Onları siz də tanıyın - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Onları siz də tanıyın - FOTOLAR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, imtahan nəticələrinə əsasən 9 nəfər 700 bal toplayıb. 700 bal toplayanlardan 7 nəfəri I qrupun, 2 nəfəri IV qrupun abituriyentləridir.

Ən yüksək nəticə göstərən abituriyentlərin nəticələri barədə ilkin fikirlərini öyrəndik.

Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Aşağı Mollu kənd məktəbinin məzunu olan Abbasov Nihad Natiq oğlu sınaq imtahanlarının nəticələrinə əsasən 700 bal toplayacağına əmin olub:

“Artıq ixtisas seçimi etmişəm. Bakı Ali Neft Məktəbinin Neft-Qaz mühəndisliyi ixtisasında oxumaq, daha sonra magistratura təhsilini xaricdə almaq istəyirəm”.

Nihat gündəlik proqram əsasında fərdi hazırlığa getdiyini deyib.

Bakı Türk liseyinin məzunu olan İsmixanov Teymur Vüqar oğlu Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq istəyir. İkinci kursdan isə təhsilini xaricdə davam etdirmək niyyətindədir.

Ali məktəbə hazırlaşmaq üçün yalnız orta məktəbin sonuncu tədris ilində təşkil olunan kurslarda iştirak edib. Sınaqlarda manksimum 680 bal nəticə göstərib.

Abdullayev Firuz da nəticənin onun üçün gözlənilən olduğunu dedi:

“Bütün suallara 1 saat 15 dəqiqəyə cavab vermişdim. İmtahan günü də yoxladım, bütün sualların cavabı doğru oldu. Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyi məzunuyam. Hazırlıq da ancaq məktəbdə olub. Atam fizika müəllimidir, o məşğul olub. Sonuncu sınaqdan 700 bal toplamışdım, nəticələrim hər zaman yüksək olub. Xaricdə təhsil almaq istəyirəm, amma dil imkanlarım zəifdir. Onu inkişaf etdirəndən sonra mütləq xaricə gedəcəm. Hələ ki, Qafqaz Universitetində mühəndislik ixtisası üzrə təhsil alacam. Xaricdə isə fizika-riyaziyyat üzrə təhsilimi davam etdirmək istəyirəm”.

İsa Məmmədli isə nəticəni yeni öyrəndiyindən çox həyəcanlı idi. Ona görə də, anası Könül xanım suallarımızı cavablandırdı. Nəticənin onlar üçün gözlənilən olmadığını dedi:

“Sınaqlarda 650-yə qədər bal toplayırdı. Amma 700 gözləmirdik. Səbail rayon 163 nömrəli məktəbin məzunudur, təhsilini Qafqaz Universitetində davam etdirmək istəyir”.

Nurlan Məcidov da çəkilişdə olduğundan atası ilə danışa bildik. Namiq bəy oğlunun il boyu yaxşı hazırlaşdığından nəticənin də gözlənilən olduğunu dedi:

“İmtahanda çıxanda hamısını yazdığını və yüksək nəticə gözlədiyini dedi. Yoxladıq, hamısı düz oldu. Anadolu Türk liseyi məzunudur, təhsilini Azərbaycan Tibb Universitetində davam etdirmək istəyir”.

Zaqatala rayon Əliabad kənd məktəbinin məzunu Asya Mahmudovanın anası Mehriban xanım qızının çalışqan olduğunu və belə yüksək nəticəni gözlədiklərini dedi:

“Qızım belə yüksək nəticə göstərdiyinə görə, çox sevinirəm, onunla fəxr edirəm. İnşallah, həkim olmaq istəyir. Uşaqlıq arzusu idi, gerçək oldu”.

Əli Allahverdiyev bu il sınaqlardan 700 bal toplamasa da, 10-cu sinifdə bu nəticəni göstərdiyini deyir:

“Bu nəticə mənim üçün gözlənilən idi. Bu il sınaqlardan 690 bal toplamışdım. İmtahandan da yüksək nəticə gözləyirdim. Orta məktəbi Sərur rayonunda oxumuşam. İnstituta fərdi hazırlaşmışam. Bu il Bakı Ali neft Məktəbində oxumaq, daha sonra xaricdə təhsilimi davam etdirmək istəyirəm”.

Zərifə Əliyeva adına məktəb liseyin məzunu Arzu Həsənli sınaqlardakı nəticələrinə əsasən yüksək nəticə göstərəcəyinə inandığını deyir. Bundan sonra təhsilini Bakı Ali neft Məktəbində davam etdirmək istəyir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm