• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nazir Bakı-2015-in qalib paralimpiyaçılarıyla görüşdü - FOTOLAR

Nazir  Bakı-2015-in qalib paralimpiyaçılarıyla görüşdü - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanmış paralimpiyaçılarla görüş keçirilib.

Piblika.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin bütün sahələrdə sürətli tərəqqisini uğurla təmin edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın bu gün özünün yüksəliş dövrünü yaşadığını vurğulayıb: “Hazırda Azərbaycanda paralimpiya hərəkatının geniş vüsət alması əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətin həyatında fəal iştirakının təmin olunması üçün aparılan fəal dövlət siyasətinin mühüm uğurlarından biridir. Bu gün paralimpiyaya daxil olan əksər idman növləri üzrə idmançılarımız vardır. Onlar Paralimpiya Oyunlarında, beynəlxalq səviyyəli mötəbər yarışlarda ölkəmizi şərəflə təmsil edir, hər dəfə bu yarışlarda böyük uğurlara imza atırlar”.

S.Müslümov bildirib ki, cari ilin iyun ayında Azərbaycanda əsl Olimpiya Oyunları səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan birinci Avropa Oyunlarında paralimpiyaçılarımız xalqımıza bir daha qələbə sevincini yaşatdılar. Azərbaycanın güclü iqtisadi potensiala və zəngin mədəniyyətə malik, müasir, tolerant bir ölkə olduğunu dünyaya nümayiş etdirən ilk Avropa Oyunları idmanımızın, həmçinin paralimpiyamızın qalibiyyət əzmini növbəti dəfə təsdiq etdi. İdmançılarımızın 56 medala sahib olmaqla ölkəmizi medal sayına görə Avropanın 50 ölkəsi arasında ikinci yerə yüksəltdiyi bu Oyunlarda paralimpiyaçılarımızdan İlham Zəkiyev qızıl, Səbinə Abdullayeva gümüş və Zakir Mislimov bürünc medallar qazanaraq, Azərbaycan idmanına yeni dəyərli töhfələrini verdilər.

Nazir ölkəmizdə əlilliyi olan insanlara diqqət və qayğı, humanist münasibət göstərilməsinin bu Oyunlar zamanı bir daha ən yüksək səviyyədə əməli təsdiqini tapdığını vurğulayıb: “Oyunların açılış mərasimində məşəl Olimpiya Stadionuna məhz paralimpiyaçı İlham Zəkiyev tərəfindən gətirildi. Eyni zamanda qalib gələrkən ona qızıl medalı təqdim edən Prezident cənab İlham Əliyev fəxri kürsüyə qalxaraq onunla yanaşı dayandı. Bu epizodlar, habelə dövlət başçısının əlil arabasında olan jurnalistə yaxınlaşaraq onunla foto çəkdirməsi və s. əlilliyi olan insanların bizlərlə eyni sırada dayanmaları, bizlərdən biri olmaları barədə ümumən dünyaya dolğun və dəyərli bir mesaj oldu. Azərbaycan Prezidentinin bu yanaşması əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası üçün xüsusi önəm kəsb edən bir nümunəyə çevrildi. Paralimpiya yarışının Oyunların proqramına daxil edilməsi isə birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən paralimpiyaçılarımıza göstərilən çox böyük dəstəyin ifadəsidir”.

S.Müslümov nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 18 nəfər gəncin, əlilliyi olan şəxslərin internet televiziyasının kollektivinin bu Oyunlarda könüllü kimi həvəslə iştirak etmələrini həmin insanların daim cəmiyyətlə yanaşı addımlamaq, ölkəmizin, dövlətimizin inkişafına töhfə vermək əzminin ifadəsi kimi dəyərləndirib. Nazir ƏƏSMN tərəfindən də paralimpiya hərəkatının genişlənməsi və uğurlar qazanması üçün bütün müvafiq tədbirlərin görüldüyünü, Nazirliyin Paralimpiya İdman Kompleksində respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili üçün lazımi şəraitinin mövcud olduğunu diqqətə çatdırıb.

S.Müslümov “Bakı 2015” ilk Avropa Oyunlarının mükafatçıları olan paralimpiyaçıları təbrik edərək, onlara bundan sonra da yeni-yeni idman qələbələri ilə xalqımıza sevinc bəxş etməyi arzulayıb.

“Bakı 2015” ilk Avropa Oyunlarının qızıl medalçısı, iki dəfə Paralimpiya Oyunları, ikiqat dünya və beşqat Avropa çempionu İ. Zəkiyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən paralimpiyaçılara daimi qayğıkeş münasibətinin onları həmişə yeni qələbələrə ruhlandırdığını vurğulayıb. İ.Zəkiyev 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında da zəfər qazanacağına əminliyini ifadə edib. Oyunların gümüş medalçısı, ikiqat dünya çempionu, üçqat gümüş medalçı S.Abdullayeva, Avropa çempionatının və Avropa Oyunlarının bürünc mükafatçısı Z.Mislimov ölkəmizdə paralimpiyaya dövlət qayğısından, onların idmanla məşğul olmalarına, mötəbər yarışlara hazırlaşmalarına yüksək səviyyədə şərait yaradılmasından razılıqla söz açıb, onlara olan inama gələcəkdə yeni-yeni uğurlarla cavab vermək üçün səylərini artırdıqlarını vurğulayıblar. Baş məşqçi İbrahim İbrahimov paralimpiyaçıların qarşıdakı yarışlarda növbəti yüksək mükafatlara nail olmaq üçün ciddi şəkildə hazırlaşdıqlarını diqqətə çatdırıb.

Milli Paralimpiya Komitəsinin prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Oyunlar öncəsi, yarışlar zamanı və Oyunlardan sonra paralimpiyaçılarımızın gərgin dəqiqələri, sevincləri və qələbə hissləri barədə səmimi fikirlərini bölüşüb.

Görüşdə “Bakı-2015” ilk Avropa Oyunlarını, Oyunlarda paralimpiya yarışlarını, idmançılarımızın qələbələrini və medalların təqdim olunması mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib və qalib paralimpiyaçılara hədiyyələr və gül dəstələri təqdim olunub.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR