Onlar lider oldular
Bizi izləyin

Qırmızı.az

Onlar lider oldular

İyulun 25-də keçirilən II və III ixtisas qrupları üzrə imtahan nəticələri açıqlanıb. İmtahan nəticələrinə görə, 6 nəfər 700 bal toplayıb. Onlardan 3-ü ikinci, 3-ü üçüncü ixtisas qrupu üzrə imtahan verib.

Publika.az maksimum nəticə göstərənlərin ilkin təəssüratlarını təqdim edir.

İkinci qrup üzrə ən yüksək nəticə göstərən Kamran Abdulrəhimov:

“Sınaqlarda yüksək nəticə göstərirdim, amma 700 bal toplamamışdım. İmtahan günü də həyəcanlı idim, düşünürdüm ki, 1-2 suala düzgün cavab verməyə, ya da kodlaşdırmada səhv edə bilərəm. İmtahandan çıxandan sonra yenə də müəyyən tərəddüd var idi. Bütün bunlara baxmayaraq, yüksək nəticəyə inanırdım. Azərbaycan Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyində təhsil almışam. Bundan sonra təhsilimi Bakı Dövlət Universitetinin hüquq fakültəsində davam etdirmək istəyirəm”.

Lalə Novruzova: “Yüksək nəticə üçün sistemli şəkildə hazırlaşmaq lazımdır. İmtahan çox rahat keçdi, suallar çox asan idi. İmtahan günü sualların hamısına düz cavab verdiyimi öyrəndim, lakin TQDK-nın nəticəsindən sonra əmin oldum. Sınaqlarda da yüksək nəticə göstərirdim. Cəbrayıl rayonundan məcburi köçkünəm, Biləsuvar rayonunda yerləşən 15 saylı məktəbdə təhsil almışam. Bundan sonra təhsilimi Dövlət İdarəçilik Akademiyasında hüquq fakültəsində davam etdirəcəm”.

Qəbələ rayonu 3 saylı məktəbin məzunu Xəyalə Əfəndiyeva yalnız 11-ci sinifdə hazırlığa gedib. Sınaqlarda da yüksək nəticə göstərib. Uşaqlıq arzusu olan hüquq təhsili almaq istəyir.

Bakı şəhəri 214 saylı məktəbin məzunu İbrahim Əhmədov bu cür nəticə göstərəcəyinə inandığını deyib:

“Valideynləri, müəllimləri və özümün əziyyətimdən sonra nəticə belə olmalı idi. 1 il repititor yanına getmişəm, əvvəl məktəbdə yaxşı oxumuşam. Azərbaycan Diplomatik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasında təhsil almaq istəyirəm. Ola bilər ki, gələcəkdə xaricdə təhsilimi davam etdirim”.

Elçin Qasımov isə nəticənin onun üçün gözlənilməz olduğunu deyir:

“Sualların hamısına cavab versəm də, səhvlərimin olacağı və ya kodlaşdırmada səhv edə biləcəyimdən narahat idim. İmtahan günü yoxlayanda səhvim olmadığını gördüm, amma kodlaşdırma narahatlığım bu saata qədər qalmışdı. TQDK nəticələri açıqlayanda tam əmin oldum.Gəncə şəhər İsmət Qaibov adına 1 saylı tam orta məktəbi bitirmişəm. Yüksək nəticə əldə etmək üçün 1-ci sinifdən yaxşı oxumaq lazımdır.

Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq istəyirəm. Amma orada təhsil ödənişli olduğuna görə, imkanımız yoxdur. Buna görə də, təhsilimi başqa bir ali məktəbdə iqtiasadiyyat və biznesin idarə edilməsi üzrə davam etdirəcəm. Amma ən böyük arzum ADA idi, yüksək nəticə göstərdiyimi və yaxşı təhsil almaq istədiyimi nəzərə alıb, mənə həmin ali məktəbdə oxumağa şərait yaradılsa, çox sevinərdim”.

Xırdalan şəhər 3 nömrəli məktəbin məzunu Əli İsgəndərov imtahandan əvvəl 700 bal toplayacağına əmin olduğunu deyir:

“Əvvəldən beynimdə qurmuşdum ki, yüksək nəticə göstərəcəm. İmtahana da bu əminliklə girmişdim. 3 sual şübhəli idi, televziyada nəticələr açıqlananda onların da doğru olduğunu gördüm, 700 baldan əmin oldum. Şablon səslənsə də, hesab edirəm ki, hər şey məqsəddən asılıdır. Bu, mənim ilk məqsədim idi, ona nail oldum. Bundan sonra Azərbaycan Diplomatiya Akademiyasında təhsil alıb, peşəkar menecer olmaq istəyirəm”

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm