MTRŞ-dan uşaq kanalının yaradılması ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

MTRŞ-dan uşaq kanalının yaradılması ilə bağlı AÇIQLAMA

“Azərbaycanda uşaq kanalını özəl kanal kimi yaratmaq olmaz. Bu kanal dövlətin himayəsi altında olmalıdır".

Publika.az xəbər verir ki, bunu bu gün "KİV-də qadın və uşaq problemləri" mövzusunda keçirilən dəyirmi masada Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

MTRŞ rəsmisi uşaq kanalının açılmasını vacib sayıb: "Lakin biz buna hazırıqmı? Bu kanal yaranarsa, onu kadrla təmin edə biləcəyikmi? Hazırda büdcə bu kanalın yaradılmasına imkan vermir. Uşaq telekanalı özəl yox, dövlət büdcəsindən maliyyələşməlidir ki, ona nəzarət edilsin".

Qafar Cəbiyev yaxın zamanlarda uşaq kanalının yaradılacağına inandığını deyib. MTRŞ rəsmisi bildirib ki, Şura bəzi məsələlərə loyal yanaşsa da, uşaq hüquqlarının pozulması məsələlərində tele-radio yayımçılarına güzəştə getmir: "Lakin bu məsələ ilə bağlı da problemlər yaranır. MTRŞ bir necə halda uşaq hüquqlarının pozulması ilə bağlı cəza tədbirləri tətbiq edib. Lakin kanallar hüquq müdafiəçiləri, vəkillər tapırlar ki, onlar da uşaqların hüquqlarını deyil, yayımçıların hüquqlarını müdafiə edirlər. Uşaq hüquqları ilə bağlı danışmaq üçün hər adamı ekspert kimi efirə çıxarmaq düzgün deyil".

Q.Cəbiyevin sözlərinə görə, telekanallar ailə, qadın, uşaq mövzularına diqqətlə yanaşmalı, müsbət təcrübələri yaymalıdırlar: "Amma bəzən ailə məsələləri həddindən artıq şişirdilir. Ailələrin müsbət təcrübələri bir tərəfdə qalır, mənfi məqamlar qabardılır. Bunlar da əks reaksiya doğurur".

Q.Cəbiyev onu da əlavə edib ki, bu gün efirdə qadınların sayı yetərincədir, bundan başqa, verilişlərə çağırılan qonaqlar arasında da qadınlar çox olur. Bu o deməkdir ki, efirdə gender məsələsi qorunur.

“Lakin bəzən efirlərdə ailə problemlərini çox şişirdirlər. Xüsusən də, ailə dəyərləri mövzusunda efirdə danışmağa haqqı çatmayan qadınlar ekspert kimi dəvət olunur. Bu insanları efirə çağırmaq cəmiyyətdə əks effekt yaradır”.

Efirdə qadın və uşaq hüquqlarının pozulmasından danışan MTRŞ rəsmisi son illərdə bu halların artdığını bildirib:

“Milli Televiziya və Radio Şurası haqqında qanunun 33-cü maddəsi birbaşa uşaq hüquqları ilə bağlıdır.Təəssüf ki, son iki ildə televiziyalara şura tərəfindən tətbiq edilən cəza tədbirlərinin 80%-i məhz 33-cü maddənin pozulması ilə bağlı olur. Bəlkə də, televiziya rəhbərləri başqa pozuntulara yol verənlərə loyal yanaşa bilər. Lakin uşaqlarla bağlı məsələyə səhlənkar yanaşmaq olmaz. Təəssüf ki, bəzi ekspertlər Milli Televiziya və Radio Şurası tərəfindən televiziyalara bu mövzu ilə bağlı verilən cəzaları tənqid edir. Uşaqların deyil, televiziya rəhbərlərlərinin maraqlarını müdafiə edirlər. Lakin hər kəs uşaqlarla bağlı məsələdə maksimum həssas olmalıdır”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm