“Azərbaycanda radikallara qoşulanların sayı azalıb”
Bizi izləyin

Qırmızı.az

“Azərbaycanda radikallara qoşulanların sayı azalıb”

“Qeyri-qanuni olaraq silahlı birləşmələrin üzvü olmuş və ayrı-ayrı ölkələrdə bu cür qruplaşmalarda iştirak etmiş şəxslərə qarşı Azərbaycan Cinayət Məcəlləsində cəza sanksiyaları ağırlaşdırılıb”.

Bunu Publika.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu cür şəxslərə qarşı ağırlaşdırıcı sanksiyalar tətbiq edilir. M.Qurbanlı deyib ki, bu cür şəxslər geri qayıdan zaman məhkəmə qarşısında cavab verir və lazımı şəkildə cəzalandırılır: “Bilirsiniz ki, ölkə konstitusiyasına görə Azərbaycanda vətəndaşlıqdan məhrum etmə yoxdur. Vətəndaş yalnız öz istəyi ilə vətəndaşlıqdan çıxa bilər. Hesab edirəm ki, Azərbaycanda bununla bağlı elə böyük təhlükə olmadığı üçün biz bu radikal xəttə əl atmırıq. Əminəm ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən profilaktik tədbirlər, bütövlükdə Azərbaycan cəmiyyətinin bu cür hərəkətlərə qarşı mənfi mövqedən çıxış etməsi və ölkə mediasında radikal hərəkətlərə yol verənlərə qarşı yazıların geniş şəkildə dərc olunması həmin qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq istəyənlərin sayını sıfıra endirəcək. Çünki səbəbi araşdırılan zaman məlum olur ki, burada iqtisadi maraq güdənlər, ideya təsiri altına düşənlər və macəra axtaranlar var. Ancaq bütövlükdə Azərbaycanda ideoloji sahəyə aid olan qurumların apardığı işlər, həmçinin bizim Qafqaz Müsəlmanları İdarəsi ilə məscidlərdə və digər yerlərdə birgə təşkil etdiyimiz tədbirlər artıq müəyyən nəticələr verib. Yerlərdən verilən məlumatlara görə, son dövrlər bu cür qeyri-qanuni silahlı birləşmələrə qoşulanların sayı demək olar ki, yox dərəcəsindədir. Yəni, son dövrlər narahatedici məlumatlar az daxil olur. Digər tərəfdən isə dövlət tərəfindən onların qarşısı maksimum alınır”.

M.Qurbanlı ekstremist təşkilatlara qoşulmaq üçün internet üzərindən edilən təkliflərə də münasibət bildirib: “Virtual aləmdə çox şeylər olur. Biz bəzən virtual aləmdə milçəyin dəvəyə çevrilməyini də görürük. Virtual aləmdə bir nəfər 10 adla min cür status yaza bilər. Biz virtual aləmə deyil, real faktlara söykənirik. Real faktlar da onu göstərir ki, son dövrlər Azərbaycanda şirnikərək, aldanaraq, müəyyən təsir altına düşərək bu cür radikallara qoşulanların sayı azalıb. Həmçinin, bizim bunu tam aradan qaldırmaq imkanımız artmaqda davam edir”.

Komitə sədri hazırda Azərbaycandakı dini vəziyyəti də qiymətləndirib: “Azərbaycanda dini durum sabitdir, ölkədə məzhəblər və konfensiyalar arası qarşıdurmaya gətirib çıxaracaq hər hansı təhlükə görmürük. Hesab edirəm ki, hazırda Azərbaycanda ictimai-siyasi sabitliklə yanaşı, dini sabitlik də yüksək səviyyədədir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm