• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Gündəlik Teleqraf” mükafatlandırıldı – FOTOLAR

“Gündəlik Teleqraf” mükafatlandırıldı – FOTOLAR

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Mətbuat Şurası tərəfindən birgə “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans işə başlayıb.

Publika.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu yaxınlarda ölkə başçısı Azərbaycan Milli Mətbuatının 140 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Onun sözlərinə görə, bugünkü konfrans da Milli Mətbuatın 140 illik yubileyinə həsr olunub:

“Bizim mətbuat işçiləri ilə görüşlərimiz tez-tez olur. Ancaq bu cür konfrans ilk dəfədir ki, təşkil olunur. Biz elmi mediasız təsəvvür edə bilmirik. Elmi ictimaiyyətə informasiyanın media vasitəsilə çatdırılmasını zəruri hesab edirik. Azərbaycanda media ilə elm sıx birləşməlidir, qarşılıqlı əməkdaşlıq olmalıdır. Biz elm-mətbuat münasibətlərini elə səviyyəyə çatdırmalıyıq ki, ən kiçik elmi nailiyyət belə mediada geniş işıqlandırılsın”.

Mətbuatın böyük qüvvə olduğunu vurğulayan A.Əlizadə qeyd edib ki, son illər Azərbaycanda medianın da inkişafı geniş müşahidə olunur. A.Əlizadə Azərbaycanda elmin inkişafı və elmi nailiyyətlərin dünyaya çatdırılmasında medianın böyük rola malik olduğunu söyləyib: “1993-cü ildə ulu öndər ikinci dəfə hakimiyyətə qayıdandan sonra ilk vaxtlar ölkədə böyük hərc-mərclik və xaos mövcud idi. Mətbuatın vəziyyəti normal deyildi. Ancaq ulu öndər Heydər Əliyev bu vəziyyəti nizamladı, ölkədə inkişafın əsasını qoydu. Bu gün də ölkəmizdə həmin inkişafın davamını Prezident İlham Əliyevin yürütdüyü siyasətlə müşahidə edirik. Bu gün Azərbaycan elmi yeniləşmə dövrünü yaşayır. Akademiyanın uğurlu fəaliyyəti istiqamətində bir sıra işlər həyata keçirilir. Dövlət tərəfindən Akademiyanın binası təmir olunub və sairə. Dövlət başçısının elmə və alimlərə olan böyük diqqət və qayğısı bizi qürurlandırır. Mən fürsətdən istifadə edib media və mətbuat işçilərinə təşəkkür edirəm ki, onlar son vaxtlar AMEA-nın fəaliyyəti ilə bağlı çox geniş və doğru məlumatlar yayırlar. Təbii ki, bütün bunlar da Azərbaycan elminin inkişafına müsbət təsir göstərir”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, bugünkü tədbir Milli Mətbuatın 140, AMEA-nın isə 170 illik yubileyinə həsr olunub.

O deyib ki, Azərbaycan Milli Mətbuatının əsasını qoyan “Əkinçi” qəzetində “Elm xəbərləri” adlanan rublika da fəaliyyət göstərib: “Elm və təhsil bir-birindən ayrılmaz sahələrdir. “Əkinçi” qəzetinin əsas işi iki əsr öncə Azərbaycan xalqını maarifləndirmək, elm-təhsil bəxş etmək olub. “Əkinçi” qəzetinin təsisçisi olmuş Həsən bəy Zərdabi Azərbaycanın görkəmli ziyalısı, alimi olub. Bu gün Həsən bəy Zərdabi ilə yanaşı İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə və digərləri kimi ziyalılar türk xalqlarının maariflənməsi, mütərəqqi istiqamətdə irəliləməsi yolunda bir çox işlər görüblər və bu gün həmin maarifçilik ideyalarının daşıyıcıları ehtiramla yad edilir”.

Ə.Amaşov əlavə edib ki, bu il Azərbaycan milli mətbuatının yaradılmasının 140 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək.

Daha sonra Azərbaycanda fəaliyyət göstərən bir qrup aparıcı kütləvi informasiya vasitələri (KİV) diplomla mükafatlandırılıb. Mükafat alanlar arasında “Gündəlik Teleqraf” qəzeti də olub. Mükafatı “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızına AMEA prezidenti Akif Əlizadə təqdim edib.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR