Qusarda şəhid ailələrinə ev verildi
Bizi izləyin

Qırmızı.az

Qusarda şəhid ailələrinə ev verildi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsini nəzərdə tutur. Sərəncamın icrası işləri çərçivəsində 52 rayonda 375 fərdi evin inşası da həyata keçirilib ki, onlardan inşası artıq başa çatmış ilk fərdi evi bu gün Qusar rayonunda şəhid ailəsinin istifadəsinə veririk.

Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirlininin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qusar rayonunun Həsənqala kəndində tikilmiş fərdi yaşayış evinin şəhid ailəsi Hacıyeva Səlimə Şah qızına təqdim olunması zamanı bildirib.

S.Müslümov ötən ay Tərtər rayonunda 54 mənzilli daha bir yaşayış binasının müharibə əlilləri və şəhid ailələrin istifadəsinə verildiyini xatırladaraq bildirib ki, hazırda Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 çoxmənzili yaşayış binası tikilir:

“Qeyd olunan insanlar üçün hazır binalardan 165 mənzilin alınması işləri də aparılır ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcəklər. Ümumilikdə cari il ərzində 964 mənzilin və fərdi yaşayış evinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi planlaşdırılır”. Nazir hazırda Qusar rayonunda daha üç fərdi evin tikildiyini diqqətə çatdırıb və bildirib ki, bu evlərin yüksək keyfiyyətli tikinti materiallarından və müasir tələblərə uyğun səviyyədə inşa olunmasına xüsusi diqqət yetirilir. Bu evlərdə ailələrin normal səviyyədə, rahat yaşaması üçün bütün lazımi şərait yaradılıb.

S.Müslümov müharibə əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə təmin olunduqlarını diqqətə çatdırıb: “Hazırda müharibə əlilləri və onlara bərabər tutulan 18784 nəfər vətəndaş sosial müavinət və ya əmək pensiyası ilə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunurlar ki, onların 12289 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir. Təkcə ötən ilin əvvəlindən bu təqaüdlərin orta aylıq məbləği prezidentin müvafiq fərmanına əsasən 50%-ə yaxın artırılıb. 13 min 405 şəhid ailəsinə də Prezidentin aylıq təqaüdü ödənilir ki, həmin təqaüdün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 200 manata çatdırılıb. Müharibə əlilləri və şəhid ailələrinin uşaqları aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin olunurlar. Eləcə də onların ödənişli təhsil alan övladları təhsil haqqından azad ediliblər. “Əmək pensiyaları haqqında” Qanunla isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır”.

S.Müslümov yeni fərdi evlə təmin olunan şəhid ailəsini bu münasibətlə təbrik edib, ailəyə xoş arzularını çatdırıb. Şəhid ailəsi S.Hacıyeva və doğmaları ürək sözlərini bildirərək, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dinamik tərəqqiyə nail olmasından, o cümlədən respublikanın regionlarında gedən inkişaf proseslərindən razılıqla söz açıblar. Onlar Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş insanların xatirəsinin daim uca tutulması, onların ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm