Adı var, fəaliyyəti yox - MİS-lər kimə lazımdır?
Bizi izləyin

Qırmızı.az

Adı var, fəaliyyəti yox - MİS-lər kimə lazımdır?

Balaca boz rəngli otaq. Döşəməsi çoxdan çürüyüb, ayağımı hər dəfə yerə qoyanda yıxılacağımı düşünürəm. İçəridə bir-iki nəfər, hərə bir işlə məşğul. Hərçənd orada olduğum müddətdə konkret nə iş gördüklərini anlaya bilmədim. İçəridən qaynayan çaynik və yemək qoxusu ora nə üçün getdiyimi unutduracaq səviyyədədir. Amma onsuz da bütün istəklərimə “yoxdur”, “bizim səlahiyyətimizdə deyil” cavabı alıb, oranı tərk etməkdən başqa bir yolum qalmır.

Bayaqdan təsvir etməyə güclə söz tapdığım bu idarə hər birinizə bəlli olan Mənzil İstismar Sahələrindən biridir. Əslində, bura dövlət idarəsi deməyə min şahid lazımdır desəm, yəqin, mübaliğə etmiş olmaram. “Axı sakinlərin hər istəyinə “yox” cavabı verən, adətən, ruhu qocalmış insanların toplaşdığı məkan olan MİS-lər kimə lazımdır?” fikri ilə oranı tərk edirəm.

Dövlət mənzil fondunun istismarı üzrə təsərrüfat hesablı təşkilat olan MİS-lər 1959-cu ildə yaradılıb və SSRİ-dən günümüzə miras qalıb. Bu qurumlar müəyyən ərazilərdə yaşayış evlərinin və xidməti binaların saxlanması üçün zəruri işləri yerinə yetirən, zibil yığımı, yaşıllaşdırma, ərazinin təmizliyi və s. kimi xidmətlərlə məsul olublar.

Bu gün isə onların konkret hansı işlə məşğul olması barədə əsasnamə yoxdur. Əsasnamə olmasa da, onlar bələdiyyələrin bir sıra işlərini həyata keçirirlər. “Ev pulu”, “zibil pulu” yığmaqla məşğul olurlar. Baxmayaraq ki, mənzillərin idarəçiliyi ilə bağlı qanunvericilikdə səlahiyyətli qurumların səlahiyyətləri dəqiq müəyyən edilib. Qanunu nə qədər ələk-vələk etsəm də, MİS sözünə rast gəlmədim.

Belə ki, 2009-cu ildə qüvvəyə minən Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırdı.

Yeni Məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur.

Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsini binanın sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Qanunun məhz bu maddəsi MİS-in fəaliyyətsiz olduğunu sübut edir.

Bu fikirlərə əsaslanaraq zaman-zaman MİS-lərin ləğvi məsələsi gündəmə gəlir. Lakin onların tamamilə ləğv edilməsi prosesi uzanır. Ekspertlər də MİS-lərin ləğv edilməsini və onların səlahiyyətinin bələdiyyəyə verilməsini təklif edirlər.

Milli Məclisdə MİS-lərlə bağlı məsələni ən çox gündəmə gətirən millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında onların fəaliyyətinin cəmiyyətdə qanuna hörmət baxımından düzgün yanaşma olmadığını deyib:

“Amma nə edək ki, bu, Azərbaycan reallığıdır. Bunu dəyişmək çətindir. Çünki hər kəs bu qurumların fəaliyyət göstərməməli olduğunu bilir. Bunların hələ də mövcud olması qanunun işləkliyinə münasibətin fərqini göstərir. MİS-lərin formal olaraq saxlanması qanuna meydan oxumaqdır. Bu, idarəetmədə böyük bir nöqsandır və bunu aradan qaldırmaq lazımdır. Çünki onların ləğv edilməsi ilə bağlı qanun qəbul edilib, buna uyğun tədbir görülmür”.

Qeyd edək ki, qanunvericilikdə çoxdan ləğv olunsa da, hazırda MİS-lər Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyindədir. Bütün rayon İcra Hakimiyyətlərinin saytında Mənzil Kommunal və Texniki Xidmət Sahələri bölməsində MİS-lərin ünvan və telefon nömrələrini əldə etmək olar.

Yasamal Rayon İcra Hakimiyyətinin saytında həmin bölməyə daxil olub, bir-bir MİS-lərlə əlaqə saxlayıb, hazırkı fəaliyyətləri ilə bağlı məlumat əldə etməyə çalışdıq. Gün ərzində dəfələrlə zəng etsək də, yalnız 19 saylı Mənzil Kommunal İstismar Sahəsində telefona cavab verən tapıldı. O da rəisin ərazidə olduğunu dedi. Bütün əməkdaşların ərazidə olması real deyil. Bu, onların fəaliyyətsiz olmasının bir göstəricisi idi.

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi baş mühəndisi Hafiz Kazımov Publika.az-a bildirdi ki, MİS-lərin əsas işi İcra Hakimiyyəti və bələdiyyələr tərəfindən onlara tapşırılan işləri görməkdir və bu işləri də yerinə yetirirlər.

“MİS-ə hansı vəzifə tapşırılırsa, o işlə də məşğul olur. Bu gün MİS-lərin əsas işi binada olan təmir işlərini həyata keçirməkdir. Məsələn, damda problem yaranırsa, həyətdə, blokda olan təmir işləri zamanı MİS-ə müraciət edə bilirlər. Bundan başqa, həyətin təmizlənməsi də MİS-in işidir. Bununla bağlı əsasnamə var”.

MİS-lərin həyata keçirdiyi işlərin bələdiyyələrin səlahiyətində olmasına gəldikdə, H.Kazımov bununla razılaşsa da, problemin onlardan qaynaqlanmadığını bildirdi:

“Əsasnamədə bələdiyyənin adına göstərilən işləri də MİS-lər həyata keçirir. Küçənin təmizlənməsi, daşınması kimi işləri MİS həyata keçirir və buna görə də, müəyyən vəsait ayrılır. Bu işlərə uyğun, həm də ərazi sahəsi nəzərə alınaraq MİS-də ştat vahidləri müəyyən edilir. Əsasən, çilingər və təmizləyicilər olur”.

Lakin redaksiyamıza müraciət edən Nizami rayon sakini Arif Həsənov isə H.Kazımovun fikirlərinin əksini deyir. Onun sözlərinə görə, bir müddət əvvəl gecə saatlarında evində su borusu partlayanda MİS-ə müraciət edib. Lakin bu qurumdan “ancaq süpürgəçisimiz var” cavabını alıb.

İqtisadçı ekspert Samir Əliyev hazırda MİS-lərin fəaliyətinin heç bir qanunla tənzimlənmədiyini bildirdi.

“Bu gün MİS-lərin fəaliyyətinə xitam verilməli olduğu halda, bu qurumlar ölkədə mənzil-kommunal təsərrüfatı sistemini tam inhisara götürüblər və sistemin demək olar ki, yeganə iştirakçısına çevriliblər. MİS-lər özəl mənzil fondu mülkiyyətçilərinin seçim hüququnu pozaraq onların razılıqlarını almadan “mənzil haqqı” və “zibil pulu” yığırlar. Halbuki qanunvericiliyə görə, MİS-lər yalnız mənzil sahibinin istəyi əsasında onlara xidmət göstərə bilərlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunun 14-cü maddəsində qeyd edilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər. Tam özəlləşdirilmiş evdəki mənzillərin mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçı subyektlər seçməyə ixtiyarı vardır. Həmin qanuna görə, MİS-lər yalnız qismən özəlləşdirilmiş evlərin mənzillərinə xidmət göstərə bilərlər. Bu halda evlər tam özəlləşdirildikdən sonra MİS-lərin də missiyası bitmiş hesab olunur. Ancaq reallıq bundan ibarətdir ki, hazırda Azərbaycanın mənzil-kommunal təsərrüfatı sistemində alternativsizlik hökm sürür. Mənzil fondunun idarə edilməsi üzrə ixtisaslaşmış özəl şirkətlər və ya birliklər olmadığından mülkiyyətçilərin seçim imkanı məhdudlaşır. Bu isə MİS-lərin “cəmiyyətdə alternativi olmayan bir qurum” imicinin formalaşdırılmasına xidmət edir. Vaxtilə Bakı şəhərində məişət tullantılarının daşınması işinə özəl müəssisələr cəlb edilmişdi. Hətta paytaxtın bəzi ərazilərdə bu işə bələdiyyələr də qoşulmuşdu. Ancaq sonradan həmin şirkətlər və bələdiyyələr icra hakimiyyətləri tərəfindən sıxışdırıldı və zibil daşınması işi MİS-lərin inhisarına keçdi”.

MİS-lərin “ev pulu” yığmaq məsələsinə gəldikdə, ekspert bildirib ki, bununla onlar qanunvericilikdəki boşluqdan istifadə etmiş olurlar.

“MİS-lər qanunvericilikdəki boşluqdan istifadə edərək davamlı olaraq əhalidən “zibil pulu” və “mənzil haqqı” yığırlar. Bu addım isə Konstitusiyada təsbit edilmiş mülkiyyətçinin özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, onlardan istifadə və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır və bu sahədə münasibətlərin məcburi qaydada tənzimlənməsini nəzərdə tutur. Vergi qanunvericiliyinə əsasən, bələdiyyələrin vergi yığımını MİS-lərə həvalə etməsi qanunaziddir. Çünki Vergi Məcəlləsində qeyd edilir ki, dövlət vergiləri dövlətin vergi orqanları, yerli vergilər isə bələdiyyələrin vergi orqanları tərəfindən yığılır. Vergi orqanlarının səlahiyyətlərini bəzi hallarda (yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində) ancaq gömrük orqanları həyata keçirə bilər. Ayrı digər qurumun bu işə müdaxiləsi yolverilməzdir. Həmin qanuna görə, MİS-lər yalnız qismən özəlləşdirilmiş evlərin mənzillərinə xidmət göstərə bilərlər. Bu halda, evlər tam özəlləşdirildikdən sonra MİS-lərin də missiyası bitmiş hesab olunur”.

2009-cu il qanunu ilə ləğv olunmuş qurumun hələ də, “fəaliyyətdə” olması kimin marağındadır deyə bilmərik. Amma onların bu fəaliyyətsizliyinin nə sakinlərə, nə də büdcəyə xeyri olmadığı reallıqdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm