• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ekspert: “Rayonlardan gələn taksi sürücüləri qadağalara məhəl qoymayacaq”

Ekspert: “Rayonlardan gələn taksi sürücüləri qadağalara məhəl qoymayacaq”

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası uzun sürən müzakirələrdən sonra Bakı şəhərində nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədilə qərar qəbul etdi. Qərarda şəhərdaxili marşrutların hərəkəti, paytaxta rayonlardan gələn yük avtomobillərinin və taksilərinin girişinə məhdudiyyətlər və.s məsələlər əksini tapıb.

Qərarı şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a bildirib ki, bu qərarla bağlı ciddi dəyişikliklər gözlənilir: “Biz bununla bağlı müəyyən təkliflər irəli sürmüşük. Bildirmişik ki, əhalisi Bakının əhalisi ilə müqayisədə qat-qat çox olan şəhərlərdə ona görə nəqliyyat sıxlığı yoxdur ki, həmin şəhərlərdə trolleybus, tramvay, metro, metrobus, ideal nəqliyyat var”.

Onun sözlərinə görə, bütün bunları ölkəmizdə də həyata keçirmək lazımdır. Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi paytaxtda şəhərdaxili tələbata uyğun sayda avtobusların buraxılması, avtobus dayanacaqlarının hərəkətə maneə yaradan yerlərdən, xüsusilə yol kəsişmələri ətrafından köçürülməsi və mümkün olan yerlərdə dayanacaq üçün “ciblər”in yaradılması ilə bağlı zəruri tədbirlər görməlidir. Bununla yanaşı, şəhərdaxili avtobus marşrutlarında hərəkət cədvəllərinə və hərəkət sxemlərinə riayət olunmasına nəzarət gücləndirilməlidir.

“Ola bilsin, yeni avtobus marşrutları yaradılsın və bu da mümkündür ki, köhnələrin yeri dəyişdirilsin. Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla razılaşdırmaqla, Bakı şəhərinin avtomobil yollarında piyadaların təhlükəsiz və sərbəst keçidinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirməli və həmin keçidlərin inşası üzrə layihələri 1 ay müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər”.

Qeyd edək ki, qərar hər gün respublikamızın ayrı-ayrı şəhər və rayonlarından paytaxt istiqamətində hərəkət edən taksilərin hərəkətinin məhdudlaşdırılmasını rəsmiləşdirib. Yeni qərara əsasən, Bakı şəhərinə gələn taksi avtomobilləri üçün şəhərə daxil olmadan çatma məntəqəsi kimi Bakı Beynəlxalq Avtovağzalı təyin olunub. Lakin ekspert hesab edir ki, yeni qərar onu icra edən rəsmilərə bir sıra çətinliklər yaradacaq: “Ən azı ona görə ki, rayonlardan paytaxta sərnişin daşıyan taksi sürücülərinin bəziləri qadağalara məhəl qoymayacaqlar. Üstəlik, onların bəziləri qeyri-leqal şəkildə bu cür fəaliyyətlə məşğul olurlar. Bəzi sürücülərin taksi fəaliyyəti ilə məşğul olduqlarını bildirən tanınma nişanları yoxdur”.

Bu qəbildən olan sürücülərin qaydaları pozmasının qarşısını almaq çətin olacaq: “El arasında onları belə adlandırırlar – “xalturşik”. Onlar taksi sürücüləri deyil, “xalturşik”lərdir. Həmin sürücülər bütün rayonlarda var və gündəlik paytaxta sərnişin daşıyırlar. Onların fəaliyyətinə, habelə müvafiq yerlərə nəzarət olunmalıdır, başqa variant yoxdur. Bunun mexanizmini necə tapacaqlar, o da qaranlıq məsələdir”.

Ekspert bu sahədə görüləsi işlərin çox olduğunu diqqətə çatdırıb: “Əslində, onların hamısının taksi fəaliyyəti ilə məşğul olmaları üçün lisenziyaları olmalıdır. Bu sürücülərin idarə etdikləri avtomobillərin tanınma nişanları olmalıdır. Hətta avtomobilin üstündəki tanınma nişanından əlavə onun sağ və sol tərəfində də taksi fəaliyyəti üçün nəzərdə tutulduğunu bildirən müvafiq rəng nişanları olmalıdır. Sadaladıqlarımın heç biri həmin avtomobillərdə yoxdur. Sürücülər isə lisenziyasız işləyirlər. Ona görə də yeni qaydaları reallaşdırmaq bir-iki günün işi deyil. Bütün bunları həyata keçirmək çətin məsələdir”.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR