• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu məktəblərdə həftəlik dərs yükü 30 saat müəyyən edildi

Bu məktəblərdə həftəlik dərs yükü 30 saat müəyyən edildi

Təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə tədris olunacaq siniflərdə fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu qərar təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin təmayül siniflərində tətbiq edilib.

2015-2016-cı dərs ilindən tədrisin təmayüllər üzrə təşkil olunacağı X-XI siniflərdə həftəlik 30 dərs saatı müəyyən olunub.

Rus bölməsində həftədə əlavə 2 saat “Azərbaycan dili (dövlət dili kimi)” fənninin tədrisinə ayrılır. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

Həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub. Təmayül siniflərində mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcəkdir.

Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakıdakı 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarət olub.

Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün təlimə marağı xeyli artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir göstərir. Eyni zamanda, təmayülləşmə şagirdlərin repetitor xidmətindən istifadə hallarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR