• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Mən ikincini seçdim...”

“Mən ikincini seçdim...”

Prezident İlham Əliyev Milli Mətbuatımızın 140 illik yubileyi ərəfəsində bir qrup jurnalisti mükafatlandırdı. Dövlət başçısının “Əməkdar jurnalist” fəxri adı ilə təltif etdiyi şəxslər arasında “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı da var. O, təəssüratlarını Publika.az-la bölüşüb.


- Aynur xanım, Prezident İlham Əliyev Milli Mətbuatımızın 140 illiyi ərəfəsində mediamızın inkişafında xüsusi əməyi olan jurnalistləri mükafatlandırdı. Ümumiyyətlə, dövlət başçısı dostları hesab etdiyi jurnalistləri heç vaxt unutmayıb, daim mediaya dövlətimizin xüsusi qayğısı hiss olunub. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan hakimiyyətinin, sözün birbaşa mənasında, Cənab Prezidentin mediaya diqqətini, qayğısını yüksək qiymətləndirirəm. Azərbaycanda dövlətin mediaya münasibətini, ümumilikdə, dövlətin mediaya bu qədər qayğı ilə yanaşmasını yalnız təqdir etmək olar. Bunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə demokratik prinsiplərin bərqərar olunması, mətbuat üzərində senzuranın ləğvi, kütləvi informasiya vasitələri haqqında mütərəqqi, beynəlxalq standartlara uyğun qanunların qəbulu, söz, fikir azadlığının təmin olunması Azərbaycanda yeni medianın – azad, müstəqil mətbuatın formalaşmasına, inkişafına şərait yaratdı. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilir. Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin mətbuatın 140 illik yubileyinin yüksək səviyyədə qeyd olunması barədə sərəncamın imzalanması dövlət başçısının mediaya diqqət və qayğısının təzahürüdür. Buna görə cənab Prezidentdə minnətdarıq.

- Bu da xüsusi vurğulanmalıdır ki, diqqət, qayğı bütün Azərbaycan mediasına göstərilir. Ən sərt tənqid edən jurnalistlər, hətta bir çox hallarda tənqidlə təhqiri qarışdıranlar da bu diqqətdən kənarda qalmır. Bu amil çox maraqlıdır. Siz bu barədə nə düşünürsünüz?

- Bu, ilk növbədə Cənab Prezidentin milli, mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə olan ehtiramının göstəricisidir. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dövlət başçısı tərəfindən “Əməkdar jurnalist” fəxri adı ilə təltif olundu. Bu gün biz sosial şəbəkələrdə bununla bağlı tənqidləri izləyirik. Ortada radikal müxalifət tərəfindən başladılan çirkin bir kampaniya var. Bu insanlar anlamırlar ki, ölkədə tənqidçi media ilə hakimiyyətə yaxın media arasında heç bir ayrı-seçkiliyin qoyulmaması, jurnalistin tənqidi yazısına görə deyil, sadəcə istedadına, dövlətə, xalqa xidmətinə görə mükafatlandırılması Azərbaycanda dövlətçilik ənənələrinin inkişafına xidmət edən məsələdir. Bu, siyasi mədəniyyətin oturuşması deməkdir. Bir çox insanlar, xüsusən radikal müxalifətə aid olan qruplar bunu anlamaq istəmirlər. Hər şeyi öz qara çərçivələrindən görməyə çalışırlar. Bu, geriçi zehniyyətdir. Nə qədər ki, bu təfəkkürdən, bu zehniyyətdən xilas ola bilməyəcəyik, ölkənin inkişafı zəifləyəcək. Hesab edirəm ki, bunun qarşısını almaq üçün başda media olmaqla Azərbaycan ziyalıları hələ çox işlər görməlidir. Fikrimcə, münasibətlərin tənzimlənməsi üçün media ilə siyasətin bir-birindən ayrılması önəmlidir. Əvvəlcə düşüncədə, sonra əməldə, münasibətdə. Bəzən jurnalistə ya siyasi lider kimi, ya da siyasi təşkilatların, firqələrin xidmətçisi kimi baxırlar. Biz nə lider, nə də xidmətçiyik. Biz sadəcə söz adamıyıq, xəbərçilik və maarifləndirmə ilə məşğul olan insanlarıq. Təbii ki, bəzi hallarda siyasi təəssübkeşliyimizi, rəğbətimizi göstəririk. Çünki biz də bu cəmiyyətin bir parçasıyıq. Amma bizim heç bir siyasi partiyanın qarşısında öhdəliyimiz yoxdur.

Radikal müxalifətin yanaşması isə orta əsrlər Hindistanının kasta quruluşuna bənzəyir. Bu bölgüyə görə, insan hansı kastada doğulurdusa, ömrünün sonunadək o sinifdən çıxa bilmirdi. Quldar doğulubsa, ömrü boyu quldar, qul doğulubsa, qul qalırdı. Radikal müxalifət də düşünür ki, bir insan nə vaxtsa müxalifət partiyasında olubsa, ölənə qədər orada qalmalı, onların çürük ideologiyasını dəstəkləməlidir. Axı bu, yanlış yanaşmadır. İnsanlar inkişaf edir, dünya dəyişir, düşüncələrdə inqilablar baş verir. İnsan dünən düşündüyünün artıq bu günlə səsləşmədiyini müşahidə edir. Dünyada elə sürətli tendensiyalar baş verir ki, bəzən müxalifətin hələ də 20-25 il əvvəlki düşüncə, yanaşma tərzindən bir addım belə irəli getməməsi təəccüb və təəssüf doğurur. O baxımdan hesab edirəm ki, istər cəmiyyətimizdə, istərsə də mediamızda təmizlənmələrə ehtiyac var. İnanıram ki, biz bunu bacaracağıq.


- Maraqlıdır ki, bu gün hakim partiya heç bir media orqanından öhdəlik tələb etmir. Amma radikal müxalifətdə mənzərə fərqlidir. Onları dəstəkləyən media orqanları partiyanın birbaşa orqanı kimi fəaliyyət göstərir. Sizcə, bu müqayisədə kimin söz azadlığından danışmağa haqqı çatır?

- Əlbəttə, onların səmimi olmadıqları ortadadır. Azərbaycanda demokratiyanın, söz azadlığının olmadığını iddia edən şəxslər öz çevrələrindəki media orqanlarında əks fikrin dərc olunmasına imkan vermirlər. Misal üçün, “Azadlıq” qəzetində Əli Kərimlinin əleyhinə nəinki bir cümlə, bir söz belə gedə bilməz. Bu radikal kəsimin hakimiyyəti qeyri-demokrat olmaqda günahlandırmağa hansı haqqı var? Sadəcə olaraq, onlar böyük səlahiyyətlərə malik məmur ola bilmirlər, hakimiyyətə gəlməyi bacarmırlar, xalqın səsini qazana bilmədikləri üçün parlamentdə təmsil oluna bilmirlər və bütün bunların aqressiyası onların canında yığılıb qalır. Başlayırlar bu aqressiyanı hansısa ictimai xadimə, yaxud jurnalistə qarşı yönəltməyə. Sosial şəbəkələr Xalq Cəbhəsinin çayxanasından betər vəziyyətdədir. Sənin dövlətin səni hansısa orden, yaxud fəxri adla təltif edir və buna görə səni “satqın”lıqda ittiham edirlər... bu, absurd yanaşmadır. Hətta əxlaqsızlıqdır. Və bütün bunların fonunda reallıq ondan ibarətdir ki, heç onların özünün satqınlıqdan danışmağa haqları yoxdur. Çünki hər birinin keçmişi ortadadır. Satılıb, liderini, əqidə dostlarını satıb, sonra da satılmağın işə yaramadığını görüb, asqırıb ayılıblar... olublar tərtəmiz, aydan arı, sudan duru müxalifətçi... Sadəcə olaraq, gülməlidir. Azərbaycan xalqı çox müdrikdir, uzaqgörəndir. Hamını və hər kəsi görür. Ağı qaradan seçə bilir. Ona görə də müxalifətin arxasınca getmir.


- Cənab Prezident Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə maraqlı tezislər səsləndirdi. Onlardan biri də Qərb mediasının jurnalistika prinsiplərindən deyil, məhz siyasi maraqlardan çıxış etməsi ilə bağlıdır. Necə düşünürsünüz, Azərbaycan mediası bu gün jurnalistika prinsiplərini, yoxsa dövlətçilik maraqlarını ön plana çəkməlidir?

- Əslində bu seçimlə Azərbaycan jurnalistikası dəfələrlə üzləşib. Şəxsən mən “jurnalistika, yoxsa dövlətçilik maraqları” dilemması qarşısında qalsam, ikincini - dövlətçilik maraqlarını əsas götürürəm. Bir çox mühüm məsələdə dövlətin yanında olmaq vacibdir. Bu yerdə jurnalistika, xəbərçilik arxa plana keçir. Mənim yanaşmam bundan ibarətdir. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır. Təsəvvür edin, biz jurnalistika maraqlarından çıxış edərək, dövlətçiliyimizin əleyhinə olan hansısa xəbəri veririksə, jurnalist yox, bu dövlətin düşməninə çevrilirik. Heç bir Azərbaycan jurnalistinə arzu etmirəm ki, öz vətəni, öz dövləti ilə düşmən olsun.

Radikal müxalif kəsimə aid olan media orqanlarında, təəssüf ki, bu prinsip unudulur, yaxud bunu görməzliyə vururlar. Onsuz da bu gün Azərbaycanın kifayət qədər düşmənləri var. Qarabağın işğalını rəsmiləşdirmək və Ermənistana ilhaq etmək üçün beynəlxalq aləmdə Azərbaycanın əleyhinə nə mümkündürsə, edirlər. Avropa Şurasının sonuncu məlum qətnaməsində ermənilərlə “xristian qardaşlığı” prinsipindən çıxış edildiyini hər kəs gördü. Bu gün Azərbaycana qarşı nəinki ikili, çoxstandartlı siyasət aparılır. Belə bir şəraitdə Azərbaycanı sevən hər bir jurnalist daxili problemləri bir kənara qoyub, sırf dövlətçilik məsələsini əsas götürməlidir.


- Xüsusilə dünyaya jurnalistika prinsipini aşılayan Qərb mediası siyasi maraqları ön plana çıxarırsa...

- Bəli, biz bunun dəfələrlə şahidi olmuşuq. Bakıda I Avropa Oyunlarının keçirildiyi ərəfədə bəzi beynəlxalq dairələr idmanı bir kənara qoyub siyasətlə məşğul idilər. Euronews, CNN və jurnalistika prinsiplərini əllərində bayraq tutan digər böyük media korporasiyaları Azərbaycanda Avropa Oyunlarını yayımlamaq əvəzinə, hansısa mövcud olmayan siyasi məsələləri qabartmağa çalışır, bəzi beynəlxalq təşkilatların reallıqdan uzaq olan ittihamlarını tirajlayırdılar. Avropa Parlamentində Azərbaycan əleyhinə keçirilən dinləmələr və Qərbin iri media korporasiyalarının absurd ittihamları tirajlamasında biz bu mənzərəni açıq şəkildə izlədik.
Eyni yanaşma Türkiyəyə qarşı da sərgilənir. CNN Türkiyəyə aid adi bir xəbər verəndə də “burada “erməni soyqırımı” törədilib” deyə haşiyə çıxır.

Azərbaycanla bağlı siyasi məsələləri qabardanda isə torpağımızın iyirmi faizinin işğalı faktını, bir milyondan artıq məcburi köçkün və qaçqını “unudurlar”. Bu, hansı jurnalistika prinsipinə sığır?! Hesab edirəm ki, biz də bu istiqamətdə Qərb mediasından “öyrənməliyik”. Jurnalistika maraqları ilə dövlətçilik maraqları arasında seçim edəndə Azərbaycanın maraqlarını əsas götürməliyik.


- Həmin görüşdə dövlət başçısı bir çox problemdən media vasitəsilə xəbər tutduğunu bildirdi. Bu barədə nə deyə bilərsiniz?

- Cənab Prezident bununla bizim üçün həm gözlənilməz, həm də qürurverici bir həqiqətin üstünü açdı. Məlum oldu ki, kifayət qədər ağır, gərgin iş rejimi olan dövlət başçısı ölkə mediasını izləyir, ölkədə baş verənlər proseslərdən həm də media vasitəsilə xəbər tutur. Şəxsən bir jurnalist olaraq bu, məni çox sevindirdi. Deməli, bizim işimiz hədər getmir. Bu ölkənin tərəqqisi, inkişafı, insanların daha xoşbəxt yaşaması üçün az da olsa, biz də iş görə bilirik. Cənab Prezident bir çox problemlərdən media vasitəsilə xəbər tutduğunu deyirsə, deməli, bu, bizim məsuliyyətimizi daha da artırmalıdır. Həmçinin bu açıqlama ilə mətbuatın ictimai rəydə mövqeyinin daha da gücləndiyini hesab edirəm. Biz də bundan sonra işləyərkən daha diqqətli olmalı, yazdıqlarımızın, cəmiyyətə ötürdüyümüz mesajların həm də böyük qərarların qəbul olunmasına təsir etdiyini, öz töhfəsini verdiyini bilməliyik.

- Aynur xanım, dövlət başçısının təltif etdiyi jurnalistlər arasında sizin də adınız var. Necə bir hissdir bu?

- Mən uzun müddətdir jurnalistikadayam. İndiyə qədər irili-xırdalı çoxlu mükafatlar almışam. Cənab Prezidentin imzası ilə verilən bu mükafatın isə mənim üçün xüsusi önəmi var. Bu mükafat mənə təqdim olunanda o qədər mütəəssir, o qədər xoşbəxt idim ki, bunu sözlə ifadə etmək mümkün deyil. Çox böyük etimaddır. Bu münasibətə görə dövlət başçımıza bir daha təşəkkür etmək istəyirəm. Biz də əlimizdən gələni etməliyik ki, bu etimadı doğrulda bilək və bu ölkənin inkişafında, irəliyə getməsində az da olsa əməyimiz olsun.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR