Ərşad Əzimzadə: “İnsanların nicatı sağlam həyat tərzindədir” - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Ərşad Əzimzadə: “İnsanların nicatı sağlam həyat tərzindədir” - MÜSAHİBƏ

Düzgün qidalanmaq və sağlam yaşamaq haqqında Azərbaycan oxucularını ilk dəfə kütləvi məlumatlandıran yazıçı-publisist Ərşad Əzimzadə olub. 1996-cı ildə yazdığı məşhur “Möcüzəsiz möcüzə” kitabı insanlara Yaradanın bizə bəxş etdiyi nemətləri əlavə əziyyət çəkib bişirmədən, öldürmədən, olduğu kimi qəbul etməyi öyrətdi. Oxuduğuna əməl etməyə xeyli insan can atsa da, ənənəvi, zərərli vərdişlərdən əl çəkmək iradəsinə malik az insan tapıldı.

O vaxtdan indiyə nə dəyişib? Bəziləri bu yeniliyə uyğun zərərli vərdişləri tərk etsə də, yenə də nicat tapmadı. Buna səbəb nə oldu? Bu kimi suallarla hazırda "Ana Təbiət" Natural Gigiyena Mərkəzinə rəhbərlik edən, həkimdən, dava-dərmandan asılı olmadan sağlam yaşamağı xoşbəxtlik sayan, bunu özünün həyat prinsipinə çevirən Ərşad Əzimzadə ilə Bakıdakı Mehdi Hüseyn 65 ünvanında yerləşən “Fitoklub”da görüşdük.

“Cəhənnəmdən cənnətə bir addım var”

- 1995-ci ildən yapon alimi Nişinin sistemi ilə tanış olandan sonra öz-özümü müalicə etdim və 8 ağır xəstəlikdən xilas oldum. Bu nəticəyə gəldim ki, düzgün qidalanmayan adam mütləq xəstə olmalıdı, düzgün qidalanan isə sağlam. 1995-ci ildən məlum kitabı yazdım, 1996-cı ildə işıq üzü gördü. Kitabda pəhrizin əhəmiyyəti haqqında fikrim mətbuat, televiziya tərəfindən geniş təbliğ olundu və cəmiyyət tərəfindən yaxşı qarşılandı. Baxmayaraq ki, bu günə qədər bir neçə dəfə təkmilləşdirmişəm, o kitab bu gün də saxta şəkildə - icazəm olmadan satılır.

O vaxtdan bəri sağlam həyat tərzi ilə bağlı təəssübkeşlər artıb, qidalara münasibət müsbət mənada xeyli dəyişib, “şəfa verən həkim xəstə ola bilməz” prinsipinə əməl edib özünü düzgün qidalanma ilə sağaldıb, xəstələrini də bu yolla müalicə edən həkimlər çoxalıb.

“Möcüsəsiz möcüzə”dən sonra mən “Rədd olsun eynəklər” kitabını yazdım və orada əsas xətt odur ki, insan eynək gəzdirməli deyil, göz nurunu özü qaytara bilər. Təzəlikdə isə rus dilində “От ада до рая один шаг” kitabını yazdım, yəni, “Cəhənnəmdən cənnətə bir addım var”. Öncə adını qoymuşdum “Bəşəriyyətin xöşbəxtlik düsturu”, amma düşündüm ki, bu ad rəsmi alınır, ona görə dəyişdim. Kitabda cəhənnəm, cənnət nədir onu göstərmişəm, həm də cəhənnəmlə cənnət arasında bir addımın nə olduğunu izah etmişəm.

- Niyə rus dilində?

- Çünki kitabda qoyulan mövzu daha bəşəridir. Mən istədim ki, bu mövzuya dünyanın diqqətini cəlb edim. Amma bu, Azərbaycan dili ilə mümkün deyil. İmkanım olan kimi kitabı ingiliscəyə də çevirməyi nəzərdə tutmuşam. Azərbaycan dilinə çevirməyi tərcüməçilərə həvalə edirəm. Hissə-hissə tərcümə edib, yaysınlar, xalqımız maariflənsin.

“Bəşəriyyətin xoşbəxtlik düsturu”

- Bəs bəşəriyyətin xoşbəxtlik düsturunu necə ifadə etmisiniz?

- Düstur odur ki, sağlam olmadan xoşbəxt olmaq mümkün deyil və sağlamlığı bizim əlimizdən pis vərdişlər alır. O vərdişlərin siyahısını vermişəm. Fikrimcə, tək narkotik alüdəçiləri narkoman adlandırılmamlıdır. Pis vərdişlər narkomaniyası çoxdur. Çörək narkomaniyası, dəb narkomaniyası və sair... Bəzən deyirik ki, bunu nənəmiz bişiribsə düz bişirib, babamız deyibsə düz deyib. Nağıllarımızda, dini kitablarda filan adət-ənənə varsa, biz mütləq bunu etməliyik. Nənəm, babam düz yolla getməyibsə, uçuruma doğru gedibsə, niyə mən də bu yolu getməliyəm? Biz ənənəçilikdən qurtarmalıyıq, amma dəyərləri saxlamaq şərti ilə. Necə ki, bu dəyərlər folklor nümunələrimizdə də var, dini kitablarda da. Yəni hər bir nüansa sağlam düşüncə ilə yanaşıb, saf-çürük edib, faydalı olanı özünə götürməlidir. Mənim həyat prinsipim budur: Yaradanın mənə verdiyi ömrü faydalı yaşayıb, başqaları üçün də fayda vermək. Nə qədər ki biz təbiət qanunlarına zidd gedirik, təbiət bizi cəzalandıracaq. Cəmiyyətdən fərqli olaraq təbiət heç bir cinayəti cəzasız qoymur. O cəzanın da adı xəstəlikdir, qardaş qırğınıdır, müharibədir, təbiət hadisələridir. Biz təbiətin tərkib hissəsiyik, necə ona qarşı çıxa bilərik? “Hücuma tanklarla keçir komsomol, Təbiət, təslim ol! Düşmən, təslim ol!” Biz artıq anlamalıyıq ki, Səməd Vurğunun bu devizi səhvdir. Təbiətə münasib olmalıyıq, təbiət yatanda sən də yat, təbiət oyandı sən də oyan, həyat üçün zəruri olan suyu, meyvə-tərəvəzi çiy şəkildə, canlı qida olaraq qəbul et. Çünki canlı qida sağlam qandır, sağlam qan isə sağlam candır.

“Qulaqda sırğa et qızıl qaydanı, qidada ləzzət yox, axtar faydanı”

- “Sağlam bədəndə sağlam ruh olar” məsəli var. Ruh sağlam deyilsə, deməli düşüncə sağlam deyil. Sağlam düşünməyən insan isə bayaq sadaladığınız narkomaniyanın əsarətindən qurtara bilməz. Bu baxımdan “Sağlam ruhda sağlam bədən olar” deyimi daha düzgün olmazmı?

- Biz nəzərə almalıyıq ki, mövcud həyatımız materiya ilə bağlıdır. Əvvəl materiyadır, sonra mənəviyyat, ruh. Hippokrat bu sualın cavabını çox gözəl deyib. “Biz nə yeyiriksə, oyuq” . Başqa bir cavab da budur: “Qulaqda sırğa et qızıl qaydanı, qidada ləzzət yox, axtar faydanı”. Düşüncəni formalaşdıran yoğun bağırsaqdır. Yapon alimi Nişi bunu tapdı ki, beyinlə yoğun bağırsaq arasında birbaşa əlaqə var. Əgər biz çürük qida yeyiriksə, çürük düşüncə sahibiyik, sağlam qida yeyiriksə, sağlam düşüncə. Yoğun bağırsaqdakı zəhərli qida şüurumuzda zəhərli düşüncə, mənəviyyatımızda zəhərli, çürük əxlaq formalaşdırır. Kitabda bütün bunlar açılıb. Orda göstərilib ki, zəhərli düşüncə müharibəyə, müharibə Yer kürəsinin pisləşməsinə necə təsir edir.

Zəhərsiz alma yeyə bilmirsənsə, zəhərsiz şirə iç!

- Bu gün sağlam qida qıtlığı yaranıb. Hava zəhərlənib, torpaq zəhərlənib, məhsuldarlıq zəifləyib, fermer bol gübrə verir, gen mühəndisləri meyvə-tərəvəzin genini dəyişdirir ki, məhsuldarlıq artsın. Çıxış yolunu nədə görürsüz, zəhərsiz meyvə-tərəvəzi necə əldə edək?

- Son kitabımda mən bu mövzuya da toxunmuşam. “Aqrar sahənin paradoksları” başlığı altında. Ekoloji sağlam qida problemi təzə deyil. Hazırda hər şey o dərəcədə zəhərlənib ki, bu böyük faciələrə gətirib çıxarıb. Bunun da cəzasını insan çəkir. Biz bu qidaları qəbul edirik və xəstələnirik. Amma bu işin bir vacib tərəfi var. Kolbasa dərmanlı almadan 10 qat artıq ziyandır. Dərmanlı olsa da alma canlıdır, amma bişmiş qidalar ölüdür. Bir məsələni unutmayın ki, şirəsi çəkilən meyvə-tərəvəzin tərkibindəki zəhər onun kütləsində qalır. Şirədə cüzi miqdarda zəhər olur ki, bu da ziyanlı deyil. Ona görə də mən xəstələrin hamısına məsləhət görürəm ki, gün ərzində meyvə, yaxud tərəvəz şirəsi için. Şirə həm zəhərsizdir, həm də daha çox vitaminlərlə zəngindir.

İnsan özünün ya həkimidir, ya qənimi

- Ərşad müəllim, bəzən insanlar çox böyük ümidlə, sevinclə yazdığınız qaydalara əməl etmək cəhdində olur, sizə pənah gətirir ki, tezliklə sağalacaq, amma nəticə ürəkaçan olmur, hətta məlumatımıza görə, erkən həyatını itirənlər də olub...

- Onlar o adamlardır ki, möcüzə axtarırlar. Onlar zənn edir ki, məndə möcüzəli çubuq var, qaldırıb, endirəcəm, onlar sağalacaq. O necə yeyirdisə elə yesin, necə yatırdısa elə yatsın, necə hərəkətsiz qalırdısa elə qalsın. Ona görə mən bəzilərini geri qaytarıram. Öz səhifəmdə də yazmışam: “İnsan özünün ya həkimidir, ya qənimi”. Özünə qənim kəsilənlər heç bir məsləhətə əməl etməz. Mən 30 il Rusiyadan, Bolqarıstandan belə gəzmişəm, nəticədə öz iradəm gücünə sağalmışam. Sağlam olmağa ağıl və iradə lazımdır. Hər insan öz-özünü öyrənməlidir. XIX əsrdə - 1835-1958-ci illərə qədər Amerikada ilk dəfə dünyanın natural gigiyena hərəkatı yaranıb, bu hərəkatın ardıclıları dərmanla müalicənin tam əleyhinədir.

“Sehrbaz olmadığını görüb, qayıtdılar...”

- Ötən əsrin son illəri insanlar sizin təbliğ etdiyiniz ideyaya daha çox maraq göstərirdi, amma son 10 ildə kütləvi marağın azaldığı müşahidə olunur. Səbəb nədir?

- Çünki bu gün televiziyaların sağlam yaşam tərzini təbliğ edən ideyalardan çox, biznesə maraqları çoxdur. Bir misal var: “Kim pul verir, o da musiqini sifariş edir”. Ərşad Əzimzadənin pulu yoxdur ki, efir vaxtı alsın, amma kolbasa istehsalçısı pul verir, vaxt alır, öz məhsulunu reklamla camaata sırıyır. İkinci bir səbəb odur ki, insanlar kortəbii inama çox meylləniblər, islam dinini dərk edənlər çox azdır, kor-koranə qəbul edənlər isə öz ağlını başqalarına tapşıranlardır. Onlar möcüzə axtarırılar, hər şeyi Allahın ixtiyarına buraxıb, ətalətdə olan həyat tərzi keçirilər və bütün ümidlərini kortəbii itaətə və kimyəvi müalicəyə bağlayıblar. Kütlə təfəkkürü ilə yaşayan həmin insanlar məndə sehrbazlığı görməyib, geri döndülər. Halbuki gerçək din sahibi təbiətə münasib olmalıdır. Ona görə də mən dini xurafatın əleyhinəyəm. Fanatizm hansı sahədə olur-olsun, cahillikdir. Futbol fanatiki ilə fanatik dindar arasında heç bir fərq görmürəm. Yeri gəlmişkən, mən idmanı da sağlamlığın düşməni hesab edirəm.

İdman sağlamlığa nə qədər zərərdirsə, bədən tərbiyəsi bir o qədər xeyirlidir

- Niyə?

- Çünki idman cismimizə dost kimi gəlir, düşmən kimi qalır.

- Bəs niyə “idman sağlamlığın rəhnidir” fikri var?

- Bu, səhv fikirdir. Bədən tərbiyəsi başqadır, idman başqa. İdman sağlamlığa nə qədər böyük ziyan vurursa, bədən tərbiyəsi bir o qədər fayda verir. Kitabımda da göstərmişəm idman ona görə belə inkişaf edib ki, biznesə xidmət edir.

- Oxuculara son sözünüz nədir?

- Sağlam həyat tərzinin təbliğinə, yaşamasına, yayılmasına dövlət də, cəmiyyət də, ayrı-ayrı fərdlər də maraqlı olmalıdır. Çünki insanların nicatı sağlam həyat tərzindədir. Kitabımda da göstərmişəm ki, necə etməliyik ki, sağlam həyat tərzini reklamın asılılığından qurtaraq. O şey ki, sağlam həyat tərzini təbliğ edir, onu geniş yaymalıyıq.

Sevil HİLALQIZI

Oxumağa davam et
Reklam
Reklam

Gündəm