Dərman şirkətlərinin ərşə qaldırdığı qiymətlər və həkim-aptek işbirliyi – ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Dərman şirkətlərinin ərşə qaldırdığı qiymətlər və həkim-aptek işbirliyi – ARAŞDIRMA

Həkimlərin adi bir mədə şikayəti və ya soyuqlama üçün xəstələrə vərəq-vərəq dərman yazması ölkə səhiyyəsində adi hal alıb. Dərdinə çarə tapmaq üçün həkimə gedən xəstənin həmin dərmanları içib yeni dərdlər tapmasını da artıq normal qəbul edə bilirik. Üstəlik, dərmanları da məhz həkimlərin məsləhət gördüyü aptekdən almaq lazımdır.

Mədə üçün yazılan dərmanlar sırasında ürək xəstəliyi üçün lazım olan dərman tapsanız da, təəccüblənməyin. Bu halları yaşamağımızın əsas səbəbi, heç şübhəsiz, həkimlərin apteklərlə işbirliyidir. Bu işbirliyi tərəflərin qazancı, xəstənin isə həm sağlamlığında, həm də cüzdanında ciddi itkilərə səbəb olur.

Problem uzun müddətdir ölkə mətbuatının gündəmində olsa da, nəhayət, bu ildən dərmanların vahid qiymətə satılması barədə qərar qəbul edildi. Hələ ki, üzərində iş aparılan bu qərarın ilin sonuna qədər icra edilməsi gözlənilir. Ekspertlər hesab edir ki, bu məsələ səhiyyədə həkimlər, dərmanlar, apteklərlə bağlı bir sıra problemlərin həllində çözüm olacaq.

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələni yenidən gündəmə gətirdi.

Prezident bildirdi ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır.

“İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib. İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumlar, Səhiyyə Nazirliyi məruzə ediblər və bir neçə aydır ki, bu məsələ ilə ciddi məşğuluq. Hesab edirəm ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir”.

Dərmanların ölkəyə ucuz gətirilib, baha satılmasına toxunan prezident bu sahədəki pozuntulara qısa zamanda son qoyulmalı olduğunu vurğuladı.

“O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”.

Millət vəkili Musa Quliyev hesab edir ki, həkimlərlə apteklərin əlaqəli işləməsi tək bizdə deyil, bütün dünyada yayılmış ənənədir.

“Həkimlər aptek işçiləri ilə qeyri-sağlam münasibət yaradır və dolayısı ilə dərman bazarına müdaxilə etmiş olurlar. Bunun qarşısının alınması üçün hüquqi və iqtisadi yollar var. Lakin bu gün Azərbaycanda dərmanların qiymətinin tənzimlənməsi siyasətinin dövlət tərəfindən həyata keçirilməsi problemin iqtisadi yolla təmin edilməsinə gətirib çıxaracaq. Bu siyasət nəticəsində dərmanlar ölkənin hər yerində eyni qiymətə satılacaq. Buna görə də, şirkətin qazancının müəyyən faizini həkimlərə vermək ehtiyacı olmayacaq. Dərman qiymətində fərq olmadığına görə, bu işdə əlavə və zəhmətsiz qazanc əldə etmək şansı olmayacaq. Problemin həllinin hüquqi yolu icbari tibbi sığortanın tətbiq edilməsidir. İcbari sığortanın tətbiqi son mərhələdədir”.

Həkimlərin reseptə lazımsız dərmanlar yazmasına gəldikdə, millət vəkili icbari sığortanın bu məsələni də həll edəcəyini deyib:

“İcbari sığorta haqqında” qanun qəbul ediləndən sonra sığorta şirkətləri sığorta etdiyi vətəndaşın əlavə pul xərcləməsinə maraqlı olmayacaq. Bununla da əlaqə nəzarət mexanizmi yaradılacaq.

İcbari sığorta edən şirkət xəstəyə daha az dərman yazan klinika və həkimlə müqavilə imzalayacaq. Çünki heç bir sığorta şirkəti lazımsız yerə pulunu xərcləməkdə maraqlı olmayacaq. Ona görə də, klinika və həkim bir neçə xəstəyə çox dərman yazmaqdansa, daimi müqavilə imzalamaqda maraqlı olacaq. Prezident də sonuncu çıxışında bildirdi ki, dərmanların qiyməti ilə bağlı vahid sistemin tətbiqi sentyabra qədər həllini tapacaq. Bundan sonra dərmanların qiyməti bir neçə dəfə aşağı düşəcək. Bu həkim, aptek və dərman şirkətləri arasındakı qeyri-sağlam münasibətlərin dağılması üçün ciddi dönüş yaradacaq”.

Onun sözlərinə görə, icbari sığorta işə düşənə qədər bu məsələ inzibati yolla həll olmalıdır. Məsələyə Səhiyyə Nazirliyi və klinika rəhbərliyi nəzarət etməlidir.

“Dərman qiyməti dövlət tərəfindən tənzimlənəcəksə, şirkət məhsulu dəfələrlə baha sata bilməyəcək, yalnız 20% gəlir götürə biləcək. Nəticədə, şirkət rəhbəri həkimlərlə əməkdaşlıqda maraqlı olmayacaq. Bu tənzimləmə həkimlər üçün maraqlı olmayan məsələdir. İcbari sığorta isə ümumiyyətlə, səhiyyədə bir çox problemləri həll edəcək. İcbari sığortanın nə vaxt işə düşəcəyini demək çətindir, çünki səhiyyədə ən çətin islahat maliyyə ilə bağlıdır. İcbari sığortanın qəbul olunmasında nə tələsmək, nə də gecikmək olar. Doğru vaxtı müəyyən etmək üçün ciddi işləmək lazımdır. Növbəti ildən bir rayonu pilot layihə kimi seçib, sonradan prosesi genişləndirə bilərik”.

Dərmanın keyfiyyətinə gəldikdə M.Quliyev bu işin müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlandığını bildirib:

“Ölkəmizdə dərmanların keyfiyyəti kifayət qədər düzəlib. Amma bununla yanaşı nəzarətə ehtiyac var”.

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev ötən gün keçirdiyi kollegiya iclasında çıxışı zamanı məhz bu məsələlərə toxunub.

Nazir bildirib ki, mərkəzləşdirilmiş qaydada səhiyyə müəssisələrinə əhalinin yararlanması üçün təqdim olunan dərman vasitələri ünvanına çatmır.

“Bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bu isə əhali kütləsinin haqlı narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır. Dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanmış və tətbiq olunacaqdır”.

Nazir həmçinin səhiyyə müəssisələrinə belə nöqsanların aradan qaldırılması üçün bütün zəruri addımların atılması tapşırığını verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm