Qənirə Paşayevanın həmmüəllifi olduğu kitabların təqdimatı keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevanın həmmüəllifi olduğu kitabların təqdimatı keçirilib - FOTO

Malatyada millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın həmmüəllifi olduğu Xocalı, Qaradağlı və Bağanıs Ayrım Soyqırımı kitablarının təqdimatı və imzalanması keçirilib.

Malatya İnönü Üniversitetində keçirilən tədbirdə universitetin rektoru Cemil Çelik, alimlər, ziyalılar və tələbələr iştirak edib. Təqdimat və imzalanma mərasimi zamanı Qənirə Paşayeva deyib ki, Türkiyə türkcəsində olan və sabiq millət vəkili Havva Məmmədova ilə birgə hazırladıqları “Hocalı soykırımı: tanıkların dilinden” kitabı Türkiyədə və dünyanın bir çox bölgələrində yaşayan türk gəncliyinə Xocalı Soyqırımı ilə bağlı daha geniş bilgilər vermək, onların bu soyqırıma doğru gələn tarixi, yaşanan faciələri, soyqırım günü yaşananları daha geniş öyrənməsinə nail olmaqdır. Kitabda işğal zamanı girovluqda işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələri də yer alıb.

Burada həmçinin, faciədən sonra soyqırımla bağlı dünya mediasında dərc olunan məqalələr, Heydər Əliyevin və prezident İlham Əliyevin soyqırımla əlaqədar fikirləri, bəyanatları öz əksini tapıb. Kitabda erməni terrorunu əks etdirən fotolar, dəqiq rəqəmlərlə tərtib olunan siyahılar, həmçinin həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülən ailələrin siyahıları da oxucuya çatdırılıb. Millət vəkili Qənirə Paşayeva həmmüəllifi olduğu “Qaradağlı soyqırımı şahidlərin dilindən” kitabı barədə də məlumat verib.

O bildirib ki, Ermənistan təkcə işğal etdiyi Xocalıda deyil, eyni zamanda Qaradağlıda da dəhşətli bir soyqırım həyata keçirib və türk gəncliyi bu barədə geniş bilgilərə malik olmalıdır ki, bu həqiqətləri dünyaya daha geniş yaya bilsin. Kitabda Qaradağlı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocavənd rayon Qaradağlı kənd sakinlərinin acı xatirələri yer alıb, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən Qaradağlı sakinlərinin siyahıları verilib.

Tədbirdə eyni zamanda millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və “Şərq” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Akif Aşırlının həmmüəllifi olduğu, Türkiyə türkcəsində çap edilmiş “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabı da təqdim olunub. Kitab erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun köməyi ilə 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir. Əsərdə 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etdiyi, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirildiyi, diri-diri ocaqda yandırıldığı qeyd olunub. Eyni zamanda Bağanıs Ayrım və onun qonşu kəndlərinin XX əsrin əvvəllərində də ermənilər tərəfindən dağıdılması və dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən qətliamlar da kitabda faktlar və sənədlərlə öz əksini tapır. Kitabda müəlliflərin soyqırımın şahidləri ilə söhbətləri və şahidlərin xatirələri geniş şəkildə yazılıb. Kitablar ziyalılar və gənclər tərəfindən böyük maraqla qarşılanıb. Kitabların həmmüəllifi millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarına kitabları imzalayaraq hədiyyə edib və onları bu istiqamətdə maraqlandıran suallara cavab verib.

Millət vəkili Qənirə Paşayeva deyib ki, “Qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə, Qarabağ probleminin həlli, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları gerçəklərinin dünyaya daha geniş yayılması harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gərçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”. Millət vəkili bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü dilə gətirərək gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları gerçəklərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Tərbirdə iştirak edən alimlər və ziyalılar bu ktabların gənclərin ortaq tariximizi daha yaxından öyrənməsi üçün çox önəmli olduğunu vurğulayaraq millət vəkili Qənirə Paşayevaya təşəkkürlərini bildiriblər.

Millət vəkili Qənirə Paşayeva Malatya Universitetinin kitabxanasına müəllifi olduğu kitablarla bərabər, Azərbaycan həqiqətləri, Qarabağ həqiqətləri ilə də bağlı çoxlu sayda kitab hədiyyə edərək gəncləri onları oxumağa səsləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm