• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Novruz ayinləri haqda nə bilirik?

Novruz ayinləri haqda nə bilirik?

20-ci əsrin 80-ci illərində kəndimizdə-Muğan torpağında, Salyanın Varlı kəndində Novruz necə qarşılanırdı və necə keçirilirdi? Bunları yazmaqda fayda görürəm. Nədəni bu ki, artıq bu adətlərin bəziləri unudulub və unudulmaqda davam edir və əminəm bunları yazmasam, kimsə yazmayacaq. Həm də uşaqlıq illərim ötən əsrin 80-ci illərinə düşüb deyə bu dövrdə “Novruz”un qarşılanma sürəcinin davamlı olaraq “fəal iştirakçısı” olmuşam.

Kəndimizə “Novruz” martın 21-də yox, bundan bir ay əvvəl gələrdi; lakin insanların çöhrəsinə, davranışına, duyğularına gələrdi. Özəliklə bu bayramın gəlişi bir ay öncədən çocuqların həyatında daha çox duyulurdu.

Beləliklə;

Yumurtadığırlatdı – bir ay öncədən yumurtadığırlatdı yarışı başlardı. Uşaqların ən sevimli oyunu idi. Kəndin bəlli yerlərində yumurtanın rahatlıqla 2-3 metr məsafədə dığırlana biləcəyi yerlər seçilirdi. Növbə ilə 2-2 olmaqla yumurta dığırlatmağa başlardıq. Seçim uşaqların özlərinə buraxılardı. Növbə ilə əvvəl uşağın biri yumurtanı dığırladır, digəri isə onun yumurtasını hədəf seçərək dığırladardı. İstəkdən aslı olaraq bu 3-5 dəfə təkrar olunardı. Yəni rəqibin dığırlatdığı yumurtanı nişan alaraq dığırlatmalı və dığırlatdığın yumurta onun yumurtasına toxunmalı idi. Kim rəqibinin yumurtasını daha çox nişan almış olsaydı o qazanmış sayılardı. Uşaqlardan kimisi bu oyundan əliboş, kimisi də bir neçə yumurta “qazanaraq” sevinclə geri- evlərinə dönərdi.

Yumurtadöyüşdü – həm dığırlatmaq, həm də döyüşmək üçün yumurtalar xüsusi olaraq seçilirdi. Dığırlatmaq üçün seçilən yumurtaların daha çox dairəvi olmasına, daha çox dığırlana biləcəyinə, dığırlanarkən “yoldan çıxmayacağına” üstünlük verilirdisə, döyüşmək üçün möhkəm, daha gec sına biləcək yumurtalar seçilirdi. Bunun üçün əvvəlcə evdə olan bütün yumurtaları döyüşdürür və ən sona sınmadan qalan yumurtaları seçərdik. Bu üzdən həmin dönəmdə soyuducularda sınmamış yumurta tapmaq müşkül məsələ idi. Bu oyun üçün 1-2 ay öncədən yumurta seçib saxlayanlar da olurdu. Belə ki, yumurtadöyüşdü oyunu üçün seçilən yumurtalar nə qədər köhnə olardısa “döyüş qabiliyyəti” bir o qədər yüksək olardı. Bəzən öncədən uduzub-uduzmayacağımızı bəlli etmək üçün rəqibin yumurtasını dişimizə vurar, özəlliklə qaynanmış olub-olmadığını yoxlayar və bundan sonra yumurtalarımızı döyüşdürüb-döyüşdürməyəcəyimizə qərar verərdik. Yumurtanın qaynanmış olmadığına əmin olmaq üçün onu hamar yerin üstündə fırladardıq. Bu zaman yumurtanın qaynanmış olub-olmadığını asanlıqla bəlli edərdik. Çiy yumurta 1-2 dəfədən artıq fırlanmaz. Əyər yumurta 3-4 dəfə və bundan daha artıq fırlanardısa qaynanmış olduğuna qərar verərdik.

Maşalatdı - ən sevimli adətlərimizdən idi. Köhnə parçaları bir yerə toplayıb məftillə möhkəm-möhkəm sıxardıq. Sonra onu neft dolu qablara qoyardıq. Burada bir neçə gün qalan maşal (bəziləri ona lopa da deyirdi) nefti canına çəkərdi və bu da həmin maşalın xeyli müddətə yanmasını təmin edərdi. Bayram günü maşalarımızı götürüb dəstə-dəstə kəndin çöllərinə dağılışardıq. Maşalı bir neçə dəfə fırladar və mümkün qədər daha yuxarı tullamağa çalışardıq. Hər məhlənin uşaqları maşal atmaq üçün ayrı-ayrı yerlər seçərdi. Hərəmizin 1-2 ehtiyat maşalımız da olardı. Bizdən xeyli uzaqda bir neçə yerdə uşaqların bizim kimi səs-küylə maşal atmasını da seyr edərdik. Gecə yarısına qədər maşalatdı oynardıq.

Qurşaqatdı- bu sevimli adəti də icra edərkən dəstələr şəklində olardıq. Kənd yerində geniş həyət-baca var deyə özümüzü ələ verməmək üçün gətirdiyimiz torbaları qapının ağzına qoyar və bir az aralıdan qapını balaca daşla vurardıq. Bu gecə qurşaq atılacağına hazır olan ev adamları dərhal səsi duyar və qapıya çıxardı. Torbaya “Novruz” bişmələri, qoz-fındıq, meyvə qoyduqdan sonra yenidən qapının ağzına qoyar və evə- gizlinə çəkilərdi. Uzaqdan bütün bunları gizlicə seyr edərdik. Ev əhli içəriyə çəkilən kimi torbanı götürüb digər evlərə “hücum çəkərdik”.

Tonqalqaladı- Çərşənbələrdə həyata keçirilən adət idi. Tonqal qalamaq və üstündən tullanmaq işində kimsə geri qlmazdı. Evdə lap bələkdə körpə varsa belə o da həyətə gətirilər, “balamın ağırlığı-uğurluğu odda qalsın”- deyə üç dəfə tonqalın üstündən keçirilərdi. Əyər evdə həyətə düşə bilməyən xəstə varsa onun əvəzindən tonqalın üstündən üç dəfə tullanmaq digərləri üçün vacib əməl idi. Bu işdə əsgərlikdə və səfərdə olanlar da unudulmazdı. Mütləq onların da əvəzinə tonqalın üstündən tullanar və “filankəsin ağırlığı-uğurluğu odda qalsın” – deyilərdi. Çərşənbə ocağının külü müqəddəs sayılardı. Səhər yuxudan duran kimi axşam qalanan tonqalın külünü bir qaba yığar və bağlara səpərdilər ki, bağ ruzili bərəkətli olsun.

Qapıpusdu- bu adət uşaqların o qədər də marağında deyildi. Qapı pusmağa əsasən ağlıkəsən adamlar və nisbətən böyük uşaqlar gedərdi. İnanırlardı ki, qapını pusarkən evdən xoş söhbət eşitsələr növbəti il onlar üçün çox yaxşı keçəcək. Ev adamları bu adətə də hazır olardı. Evdə uşaqlar ərköyünlük edəndə, bir-birinə qışqıranda evin böyüklərindən kimsə: “A bala, bir-birinizlə xoş danışın, xoş söz deyin, birdən qapı pusan olar” – deyərdi. Bu sözü evdə danışılanların açığa çıxmasından qorxduğu üçün deyil, qapıpusanın kefsiz halda geri qayıtmaması üçün deyərlərdi.

Bayramlaşma- bu Novruz bayramı günü həyata keçirilərdi. İnsanlar dəstə-dəstə bütün evlərə gedər və hər kəsə xoş arzularını bildirərdilər. Hətta, il uzunu bir-birinin evinə getməyən, yolda rastlaşanda dilucu salamlaşan adamlar həmin gün bir-birlərini əziz adamları kimi dindirərdi. Bu prosesdə ilk olaraq kənddə olan xəstələr və keçən “Novruz”dan sonra evində dünyasını dəyişmiş kimsəsi olanlar ziyarət olunardı. Bu zaman insanlar evlərdə çox oturmaz, uzaqbaşı bir-iki qoz-fındıq yeməklə kifayətlənərdi. Çünki, bu gün hər kəs ən azı 25-30 evdə olmalı, bayramlaşmalıdır. Hər kəs gələnləri xoşüzlə qarşılar, gələn də xoşüzlə evə daxil olardı. Nişanlı qızlara oğlan evindən bayramlıq - yaşlılar buna “bayramcalıq” da deyərlərdi - gələrdi. Bayramcalıq axır çərşənbədə, yaxud “Novruz”dan bir gün əvvəl və ya bir gün sonra da ola bilirdi.

Şərçıxarma- bu, Novruzun bizim üçün ən sirli və maraqlı adəti idi. Evlərdə maşal düzəldilər və həmin maşal bir-bir bütün otaqlarda gəzdirilərdi. Bu ayini əsasən analar gerçəkləşdirərdi. Od vasitəsilə evlərdən şər ruhları qovardılar. Kürsülü evlərdə od evin altında da gəzdirilərdi. Bu zaman heyvan-qaranın yatıb-durduğu yerlər və hətta toyuq hinləri də unudulmazdı. Heyvan- qaranın və toyuq-cücənin çıxdığı qapının hər iki tərəfində ocaq qalanar və bütün heyvanlar iki odun arasından keçirilərdi. Bununla heyvanları şər ruhlardan qoruyardılar.

Evtökmə - bayram öncəsi xalça-palazı, yorğan-döşəyi təmizləmək üçün evdən həyətə çıxararlardı. Buna el arasında “evtökmə” deyilirdi. Bu günlərdə “əlimdə işim çoxdu, evləri tökmüşəm”, yaxud böyüklərin “ay bala işinizi qurtarın evləri tökün, qabaqdan əziz gün gəlir” – kimi ifadələrini eşitmək olardı. Yaşlılar bu təmizliyi ilahi borc kimi həyata keçirərlərdi. Bəzən də Novruzun dini bayram olduğuna inandıqları üçün “Əlinin qırmızı bayramı gəlir, ev-eşiyi təmiz saxlayın” – kimi sözləri ağbirçəklərin dilindən eşidərdik. Əlbəttə, o zaman bu bayramın milli, yoxsa dini bayram olması biz uşaqlar üçün önəmli deyildi. Önəmli olan bu bayramın varlığı və bizim yerə-göyə sığmayan sevincimiz idi. Evləri tökərkən qapı- pəncərənin boyanması, evlərin silinib-süpürülməsi, həyət-bacanın səliqəyə salınması yaddan çıxarılmazdı.

Səmənigöyərtmə- bu işdə əsasən evin qızları fəal olardılar. Kənddə hər kəsin evində buğda olardı. O zamanlar kəndimizdə çox adamın evində ayrı-ayrı buğda və arpa anbarı olardı. Səməni göyərtmək üçün ötən il zəmilərdən yığılmış buğdadan təmizlənər və əkmək üçün isladılardı. Bəzən səməni göyərtmək üçün arpa və ya qarğıdalı da seçilərdi. Ağsaqqallar və ağbirçəklər arasında qarğıdalıya peyğəmbər buğdası deyənlər də vardı. Bayram günü belinə qırmızı kəmər bağlanmış səməni xonçaya və süfrəyə xüsusi gözəllik verərdi. Bayramdan bir neçə gün sonra səməniləri axar suya –Kür çayının kəndimizdən keçən qollarından birinə atardılar.

Erkənqalxma- “Novruz” bayramı günü kəndin ən tənbəl adamı belə səhər yerindən erkən qalxar, bu gün yuxudan gec duranın il uzunu yatağan olacağına inanılardı. Kimsə erkən oyanmazdısa mütləq evdən başqa biri onu oyadar əsla günçıxana qalmasına izn verilməzdi. Hər kəs hava tam işıqlaşmamış yerindən qalxar, öncə əl-üzünü yuyar və bütün ailə evə toplanardı. Bundan sonra evdə olan hər kəs bir-birinin bayramını təbrik edər, çoxdandı bir-birlərini görmürmüş ki mehribancasına görüşüb öpüşərdilər. Hər kəs bir-birinə xoş arzularını və niyyətlərini bildirərdi.

Qəbirüstü- elin hamılıqla icra etdiyi adətlərdən biridi. Adətən Novruza yaxın şənbə və ya bazar günü icra olunur. El arasında buna qəbirüstü günü də deyilir. Həmin gün el bir araya gəlir. Hamılıqla qəbiristanlığa gedilir. Bizim kənddə Qəbirüstü günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, kəndimizin böyük hissəsi 55-60 il öncə Şamaxının Dağ Kolanı kəndindən gəldiyi üçün hələ də dünyasını dəyişənləri Dağ Kolanının Girdə və Qışlaq qəbiristanlığında dəfn edirlər. Kənddən Qışlaq qəbiristanlığına qədər 70 km. məsafə var. Öncədən bir-birilə yola düşəcəyi vaxtı dəqiqləşdirən kənd adamları səhər tezdən eyni vaxtda qəbiristanlığa üz tutardılar. Maşın karvanında ən azı 10-12, bəzən 15-20 maşın ard-arda düzülərdi. Yolun uzaq olduğunu bilən hər kəs evdən hazırlıqlı çıxardı. Özləri ilə su, çay, yağ, kartof-soğan, ət və sair götürərlərdi. Qabaqcadan hazırlanmış bişmiş yemək götürənlər də olurdu. O gün bəlkə də elin ən çox birləşdiyi, bir arada olduğu gün olardı. Qəbiristanlıqda öncə hər kəs öz dünyasını dəyişənlərinin məzarını və bundan sonra digər qəbirləri ziyarət edir. Qəbir daşlarının üstünə bayram bişmələri qoyulur, qəbirlərə su səpilir. Qurandan surələr oxunur, sonra isə uzaq yoldan gələn bu adamlar süfrə açır. Dünyasını dəyişənləri söhbətlərində yad edə-edə samovar çayı içir, gətirdiyi və burada bişirdiyi yeməkləri yeyirlər. Səhər hava işıqlananda kənddən çıxan adamlar bir də axşam geri qayıdardı. Ayrılanda ölümdən sonra həyatın varlığına inanan Kolanı elatının bəzi ağbirçəkləri qəbiristanlığa üz tutaraq “Biz getdik, siz də salamat qalın” – deməyi də unutmur. Kənddə ayrılanda isə hər kəs bir-birinə “Allah ziyarətini qəbul eləsin” – deyərdi. İnsanlar dünyasını dəyişənlərin qəbirlərinin ziyarət olunmasının Tanrı qatında savab olduğuna şübhə etməzlərdi.

Novruz bayarmı günü kəndimizdə qeyri-rəsmi olaraq qeyri-iş günü olardı. Hər kəs işini bayrama qədər yekunlaşdırmağa çalışardı. Həyətində inək, dana, qoyun-quzu saxlayan adamlar belə bu günə qədər bütün ehtiyatlarını görərdilər. Çünki bilirdilər bayram günü uşaqlara iş buyurmaq olmaz. Növbə ilə dövlət işində işləyən adamlardan başqa kimsəni bayram günü işləyən görməzdin. Bu gün işləmək hətta günah sayılardı. Kiminsə övladını bağda-bağçada işləyən görsələrdi onun valideyni ciddi qınaq obyekti olardı. Bu da əsasən cavanların işinə yarayardı. Həmin gün evdə olan heyvan-qaraya ikiqat ot atılar, toyuq-cücəyə verilən arpa-buğdaya isə sınır qoyulmazdı. Bundan əlavə mütləq toyuq-cücəyə bayram aşından verilərdi. Hətta, həyətdə saxlanan it-pişik belə bu bayramın gəlişini hiss etməli idi. O gün onlara da bol-bol ət və digər yeyəcək verilərdi. Savabı daha çox olsun deyə itə və pişiyə verilən ətin üzərinə duz səpməyi də unutmazdılar. Bayram günü inəklər sağılmaz və bütün günü balası ilə bir yerdə olardı. Həmin günü buzovlar anasından bol-bol süd əmərdi. Bu gün inəkləri sağmaq günah iş tutmağa bərabər sayılardı.

Namiq Hacıheydərli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR