi burda nöqtələyib, abituriyentlərin yanına gedirik. Binanın həyətində növbəli şəkildə xidmət göstərən təcili yardım həkimindən öyrəndik ki, hələ ki, özünü narahat hiss edən olmayıb.

İmtahana qənd gətirənlər

Məktəbin ətrafında nə qədər səs-küy olsa da, həyət və bina bir o qədər səssizlikdir. Girişdə əvvəlcə yoxlanış prosesində abituriyentlərin üzərindən aşkarlanan əşyalarla tanış oluruq.

Öyrənirik ki, hər il dəfələrlə xəbərdarlıq olsa da, imtahana telefon gətirənlər hələ də var. Bu gün imtahana telefonla gələn bir abituriyent imtahana buraxılmayıb. Digərlərinin üzərində aşkarlanan əşyalar xeyli təəccüblüdür. İmtahana saqqız, siqaret, konfet, qənd, korvalol, kətə, su, karandaşyonan, ağrikəsici, qarın ağrısı dərmanları gətirənlər var idi. Abituriyentlərin üzərindən müxtəlif kağız parçaları da aşkarlanmışdı. Əvvəl bu kağızların “şparqalka” olduğunu düşündüm. “Şparqalka”nı hansı fənn üçün hazırlandığını öyrənmək üçün açanda isə “Ya məlikə yövmiddin İya kə nəstəqin”. Bunu 7 dəfə oxu” sözlərini oxudum. Qəribədir, biliyinə güvənməyən, il boyu kitablardan qaçanlar bu duanı oxumaqla ali məktəbə qəbul olacaqlarına inanırlar.

Səssizlik….

Abituriyentlərin imtahana gətirdikləri qəribə əşyalar ilə tanış olub, imtahan otaqlarına baş çəkirik. Binada o qədər səssizlikdir ki, az qala milçəklərin səsini eşitmək olur. İmtahan rəhbərləri imtahanın sakit keçdiyini deyirlər. Bu məktəbdə imtahan verən şagirdlərin hamısı birinci qrupa sənəd verdiyindən oğlanlar çoxluq təşkil edirdi. Buna baxmayaraq, qaydanı pozan yoxdur.

İmtahan rəhbəri Xuraman Məmmədova bildirdi ki, imtahan həyəcanla gələnlər olsa da, qaydaları heç kim pozmayıb. Bütün abituriyentlər imtahan qaydaları ilə tanışdır və ona əməl edirlər.

Biz də prosesi pozmamaq üçün imtahan rəhbərləri ilə maksimum sakit danışıb, otaqların girişində prosesi izləyirik. Artıq bir saatdan sonra bəzi abituriyentlərin səbri azalır. Kimi yanındakının cavablarına boylanmaq üçün əyilir, kimi də cavablarını gizlətməyə çalışır, bəziləri başını stolun üstünə qoyub yorğunluğunu çıxarırdı. İmtahan rəhbərləri imtahanın başa çatmasına artıq bir saat qaldığını və sualları cavablandıran abituriyentlərin zalı tərk edə biləcəklərini elan edəndən sonra onsuz da yerində güclə oturan bəzi abituriyentlər bir-bir otağı tərk edir.

İmtahan bitir

Budur, artıq ilk abituriyent İntiqam Süleymanov imtahan zalını tərk edir. Sualların çətin olduğunu, amma 300-ə qədər bal toplayacağına inandığını deyir.

Sınaqlarda 200-300 bal toplayan Sultan Şıxəlizadə 90 suala cavab verib. Cavabların əksəriyyətinin düz olacağına əmin olduğunu deyir.

Vüqar Yüzbəyov hər fəndən 15 suala cavab verib. Bu cavabların onu ali məktəb yoluna aparacağına inanır.

Yüz suala cavab verən Sevinc Əhmədova sınaqlarda 200 bal toplasa da, imtahan nəticəsinin azı 300 olacağını düşünür.

İmtahandan çıxan abituriyentlər və valideynlərlə söhbətimizdən bəlli oldu ki, bu məktəbdə imtahan verənlərin əksəriyyətinin sınaqlarda balı 300-ü keçməyib. Buna baxmayaraq, imtahandan yüksək nəticə əldə edəcəklərinə inanırlar.

Artıq imtahanın bitməsinə dəqiqələr qalıb. Abituriyentlər tək-tək binanı tərk edir. Qələbəliyin arasında valideynlərini tapmağa çalışırlar. Kimi başıyuxarı, kimi də utanaraq.

Bütün abituriyentlərin ali təhsil alması real olmasa da, hər bir abituriyentə uğurlar arzulayırıq.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm