• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlı alim UNO-lardan danışdı

Azərbaycanlı alim UNO-lardan danışdı

“Uçan naməlum obyektləri inkar etmək olmaz. Çünki müasir elmin səviyyəsi uçan naməlum obyektlərin səviyyəsini müəyyən edə bilmir”.

Bunu Publika.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.

Qeyd edək ki, son vaxtlar yerli və xarici mətbuatda uçan naməlum obyektlərlə bağlı saysız-hesabsız video-foto görüntülər ortaya çıxıb, fərqli versiyalar səsləndirilir.

Xıdır Mikayılov bildirib ki, UNO-ların mövcud olmadığını iddia etmək doğru olmazdı: “Uçan obyektlər hardan gələ bilər? Başqa qalaktikalardan, ulduzlardan. Hesab edirəm ki, uçan naməlum obyektlər mövcuddur. Qeyd edim ki, bunlar mənim şəxsi fikirlərimdir”.

Alim bildirib ki, ulduzlara qədər məsafə bir neçə işıq ilidir: “Bizdən hətta milyon işıq ili məsafəsində yerləşən obyektlər var. Tutaq ki, ən yaxın hər hansı ulduzda həyat nişanəsi mövcuddur. Ən yaxın ulduzla qalaktikamız arasında 1000 işıq ili məsafə var. Müasir elm tərəfindən işıq sürəti ilə hərəkət edən kosmik aparat hələ ixtira edilməyib. Belə bir aparat yoxdur ki, ona həmin sürəti verək. Əgər alimlər belə cihaz hazırlasalar, onun qayıdıb Yer planetinə gəlib çatması üçün 1000 il vaxt lazım olacaq. Belə olan təqdirdə isə neçə nəsil dəyişməlidir. Hətta həmin sürətlə digər qalaktikalardan planetimizə məlumatlar gətirən cihazlar aşkar edilsə belə onların gətirdiyi xəbərlər bizə çatınca neçə-neçə nəsil dəyişəcək”.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini qeyd edib ki, müasir elm UNO-ların yoxluğunu hələ sübut edə bilmədiyindən uçan naməlum obyektlərin mövcud olmadığını iddia etmək elmi cəhətdən əsaslı deyil: “Şəxsən mən uçan naməlum obyektlərin olmasına inanıram. Çünki elm özü də bir tərəfdən bununla bağlı baş verənləri izah edə bilmir”.

O ki qaldı ayrı-ayrı vaxtlarda Yer kürəsinin müxtəlif yerlərində foto və video görüntüləri lentə alınmış mübahisəli, naməlum obyektlərə, alim həmin məsələyə belə aydınlıq gətirib: “Onlar Yer atmosferində yaranan hadisələrlə də bağlı ola bilər. Bununla yanaşı, hərbi sınaqların bir çoxu gizli saxlanılır. Həmin sınaqlar barəsində məlumatlar gizlədilir. Bir müddət əvvəl araşdırmaçılardan biri iddia edirdi ki, guya UNO-ların məskəni Xəzər dənizinin dibindədir. Belə yanlış versiyalara, uydurmalara inanmağı məsləhət görmürəm. Bu cür uydurmalarla insanların başını aldatmaq olmaz”.

Xıdır Mikayılov onu da əlavə edib ki, son illər Günəş sisteminə oxşar 1000-dən çox planet sistemi kəşf edilib: “Bizim qalaktikada 200 milyarddan artıq ulduz var. Üstəlik, 1000-dən çox planet sistemi. Sual olunur - niyə orada həyat olmasın? Həmin planet sistemlərində həyat ola bilər. Sadəcə, indiki elmin müasir səviyyəsi bunu izah edə bilmir. 200 milyarddan artıq qalaktikada 200 milyarddan artıq ulduz yerləşir. Yer kürəsində həyat varsa, orada niyə canlı varlıqlar olmasın? Bütün bunları fikiləşəndə başqa planetlərdə həyatın olmasına inanırsan”.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR