Metrodakı ticarətçilər: “Banka borcumuz var, necə ödəyəcəyik?” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Metrodakı ticarətçilər: “Banka borcumuz var, necə ödəyəcəyik?” - FOTOLAR

"8500 manatlıq malım əlimdə qalıb"

Bakı metrosunda ticarət obyektlərinin söküntüsünə başlanılıb. Bu gün səhər saatlarında “Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” stansiyalarında fəaliyyət göstərən satış obyektlərinin açılmasına icazə verilməyib. Buna görə də obyekt sahibləri metronun “Elmlər Akademiyası” yaxınlığında yerləşən baş idarəsi qarşısında aksiya keçiriblər. Onlar obyektlərinin heç bir xəbərdarlıq edilmədən, əsas göstərilmədən bağlanmasına etiraz edirlər. Aksiya iştirakçılarından bir neçəsi metropoliten rəsmiləri ilə görüşüb.

Görüşdən çıxanlar bildiriblər ki, yekun qərar olaraq onlara 1 həftə vaxt verilib. Sahibkarlar 1 həftə yeraltı keçiddə satışdan istifadə edə bilərlər. Vəziyyətlə bağlı bu müddətdə qərar veriləcək. Jurnalistləri saatlarla idarə qarşısında gözlədən metropoliten rəsmiləri suallara cavab verməkdən imtina etdilər.

Rəsmilər cavab vermədiyindən ümid qalır, onlarla görüşən satıcılara. Yolumuzu metronun “Gənclik” stansiyasında salıb, vəziyyətlə maraqlandıq. Səhər saatlarında açılmasına icazə verilməyən obyektlərin hamısı fəaliyyətdə idi. Amma satıcıların hamısının üzündən narazılıq, narahatlığı hiss etmək olurdu. Dərdlərini isə alıcılarla bölüşürdülər.

Söhbətdən bəlli olur ki, satıcıların heç biri bu qərardan razı deyil, onlar yeganə qazanc yerlərinin heç bir səbəb göstərilmədən əllərindən alınmasından, banklara olan borclarından narahat idilər. Jurnalist olduğumuzu biləndən sonra isə onların bir çoxu danışmaqdan boyun qaçırır, problemlərinin çox olduğunu, yenisini istəmədiklərini deyirlər.

“Əlimizdə diplom yox gedib hardasa işləyək, illərdir çörəyimiz burdan çıxır. İndi deyirlər ac qalın”. Bu sözləri digər həmkarlarından daha ürəkli olan Samir adlı satıcı deyir. O, metroda ticarət obyektlərinin sökülməsi nəticəsində illərdir evinə çörək apardığı obyektin bağlanmasından narazılığını bildirir.

“Bir həftə vaxt veriblər. Heç bir yerdə də imkan yaratmırlar malımızı satmaq üçün. Burda satıcılıq edənlərin hamısının bazara borcu var. Mənim Binə bazarına 7 min manat borcum var, təkcə bu deyil banka da borcluyam. Ən azı bir ay əvvəl bizə xəbərdarlıq edilməli idi. Biz də borcumuzu bağlayardıq, əlimizdəki malı satardıq. Keçən ay təkcə bu yer üçün 1250 manat yer pulu ödəmişik”.

Satıcılarla söhbətdən bəlli oldu ki, onların hamısının banka borcu var.

“Mənim banka 30 min manat borcum var, mən ayda banka 2516 manat pul ödəyirəm. İndi bu pulu necə ödəyəcəm”.

Adının açıqlanmasını istəməyən satıcılar deyir, əmr birdən-birə verilib. Əvvəldən söküntü olacağı barədə heç bir söz deyilməyib. Satıcıların sözlərinə görə, bu gün keçirilən görüş zamanı da heç kim dinlənilməyib, sadəcə söküntü üçün vaxt verilib.

Satıcılar onu da bildirdilər ki, obyektlərinin təmir etdiriblər, obyektə 10 min manata qədər pul qoyublar.

“Heç bir ay deyil təmir elətdirdim, heç qoyduğum pulu götürməmişəm, indi pul da getdi, mal da əlimizdə qalacaq. Bura 8500 manatlıq mal vurmuşam. Nə qədər çox satış eləsə, həmin malın 3 min manatını sata bilərəm qalanı da olacaq cərimə. Heç ildə 5500 qazana bilmirik. Hər ay 800 manat yer pulu ödəyirdik. Metroda yer pulu 800-1200 manatdan başlayır, 1500 ödəyən də var. Nə edəcək, bu qədər camaat?”.

Qeyd edək ki, bəzi satıcılar artıq mallarını toplayırdılar. Satıcılarla söhbət edərkən, mağazaların tikintisinə xərclədikləri pulu geri veriləcəyi ilə bağlı məlumat yayıldı.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, tanınmış hüquqşünas Sahib Məmmədov Publika.Az-a açıqlamasında bildirdi ki, əvvəlki rəhbərliyin səhvlərini hazırkı rəhbərlik düzəltməyə çalışır. Ola bilər ki, bir müddətdən sonra yeni rəhbərlik öz obyektlərini yaratsın:

“Metropoliten ərazisində heç kimin mülkiyyəti ola bilməz, sadəcə hər hansı ödəniş hesabına icarəyə götürülməsi mümkündür. Ola bilər ki, kimisə aldadıb, mülkiyyətinin olduğunu deyiblər. Buna görə də yüzlərlə ailə çörəksiz qalacaq. İstənilən halda, ən azı bir ay əvvəl xəbərdarlıq edilməli, əllərində olan malı satıb, yeni yer tapana qədər onlara vaxt verilməlidir. Bu müddət ərzində onlardan heç bir icarə pulu almamalıdırlar. Alternativ yerin göstərilməsinə gəldikdə isə, bu barədə Metropoliten yox, hökümət qərar verməlidir”.

S.Məmmədov onu da bildirdi ki, obyektlərin tamamilə bağlanacağı inandırıcı deyil. Çünki həmin ərazilərin icarə pulundan xeyli vəsait toplanırdı. Vəsaitlərin əsas hissəsi isə xüsusi ciblərə gedirdi:

“İcarə haqqının kvadrat metrə görə, 800-1500 manat arası dəyişməsini nəzərə alsaq, Metropolitenin hesabına ən azı 40-50 min manat daxil olmalı idi. Amma rəsmi rəqəmlərdə bu məlumatlar yoxdur. İstənilən halda isə əsas ziyanı sahibkarlar çəkəcək. Dünyanın bir çox ölkələrində metrolarda belə satış obyektləri var. Düzdür, forma fərqlidir, amma satış obyektləri var”.

Məsələ ilə əlaqədar metropolitenin mətbuat xidmətindən sadəcə açıqlama veriləcəyi deyildi, əlavə heç bir informasiya verilmədi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm