20 əlil uşaq Türkiyəyə müalicəyə göndərildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

20 əlil uşaq Türkiyəyə müalicəyə göndərildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud uşaqlardan daha 20 nəfəri valideynlərindən birinin müşayiəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

ƏƏSMN-in Ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan məlumata görə, valideynlər sağlamlıq imkanları məhdud uşaqlara Prezident qayğısından razılıqla söz açıb, övladlarının xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə çıxış edən ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ötən aydan başlayaraq, hazırda göndərilən uşaqlar da daxil olmaqla, artıq 70 nəfər sağlamlıq imkanları məhdud uşağın qardaş ölkəyə bərpa müalicəsinə göndərildiyini diqqətə çatdırıb:

“Ümumilikdə ƏƏSMN tərəfindən cari ilin aprel ayından bəri 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bu məqsədlə Türkiyəyə yola salınıb. Cari il ərzində nazirlik tərəfindən ötən illə müqayisədə 20 faiz çox şəxsin xaricdə bərpa müalicəsi təşkili nəzərdə tutulub ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xətlə davam etdirildiyinin daha bir təsdiqidir”.

S.Abdullayev bildirib ki, göndərilən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa müalicə kursu keçirlər:

“Həmin müəssisədə Dənizli bölgəsinin təbii müalicəvi resurslarından və innovativ texnologiyalardan geniş istifadə olunmaqla əlilliyi olan şəxslərin reabilitasiyası, çətin sağalan ayrı-ayrı xəstəliklərin müalicəsi istiqamətində səmərəli tibbi-fizioterapevtik üsullar tətbiq olunur. İndiyədək Nobel Tibb Mərkəzinə göndərdiyimiz əlilliyi olan şəxslər mərkəzdə aparılan müalicə kursundan, göstərilən xidmətdən razı qaldıqlarını bizə bildirirlər”.

Göndərilən əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və valideynlərinin orada 5 ulduz oteldə yerləşdirildiklərini qeyd edən S.Abdullayev həmin şəxslərin orada müvafiq xidmətlərlə təmin olunmasına nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün nazirliyin bir nəfər həkiminin də Türkiyəyə ezam edildiyini bildirib:

“ƏƏSMN-nin Bakıda və respublikanın bölgələrindəki bərpa-müalicə müəssisələrində də bərpa müalicə işləri aparılır. Bu müəssisələrdə cari ilin ilk yarımilində 3 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Hazırda həmin müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparılmaqla, müasir tələblərə uyğun şərait yaradılır. Təmir işlərindən sonra bu müəssisələr müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunacaq, onlarda qabaqcıl dünya təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün də lazımi şərait təmin ediləcək”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm