Ucqar bölgələrdə elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxacaqmı?
Bizi izləyin

Qırmızı.az

Ucqar bölgələrdə elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxacaqmı?

"Yaxın vaxtlarda bir neçə rayonda inşa olunmuş yarımstansiyalar istismara veriləcək. Elektrik kabel xətləri dəyişdiriləcək. Kabel xətləri artıq bütün rayonlar üzrə yenidən qurulub. Bütün bu işlər hər yerdə yüksək səviyyədə davam etdirilir”.

Bu sözləri Publika.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün ölkə ərazisinin elektrik enerjisi ilə yüksək səviyyədə təmin edilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Fevral ayının 10-dan prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan “Azərişıq” ASC-nin qısa müddətdə xeyli iş gördüyünü deyən T. Mustafayevin sözlərinə görə, regionlarda qısa müddətdə 600-dək kompleks transformator məntəqələri yenilənib: “50 minə yaxın dayaq dəyişdirilib, 35 kilovoltluq yarımstansiyaların inşasına başlanılıb. Yaradılan qısa müddət ərzində “Azərişıq” reabilitasiya proqramı əsasında istismar vaxtını başa vurmuş xətlər dəyişdirilib. Ucqar rayonların belə enerji təchizatını yaxşılaşdırmaq üçün son 5 ayda xeyli işlər görülüb və bu işlər davam etdirilir”.

T. Mustafayev həmçinin qeyd edib ki, I Avropa Oyunları ərzində oyunların keçirildiyi ərazilər, yollar və rayonlarda enerji təchizatında heç bir problem yaranmadı. Onun sözlərinə görə, qurum prezidentin göstərişi əsasında dayanıqlı, təhlükəsiz elektrik enerjisi təchizatının təmin edilməsinə çalışır.

Qeyd edək ki, prezident İlham Əliyev iki gün öncə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin qarşısında bölgələrdə elektrik enerjisi ilə təchizatın Bakıdakı kimi olmasının vəzifə kimi qoyulduğunu bildirib: “Bu çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır”.

Prezident həmçinin bildirib ki, bir neçə ildir Bakıda elektrik enerjisi təminatı maksimum dərəcədə həll edilsə də, hələ də işlər davam etdirilir: “Şəhər böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman qurğuları yaradılır, “Ağ şəhər” kimi şəhər içində şəhər tikilir. Bütün bunlar əlavə enerji resursu almalıdır. Ona görə, yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur. Hazırda bizdə generasiya gücü kifayət qədərdir, ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan 10-15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də bizim ixrac potensialımız da var. Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə, ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək səviyyədə olmalıdır”, - deyə İ. Əliyev bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm