Əflatun Amaşov: "Mediamız Azərbaycan cəmiyyətinin istək və arzularının ifadəçisinə çevrildi"
Bizi izləyin

Qırmızı.az

Əflatun Amaşov: "Mediamız Azərbaycan cəmiyyətinin istək və arzularının ifadəçisinə çevrildi"

Möhtərəm cənab Prezident. Milli mətbuatımızın tarixi mərhələsinin yaşandığı bu günlərdə bizləri - media nümayəndələrini qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Yubiley sevincini media təmsilçiləri ilə bölüşməyiniz bizim üçün böyük fəxrdir. Mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınız ötən müddətin yaşantılarına, mətbu irsimizə verilən ən böyük dəyərdir. Bu dəyər milli mətbuatımızın yubileylərinin qeyd edilməsi ilə bağlı ənənəyə söykənir. Ənənənin təməli isə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı çıxış edərək bildirib.

Onun sözlərinə görə, media cəmiyyətin güzgüsüdür.

"Azərbaycan Prezidenti cəmiyyətin fövqündə dayanan ali şəxsdir. Ötən 140 ilin xalqımıza, millətimizə bəxş etdiyi mənəvi dünya zənginliyi müstəqil dövlətimizin gələcək varlığı baxımından son dərəcə vacibdir. Bu dəyəri yaşatmaq missiyası, cənab Prezident, Sizin tərəfinizdən uğurla həyata keçirilməkdədir. Buna görə də milli mətbuatımızın yubileylərindən ən böyük sevinc payı məhz Sizə düşür. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti birinci Avropa Oyunlarında qazandığımız möhtəşəm qələbənin sevinci ilə yaşayır. Oyunlar təkcə idman hadisəsi deyil, eyni zamanda, xalqımızın dünyaya sülh çağırışı, mədəniyyətimizin təbliği, mənəvi xəzinəmizin tərənnüm meydanı idi. Sizin sayənizdə bu missiya çox uğurla həyata keçirildi. Yüksək diqqət və qayğınız, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi yorulmaz fəaliyyəti böyük uğurumuzun təminatı qismində çıxış etdi", Əflatun Amaşov deyib.

Amaşov bildirib ki, Birinci Avropa Oyunları xalqımız və dövlətimiz üçün tarixi sınaq idi.

"Qətiyyətlə və fəxrlə deyə bilərik ki, biz bu sınaqdan ləyaqətlə çıxdıq. Avropaya və dünyaya varlığımızı, böyüklüyümüzü nümayiş etdirməyi bacardıq. Tam əminik ki, Sizin sayənizdə Vətənimiz Yay Olimpiya Oyunlarına da ev sahibliyi edəcək. Birinci Avropa Oyunlarının keçirilməsinə jurnalistlərimiz də layiqli töhfə verdilər. Onlar ölkəmizə qarşı yönələn anti-Azərbaycan kampaniyası ilə mübarizədə vahid platformadan çıxış etdilər. Mediamız siyasi yönümündən asılı olmayaraq Azərbaycan cəmiyyətinin istək və arzularının, duyğu, düşüncə və hisslərinin ifadəçisinə çevrildi. Azərbaycan mediası həmrəyliyi ilə tarixi imtahandan şərəflə çıxdı", Amaşov qeyd edib.

Onun sözlərinə görə, ümumən Azərbaycan mətbuatının ötən 140 ili çoxsaylı sınaqlarla xarakterikdir.

"Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” xalqımızda milli kimlik hissini, milli şüuru oyatdı. “Əkinçi”dən doğan qığılcımlar “Ziya”, “Ziyayi Qafqaziyə”, “Kaspi”, “Şərqi-rus”, “Həyat” qəzetlərinin, “Kəşkül”, “Fyüzat”, “Molla Nəsrəddin” jurnallarının və digər mətbu orqanların fəaliyyətlərində əbədi məşələ çevrildi, dövlət müstəqilliyimizə aparan yolun ideoloji bazasını formalaşdırdı. Bu baza o qədər möhkəm oldu ki, hətta sovet dövrünün qadağaları belə milli oyanış hissinin qarşısında dayana bilmədi. Jurnalistlərimiz istiqlal mücadiləmizin ön sıralarında getdilər. Onlar ötən əsrin əvvəllərində olduğu kimi, sonlarında da müstəqillik ideyasının carçısı kimi çıxış etdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyev mediamızın məhz bu şərəfli missiyasına həssas yanaşdı, ölkədə demokratik cəmiyyət quruculuğu prosesində azad medianın mühüm rolunu ön plana çəkdi. Məhz onun sayəsində MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olundu. Bununla da Azərbaycan mediasının inkişafında yeni mərhələ başlandı. Yeni mərhələnin davamı və uğurları, cənab Prezident, Sizin adınızla bağlıdır. Bu mərhələni xarakterizə edərkən kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazasının daha da zənginləşdirilməsini, mediaya dövlət dəstəyinin sistemli şəkil almasını və jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn konkret addımları xüsusi vurğulamalıyıq. Mövcud istiqamətdəki ardıcıl fəaliyyətinizə görə Siz Azərbaycan jurnalistlərinin dostusunuz. Bu dostluq ölkəmizdə vətəndaş cəmiyyəti təməlinin daha da möhkəmlənməsinə xidmət prinsipini rəhbər tutur", - Mətbuat Şurasının sədri söyləyib.

"Möhtərəm cənab Prezident, çıxışlarınızda qətiyyətlə qeyd etdiyiniz kimi, qloballaşan dünyada dəyərlərimizin, milli maraqlarımızın və mənafelərimizin qorunması son dərəcə önəmlidir. Bunun üçün dəyişən dünyada baş verən hadisə və proseslərə operativ reaksiyanın verilməsi müstəsna əhəmiyyət daşımaqdadır. İnternetin geniş vüsət aldığı hazırkı dövrdə isə ictimai rəy əsasən internet üzərindən yayımlanan media orqanları, habelə sosial şəbəkələr vasitəsilə formalaşdırılır. Onu da vurğulayaq ki, internet media resurslarımız ilk Avropa Oyunlarından əvvəl və Oyunların gedişində anti-Azərbaycan təbliğatına qarşı xüsusi fəallıqları ilə seçildilər. Onlar ümummilli maraqlardan çıxış edərək ölkəmizlə bağlı qarayaxma kampaniyalarına tutarlı, operativ cavablar verdilər. Lakin internet media resurslarımızın informasiya müharibəsi şəraitində daha aktiv fəaliyyət göstərmələrinə ehtiyac var. Azərbaycan dövləti Sizin şəxsinizdə ənənəvi media orqanlarının bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə mühüm tədbirlər gerçəkləşdirməkdədir. Hər il ölkənin tanınan, ictimai rəyə təsir göstərən qəzetləri dövlət büdcəsindən maliyyələşdirilir. Kütləvi informasiya vasitələrinin cəmiyyət həyatının müxtəlif istiqamətləri ilə bağlı təşəbbüsləri qiymətləndirilir. Bu proses həm onları maddi-texniki cəhətdən möhkəmləndirir, həm də yaradıcılıq imkanlarına müsbət təsir göstərir. İstərdik ki, bu mexanizmdən internet media orqanları da faydalansınlar. Bunun, eyni zamanda, ölkəmizin xaricdə təbliği baxımından da vacibliyini düşünürük", Amaşov bildirib.

Amaşov qeyd edib ki, ölkəmizin ədalətli mövqeyinin təbliği üçün jurnalistlərimizin xarici dilləri mükəmməl bilmələri, xarici təcrübəni dərindən mənimsəmələri mütləqdir.

"Cənab Prezident, Siz də çıxışlarınızda bu məsələyə önəm verdiyinizi bildirmisiniz. Azərbaycanlı tələbələrin xaricdə təhsili ilə bağlı Dövlət Proqramı mövcuddur və faydalı nəticələr verir. İstərdik ki, jurnalistlərimiz də mövcud imtiyazdan bəhrələnsinlər. Jurnalistikanın spesifik sahə olduğunu, eyni zamanda, strateji əhəmiyyət daşıdığını nəzərə alsaq, yaxşı olardı ki, bununla əlaqədar ayrıca fəaliyyət xətti müəyyənləşdirilsin. Belə olarsa, biz Azərbaycan həqiqətlərini, əsasən də Dağlıq Qarabağ həqiqətlərini xarici ölkələrdə daha yaxşı tanıdarıq, eyni zamanda, erməni təbliğatına qarşı daha fəal və ciddi mübarizə apara bilərik. Möhtərəm cənab Prezident, müstəqillik illərində Azərbaycan mediası bir çox müsbət vərdişlərə yiyələnib. Mediamız hazırda istər texniki xüsusiyyətlərinə, istərsə də yaradıcılıq potensialına görə regionda öncül mövqe tutur. Dünyanın bir çox aparıcı kütləvi informasiya vasitələri bölgə ilə bağlı məlumatlar yayarkən mənbə kimi Azərbaycanın media orqanlarına istinad edirlər. Əlbəttə, vəziyyət bir qədər də təkmilləşdirilməlidir. Ölkəmizə qarşı informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə yüksək statusa yiyələnmək həqiqətlərimizin dünyaya çatdırılması işini daha da sürətləndirər. Bunun üçün isə jurnalistikanın özünün institutlaşmasına ehtiyac var. Proses, ilk növbədə, jurnalistikamızın peşəkarlığının artırılması baxımdan vacibdir. Çünki jurnalistika kifayət qədər dinamik sahədir. Onun yeniliklərinin mütəmadi araşdırılması və tətbiqi mütləqdir. Burada dünya mediasının fəaliyyətinin təhlilinə yönələn iş prinsiplərinin birləşdirilməsi də faydalı olardı. Bu aspektdən çıxış etsək, bir mühüm məqamın da üzərində dayanmaq istərdim. Azərbaycan mediası dünyada baş verən, eyni zamanda, ölkəmizin maraqları ilə kəsişən məsələlərlə bağlı məlumatları əsasən xarici KİV-lərin vasitəsilə əldə edir. Həmin məlumatların əksəriyyəti isə bu KİV-lərin süzgəcindən keçirilir, öz ölkələrinin maraqlarına uyğun yayımlanır. Ona görə də, cənab Prezident, bizim KİV-lərimizin xaricdəki müxbir məntəqələrinin artırılmasına böyük ehtiyac var", - Mətbuat Şurasının sədri söyləyib.

Onun sözlərinə görə, media ictimaiyyətini düşündürən mühüm məqamlardan biri də reklam bazarının qənaətbəxş səviyyədə olmamasıdır.

"Reklamçılar azad sahibkarlardır. Redaksiyalar fəaliyyətləri ilə onları özlərinə cəlb etməlidirlər. Bu, məsələnin bir tərəfidir, daha çox zamanla tənzimlənməlidir. Ancaq biz rəsmi qurumların reklam və elanlarının KİV-də yerləşdirilməsi ilə bağlı Türkiyə təcrübəsini də araşdırmışıq. Məsələ ətrafında Azərbaycan Mətbuat Şurasında çoxsaylı müzakirələr aparılıb. Təhlillərdən sonra belə qənaətə gəlmişik ki, Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi mümkündür. Bu, KİV-lərin iqtisadi dayanıqlığının artırılmasına mühüm töhfə olardı. Eyni zamanda, bütövlükdə reklam bazarının canlanmasına da müsbət təsir göstərərdi. Mediamız keyfiyyət dəyişikliyi mərhələsini yaşamaqdadır. Proses özünü istər ayrı-ayrı KİV-lərin maddi-texniki bazasının gücləndirilməsində, istərsə də jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasında göstərir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş mediaya dövlət qayğısı hazırda “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın, həmçinin bu sənədə uyğun olaraq formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun timsalında fundamental əsasa malikdir. Media nümayəndələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu istiqamətdə jurnalistlər üçün inşa olunmuş bina ən mühüm tədbirlərdəndir. Yeri gəlmişkən, cənab Prezident, onu da deyim ki, jurnalistlərimiz səbirsizliklə Sizin Sərəncamınız əsasında inşa edilən növbəti binanın da onların istifadəsinə verilməsini gözləyirlər", Mətbuat Şurasının sədri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan jurnalistləri üçüncü dəfədir ki, kütləvi surətdə dövlət mükafatlarına və fəxri adlara layiq görülüblər. Dünən isə 200-ə yaxın həmkarımıza bu sevinci bəxş etdiniz, cənab Prezident. Buna görə də Sizə bütün jurnalistlərimiz adından dərin təşəkkürümüzü bildiririk.

"Azərbaycan dövlətinin hazırkı media siyasəti jurnalistikanın ictimai həyatımızdakı önəmini vurğulayan son dərəcə mühüm tədbirlərə əsaslanır və üzərindən illər keçdikdən sonra da Sizin adınızla xatırlanacaq. Digər tərəfdən, biz jurnalistlər qlobal dünyada baş verən bir sıra hadisə və prosesləri, o cümlədən yaşadığımız həssas coğrafi məkanla bağlı reallıqları nəzərdən keçiririk. İstər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətiniz, istərsə də beynəlxalq müstəvidə Azərbaycanın mövqe və mənafelərinin qorunmasına yönələn fikir və düşüncələriniz, əməli fəaliyyətiniz Vətənimizin sükanının etibarlı əllərdə olduğunu söyləməyə əsaslar verir. Bu günün Azərbaycanı dünya miqyasında öz sözünü deyən, öz prinsiplərini diktə edən ölkədir. Buna görə də jurnalistlərimiz üçün Siz yalnız müdrik dövlət başçısı deyil, eyni zamanda, ən böyük vətənpərvər azərbaycanlısınız. Möhtərəm cənab Prezident, icazə verin, Sizə ölkə jurnalistlərinin bu yanaşmasının nəticəsi olaraq Azərbaycan Mətbuat Şurasının xüsusi mükafatını təqdim edim. Xüsusi mükafat. “Azərbaycanın milli maraqlarının qorunmasında qətiyyətli mövqeyinə görə təltif olunur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev”. Təbrik edirəm", Amaşov bildirib.

Prezident İlham Əliyev bildirib: "Sağ olun. Mükafat dövlətimizin başçısına təqdim olundu".

Əflatun Amaşov deyib: "Cənab Prezident, eyni zamanda, bizim Sizə bir yubiley hədiyyəmiz var. Bu, Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı kiçik hədiyyədir".

Yubiley hədiyyəsi Prezident İlham Əliyevə təqdim edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm